Sosial şəbəkələrdən istifadə edənlərin nəzərinə! Hesabınız oğurlana bilər – VİDEO

Texnalogiya hər ötən gün inkişaf etdikcə insanlar məsafədən asılı olmayaraq rahat ünsiyyət qurur. Lakin bu komfort özü ilə bir sıra təhlükələrə də yol açır. Bunlardan biri də şəxsi məlumatların və yazışmaların hakerlər tərəfindən ələ keçirilməsidir.

Özünü peşəkar adlandıran bu şəxslər ölkə ərazisində də çoxdur və bunu açıq şəkildə elan etməkdən də çəkinmir. Bu şəxslər hətta vətəndaşların mesaj bölümlərinə yazaraq sosial şəbəkə profilinin oğurlanması ilə bağlı təkliflər edir.

İT mütəxəssislər bildirir ki, aktiv internet istifadəçiləri daha diqqətli olmalı, profilllərini uzun şifrlərlə mühafizə etməlidir.

İT mütəxəssisi Cahid Əliyev: “Mümkün qədər 2 gedişli paroldan istifadə etsinlər. Yəni parol yazıldığı zaman telefonunuza kod gəlir. Həmin kodla hesabınıza giriş var”.

Belə fırıldaqla üzləşən şəxslər hüquq mühafizə orqanlarına şikayət edə bilər. Profilin oğurlanması, şəxsi məlumatların əldə edilməsinə görə cəzaya gəlincə:

Hüquqşunas Müşviq Mahmudov: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155-ci maddəsində yazışma, teleqraf sirrinin pozulmasına görə, məsuliyyət nəzərdə tutulur. Cərimə və 1 ilədək islah işləri cəzası gözləyir”.

Əksər insanlar bir gizli şifrəni bir neçə profildə və elektron poçtunda istifadə edir.

Belə olduqda internet fırıldaqçılarının işi rahatlaşmış olur. Mütəxəssislər tövsiyyə edir ki, hər elektron poçt və sosial şəbəkə profili üçün ayrı-ayrı şifrələr istifadə edilsin.