Sosial Tədqiqatlar Mərkəzi növbəti ümumölkə sorğusunun nəticələrini təqdim etdi

Təqdimat tədbirində STM-in əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Üçüncü bahar” İctimai birliyinin nümayəndələri iştirak ediblər.

Ölkədə ciddi karantin rejiminin şərtlərini nəzərə alaraq, “Azərbaycanda yaşlılar: qayğı və rifah” analitik hesabatının təqdimat konfransı Zoom-onlayn platformu vasitəsilə təşkil olunmuşdur. Tədbiri açıq elan edən STM-in İdarə heyətinin sədr müavini, millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu qonaqları salamlayaraq Azərbaycanda həyata keçirilən sosial tədqiqatların müasir dövrdə daşıdığı mühüm rolu xüsusilə vurğulayıb.

Daha sonra STM-in Sosial-iqtisadi təhlil departamentinin baş məsləhətçisi və hesabat müəllifi Humay Axundzadə layihəni təqdim etdi, əldə edilmiş tədqiqat nəticələri haqqında ətraflı danışdı.

Müəllif qeyd etdi ki, sorğunun əsas məqsədi müasir qayğı konsepsiyalarını nəzərə alaraq, Azərbaycanda yaşlıların rifahının müxtəlif aspektlərinin öyrənilməsidir. Sorğu ölkənin doqquz iqtisadi-coğrafi ərazisini, 18 yaşda yuxarı 1212 respondenti əhatə edib.

Tədqiqatda yaşlıların vəziyyətini yaxın və uzaq perspektivdə şərtləndirən övladlıq borcu ilə bağlı sosial normalar, ailənin və dövlətin yaşlılara qayğı sahəsində məsuliyyət balansına dair ictimai gözləntilər, yaşlılıq dövründə arzu olunan qayğı və yaşayış formaları, yaşlılara dair siyasət, ictimai şüurda yaşlılara aid stereotip və təsəvvürlər, yaşlılara münasibətdə ayrı-seçkilik halları, pensiya yığımları və yaşlılar üçün infrastruktur haqqında ictimai rəy məsələləri öz əksini tapıb.

Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov çıxış edib. O, ölkədə yaşlı vətəndaşlara qayğı sahəsində aparılan işlərdən, son illərdə sosial-iqtisadi islahatlar çərçivəsində həyata keçirilən dövlət tədbirlərindən, habelə hazırki pandemiya şəraitində risk qrupuna daxil olan yaşlı vətəndaşlarımıza qayğı üçün sosial təminat siyasəti çərçivəsində görülmüş tədbirlərdən danışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin konfrans iştirakçılarına salamlarını çatdıraraq, hesabata təmsil etdikləri qurum adından yüksək dəyər verib, onun gələcək dövlət proqramlarının tərtibində mühüm mənbə olduğunu vurğuladı.

“Üçüncü bahar” ictimai birliyinin sədri Nərmin Qəniyeva birliyin yaranma tarixi, gördüyü işlər, yenilikçi fəaliyyətindəki uğurlardan söz açdı. Həyata keçirilmiş tədbirlərin yaşlı insanların həyat keyfiyyətinə müsbət təsiri, onların təqaüd dövründə ömrünün daha maraqlı və rəngarəng keçməsi üçün olduğu söylədi. Qeyd etdi ki, qayəsi Azərbaycan yaşlısını fəal və güclü görmək istəyən İctimai birliyin sədri olaraq, təqdim olunan hesabatda fəal yaşlanma strategiyası ilə həmahəng məqamlar vardır.

Sonra Sosial Tədqiqatlar Mərkəzinin Sosial-iqtisadi təhlil departamentinin rəhbəri Seymur Əliyev tədqiqat çərçivəsində sözügedən istiqamətdə ictimai rəyin öyrənilməsinin əhəmiyyəti və onun dövlətin müvafiq siyasət sənədlərində nəzərə alınmasının zəruriliyindən, yaşlılara yönəlik sosial siyasət konseptləri üzrə beynəlxalq təcrübədən və cari dövrdə yaşlıların qarşılaşdıqları əsas problemlərlə bağlı dəstək alətlərinin müxtəlif kombinasiyaları ilə bağlı öz fikirlərini bölüşdü. Eyni zamanda Mərkəzin sosial-iqtisadi bolku təmsil edən dövlət institutları ilə həyata keçirilə biləcək potensial əməkdaşlıq istiqamətlərini diqqət mərkəzinə çatdırdı.

Sonda millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu tədbir iştirakçılarına təşəkkürünü bildirdi, pandemiya şəraitində daha da aktuallaşan yaşlılara qayğı məsələlərinin tədqiqi, bu istiqamətdə dövlət və qeyri-hökümət qurumlarının, həmçinin sıravi vətəndaşların əməkdaşlığı, birgə fəaliyyətinin önəmini qeyd etdi.