Sosializm (kommunizm) bərabərlikdir? – Kapitalizmlə müqayisə – Subyektiv

Bəli, bərabərlikdir. Əvvəlcə kütləni iki yerə bölür, özü üçün irəli sürülmüş ədalət “yalanı”nı ifşa edir.

Hakim və fəhlə-qul zümrələri formalaşır. Hakim zümrə totalitar haqq sahibi olur. Din istəmir, ancaq kütləni onlara sitayiş etməyə məcbur edir, etməyəni terror qurbanı edir. Dünyada ən pis din olan – şəxsiyyətə pərəstiş dini yaradır. Çin, Şimali Koreya, Lenin, Stalin, ümumilikdə Sovet İttifaqı bunun bariz nümunələridir. Millətlərarası nifaq salaraq kütləni öz arasında radikal milliyyətçilik ocağına çəkir, beləcə də hakim zümrənin mütləq güc olmasını təmin edir. Bəs bərabərlik harda idi?

Bərabərlik fəhlə-qul zümrəsindədir. Həmin “müasir qullar” bərabərdirlər. Hər biri hakim zümrənin mənafeyinə uyğun olaraq “ümumi vətəndaş həmrəyliyi”nə qoşularaq “bir qarın çörəyə” gecə-gündüz “it zülmü” çəkirlər. Yığılan ümumi məhsul, gəlirin “bir qarın yemək” hissəsi məhsulun əsas sahibi qullara acından ölməsin deyə verilir. Əmin olun sevdikləri üçün yaşatmırlar, işləmək üçün yaşadırlar. Ancaq xalqını sevən milli iqtidarlar, hər zaman sevdiyi üçün yaşadıb. Qalanı isə hakim zümrənin cibinə qulluq ediblər.


Bəli, kölələr hər zaman bərabərdir. Çünki kölənin sahib olduğu sadəcə bir şey var: “Bir qarın çörək”.

Sosialıizmi yararsız olan digər sistem – kapitalizmlə müqayisə edək. Ciddiyəm, kapitalizm də yararsız, ədaləti olmayan sistemdir. Ancaq müqayisədə daha yaxşıdır. Kapitalizmlə sosializmin (kommunizmin) bənzər tərəfləri də var – hər ikisində də hakim zümrə var, ədalətsizlik var, azlıq çoxluğu idarə edir. Amma bir fərqli tərəfi də odur ki, kapitalizmdə kölə sosializm (kommunizm) kimi iki sinif (Hakim zümrə, fəhlə-qul zümrəsi) yox, üç sinif (muzdlu fəhlələr, orta sinif və hakim zümrə) var. Digər sistemdə çoxluq qul olduğu halda, kapitalist sistemdə çoxluq orta təbəqə olur. Təbii vətəndaş ağıllıdırsa, bu təbəqədə, hətta bir çox hallarda hakim zümrədə özünə yer tapa bilir, öz biznesini, seçim kampaniyasını qurur, qazanır və orada varlığını qoruyur. Ədalətsizdir, amma sosializmdən (kommunizmdən) min dəfə yaxşıdır. Eyni zamanda, kapitalizmi pisləyib digər sistemi dəstəkləyənlər bərabərlikdən danışarkən, qul olacaqlarını, totalitar rejimlərdə fərd kimi heç bir dəyərlərinin olmayacağının fərqində deyillər. Çünki, mövcud rejim onlara mərkəz üçün çalışan quldan başqa səlahiyyət verməyəcək. Ancaq kapitalizmdə hər bir insan fərddir, vətəndaşdır, ağlını istifadə edə bilərsə, ki bu çox zaman mümkün olub, muzdlu işçi sinfindən muzdla qazanıb, yığdığı pulu düzgün istiqamətlərə yönəldərək, məhz hakim zümrə səviyyəsinə çıxa bilər. Yəni, kapitalist sistem rəqabət yaradır, fərdə fürsət verir. Sosialist-kommunist sistem isə, fərdə nəinki fərdilik vermir, heç dinini, adət və ənənəsini istədiyi kimi yaşatmır, total qaydalar qoyur və qaydaları pozanların mütləq cəzası var: Ailəsi dağıdılır, arvadı başqalarına arvad edilir, qızı günlük əyləncə obyektidir, oğlu və özü isə, sistemin (onlar buna dövlət deyir) düşməni olaraq repressiya qurbanı olur. Kapitalist sistemlərdə isə, nə ölüm cəzası var, nə də fərdin günahına görə ailəsini məhv etmək! Yalandır deyirlərsə, Rəsulzadənin, Əhməd Cavadın, Hüseyn Cavidin və digərlərinin ailəsinin başına açılmış oyunları söyləyin.

Digər tərəfdən, kapitalist sistem liberal dəyərlər gətirir. Sosialist-kommunist sistem güc və terrorlar ilə qazanc əldə edərkən, alternativində kapitalist sistemdə fərdlər “beyin mübarizəsində” güclənir. Hodri meydan! Ağıllı olan qazansın, terrorist olan yox…

Eyni zamanda liberal cəmiyyətlərdə azad seçki də var. Sən dövləti idarə edəcək şəxsi seçirsən. Sən fərdsən, o fərd ki, sürüdə yox, cəmiyyətdə yaşayır, öz seçimləri öz həyat tərzi, öz milliyyətinə, dininə mənsubluğu olan, onu qorumağı bacaran, seçən, istəsən və bacarsan seçilən azad bir insansan! Dövləti belə satsan, sən cəza alacaqsan, amma öldürməyəcəklər. Yaşayacaqsan. Sənin alçaqlığın, şərəfsizliyin üçün ailən zərər görməyəcək, arvadın başqasına, qızın hamıya, oğlun ölümə tərk edilməyəcək. Sən ömürlük həbsdə, onlar isə azadlıqda öz fərdi hüquqlarından dolayı rahat yaşayacaqlar. Amma digər sistemdə bunların heç biri yoxdur. Nə seçəcəksən, nə sevəcəksən, nə üzüləcək, nə güləcəksən. Orada vahid qul sistemi üzərində qurulan totalitar qaydalar olacaq, sən onu dəstəkləməyə məcbursan. İlk xırda səhfində (məsələn, mən dinsiz deyiləm, şəxsiyyətə deyil, Allaha iman gətirərəm) sən ölüsən, ailən isə, virandır.

Başqa bir məsələ, liberal dəyərləri dəstəkləyən kapitalist sistemdə terrorist Hitleri belə oxuya, fikirlərini dəstəkləyə bilərsən. Hər qaynağa, hər kitaba, hər elmə əlin çatır. Çünki sən fərdsən, öz seçmin var, Hitler və onunkimilərin haqqında sadəcə siyasi arenada təbliğat apara bilmirsən. Yəni, azadlıq var, hər mətləbdən oxuya, aydınlana bilirsən. Dünyada fərqli çalarlar var, hər rəngi görürsən. Hətta “yeddi rəngi” bir baxışla, eyni kadrda görmək imkanın var. Düşün, totalitar rejimlərdə dünya nə rəngdədir? Sadəcə qara…

İndi, bütün Azərbaycan və digər dünya ölkələrinin vətəndaşları, papağını qabağına qoyub təkrar düşünməlidir. Kimləri, nələri dəstəkləyirik?

Kapitalizmin ideal sistem olmadığını, onun da ədalətsiz yanları olduğunu başda yazmışdıq. Ancaq, ağda qara ləkələr var deyə, bütövlükdə qara olanı seçmək, sadəcə axmaqlıqdır.

Əziz Mark, bəlkə də sən səmimi idin. Bəlkə də sən həqiqi bərabərlik diləyirdin. Sənin bu möhtəşəm ideyanın əksinə yazdığım üçün ruhundan üzr istəyirəm. Düzdür, sevmirəm, amma ən azından məndən böyük şəxsən. Baxmayaraq ki, şəxsiyyət deyilsən. Ona görə də, üzr istəməyi özümə rəva, borc bildim. Ancaq özün də fərqindəsən, görürsən ki, sənin ideyalarını siyasi terrorizmin silahına çevirdilər, sənin ideyaların rəngarəng dünya qurmaq üçün ortaya atılsa da, qapqara bir dünyanın yaranmasına səbəbiyyət verdi. Necə ki, Eynşteyn atomun parçalana biləcəyi tezisini irəli sürəndə, parlaq dünya üçün sevinib amma, “partlaq” dünya ilə qarşılaşdı.

Həşim Səhrablı