“Təəssüfedici haldır ki, bir çox hallarda özünü “peşəkar media” adlandıranlar belə, yaranan fürsətdən istifadə etməyə çalışır. Situasiya ilə bağlı çox sayda misallar söyləmək olar”.
Yenicag.az xəbər verir ki, bunu Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən təşkil olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı tədbirdə çıxış edən tanınmış jurnalist Ramil Mirzəyev deyib.
Onun sözlərinə görə, günümüzdə sosial şəbəkələr dünya əhalisinin yüksək kəsiminin istifadə etdiyi internet platformalarına çevrilib.
“Bu səbəbdən dezinformasiyanın sürətli şəkildə yayılması üçün əlverişli məkan məhz elə sosial şəbəkələrdir. Məqsəd yüksək baxış və reytinq əldə etməkdən başqa bir şey deyil. Təəssüfedici haldır ki, bir çox hallarda özünü “peşəkar media” adlandıranlar belə yaranan fürsətdən istifadə etməyə çalışır. Situasiya ilə bağlı çox sayda misallar söyləmək olar. Tutaq ki, hansısa şəxs öz sosial şəbəkə hesabında “şəhidlərimiz var”, “atışma başladı” kimi rəsmi olmayan və təsdiqini tapmayan yazı dərc edir”, – deyə o qeyd edib.
R.Mirzəyev əlavə edib ki, nəticədə əhalidə təşviş və qorxu yaranır.
““Peşəkar media” dediklərimiz də həmin yazıları, yaxud videoları götürərək “cəbhədə nə baş verir?” sualı altında yayımlayaraq, reytinq götürür. Belə etmək olmaz, mənbə araşdırmadan İP uğrunda xəbər istehsal etmək elə ilk növbədə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına ziddir”, – deyə o, bildirib.
Nəsimi Ələsgərli