!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələrdə saxta xəbərlərə qarşı necə mübarizə aparaq? - Hacıbəy Heydərli yazır

!Reklam – Yazi

Sosial şəbəkələrin ən təhlükəli tərəflərindən biri də burada insanların mənəvi terrora məruz qalmasıdır, demədiyi sözlərin adlarından paylaşılmasıdır.

Xüsusən son zamanların belə hadisələrin daha çox şahidi oluruq, daha çox deputatlar, məmurlar, jurnalistlər belə hücumlara məruz qalır. Belə ki, “Facebook”da nüfuzlu adamların adından ortaya saxta bir açıqlama buraxılır və insanlar bu məlumatın doğru olub-olmadığını bilmədən o şəxsi şərhlərdə təhqir etməyə, söyməyə başlayır.

Bu həm də dünyada informasiya müharibəsinin ən qəddar üsullarından biri kimi səciyyələndirilir. Bu üsulla cəmiyyətin dəyərləri, dili, dini, görkəmli şəxsiyyətləri gözdən salınır, insanların beyninə şüuraltı şəkildə “hər kəs saxtakardır, hər şey yalandır, heç bir dəyər yoxdur” fikirləri təlqin edilir.

Və bu informasiya terrorun ən pis tərəfi odur ki, insan özünü müdafiə etməyə çalışanda da heç kim ona inanmır, “fake news”un “feyk” olduğunu heç kimə sübut edə bilmirsən. Dünyada aparılan araşdırmalar onu göstərir ki, ilk yayılan saxta xəbərə inananların sayı 80 faizdir, cəmi 20 faiz insan sonradan nəyisə araşdırır və ya həqiqəti axtarır.

İnsanların adından demədiyi sözü yazaraq, paylaşmaq elə bir təhlükəli üsuldur ki, bundan heç kim siğortalanmayıb və hər birimizin başına gələ bilər.

Burada mütləq onu demək lazımdır ki, bu tipli məlumatları hazırlayan və yayan insanlar özləri üçün cəzasızlıq mühitinin olmasından əmindirlər. Yəni, həmin saxta məlumata görə cəzasız qalacaqlarını bilirlər.

Buna görə də həmin şəxslərə jurnalistikanın etik davranışlarından və hüquqdan danışmaq yersizdir.

Çünki onlar bunu şüurlu şəkildə edirlər və insanların zəif nöqtəsini bildikləri üçün belə dezinformasiyalar paylaşaraq sevmədikləri şəxsləri terrora məruz qoyub, “öldürürlər”.

Bəs çıxış yolu nədir?

“Fake news” və dezinformasiyalar qlobal dünyanın da problemi olduğu üçün çıxış yolu kimi bir çox ölkə “xəbər doğrulama” sistemləri yaradıb. Türkiyədə “teyit.org” saytı, ABŞ-da isə “snopes.com” bu işlərlə məşğuldur.

İstənilən istifadəçi sosial şəbəkədə görüb, şübhələndiyi məlumatı o saytlara göndərir və saxta olub-olmamağını araşdırılmasını istəyir.

Həmin saytlarda çalışan peşəkarlar isə məlumatı araşdırır, əgər xəbər saxtadırsa, bunu birbaşa “facebook” administrasiyasına bildirir və həmin səhifələrə xəbərdarlıq gəlir, yanlışlıq aradan qalxana qədər də həmin xəbərdarlıq səhifənin admin panelində qalır. Əgər “fake news” silinmirsə, səhifə daha az insana göstərilir, növbəti dəfələrdə isə tamamilə silinir.

Səhifənin silinmə təhlükəsini görən admin də növbəti dəfə “fake news”dan qaçır və özünü yığışdırmağa başlayır.

Çoxlarımızın məlumatı yoxdur ki, hazırda ölkəmizdə az.teyit.org saytı da bu işlərlə məşğuldur.

Ancaq müşahidələrim onu göstərir ki, hazırda orada daha çox beynəlxalq xəbərlərin doğruluğu müzakirələrə çıxarılır və saxta olanda səhifələrə bildiriş gəlir. Bəlkə də çoxumuz bundan məlumatsızıq deyə sosial şəbəkələrdə bu qədər söyüşçül adamlar “at oynadır”.

Mənə görə daha bir çıxış yolu isə cəmiyyəti maarifləndirmədən və ictimai qınaqdan keçir.

Mətbuatımız çalışmalıdır ki, cəmiyyətimizin o insanların təsirinə düşməsinin qarşısını alsın, həmin səhifə və kanalları açıq şəkildə ifşa etsin, ictimai qınağa məruz qoysun, yalnız bu halda sosial mediada dezinformasiyaların qarşısını ala bilərik.

Əminliklə deyə bilərəm ki, əl-ələ verib çalışsaq, bir birimizə dəstək olsaq, sosial şəbəkələrdəki belə neqativ halların qarşısını rahatlıqla ala bilərik. Bundan isə qazanan cəmiyyətimiz və mediamız olacaq. Cəmiyyət saxta xəbərlərdən, yalan başlıqlardan, dezinformasiyadan, mətbuatımız isə qeyri-peşəkarlardan…

Hacıbəy Heydərli,
Mətbuat Şurası İdarə Heyətinin üzvü

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv