Sosioloq “köhnəlmiş” ənənələri “topa tutdu”: “İndi Azərbaycanda ailə qurmaq çox çətinləşib”

“Valideynlər övladlarının maddi təminatını ödəyib, qarşılığında onu mənəvi təzyiq altında saxlayırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda mövcud ənənələr fonunda ailə qurmağı çətinləşdirən amilləri şərh edən sosioloq Sahib Altay deyib.

Sahib Altayın sözlərinə görə, kişi və ya qadınlığından asılı olmayaraq, ailə quran fərd sosial-psixoloji səbəblərdən bu addıma hazır deyilsə, quracağı ailəni idarə edə bilməyəcəksə, o ailələrdə davamlı münaqişələrin baş verəcəyi şübhəsizdir:

“Lakin bir çox hallarda valideynlərin maddi dəstəyi sayəsində gənc ailələrin məişət problemləri qismən azalır. Lakin bu halda gənc ailə kişi, yaxud da qadının valideynlərindən asılı vəziyyətə düşür.

Öz maddi durumlarını nəzərə almadan, məqsədsiz çoxalmaya xidmət edən ailə modeli tənqid olunmalıdır. Azərbaycan ağsaqqallarının və ağbirçəklərinin dünyaya gələcək uşaqlar haqqında iki məşhur deyimi var: “Uşaq gəlməmişdən öncə Allah onun ruzisini yetirir”, “Əşi, uşaqdır da, öz burnunun suyuyla böyüyür”.

Bu cür fikirlərə uyub, ailə qurmaq və saysız-hesabsız uşaq dünyaya gətirmək cahillikdir. Bu gün Afrikada hər gün onlarla uşaq acından ölür. Bəs onların ruzisi hanı?”

Sahib Altay qeyd edir ki, ailə qurmaq hər bir insanın ən təbii haqqıdır. Lakin evlənən fərdlər o ailəni minimum səviyyədə idarə etmək imkanında olmalıdırlar:

“Hər kəs öz maddi, sosial, psixoloji, düşüncə tərzinə uyğun, qarşılıqlı anlaşa bildiyi bir insanla ailə qurmaq hüququna malikdir. Dünyaya uşaq gətirmək, valideyn olmaq istəyi genlərimizin bizə təlqin etdiyi çoxalmaq, bir orqanizmin öz varlığını bitirdiyi zaman, onun genlərinin başqa bir orqanizmdə yaşamaq istəyindən doğan həyat prinsipidir.

Digər tərəfdən, bunun bioloji və psixoloji yönləri var. İndiki dövrdə Azərbaycanda ailə qurmaq çox çətin məsələdir. Belə ki, müasir azərbaycanlı ailəsinin qurulması və sonrakı idarəçiliyi baxımından, ortaya müəyyən problemlər çıxır”.

Sosioloqun sözlərinə görə, Azərbaycandakı ənənəvi təfəkkür hələ də yeni dövrdə köhnə qaydalarla yaşamağı təlqin edir:

“Mövcud ailə və dövlət gənclərə fərd olmaq hüququ verməyib. Azərbaycanlı gənc maddi planda valideynlərindən asılıdır və bu sosial asılılıq onu haradasa, köləyə çevirir.

Yəni valideynlər övladlarının maddi təminatını ödəməklə, bunun qarşılığında onu mənəvi təzyiq altında saxlayırlar. Erkən nikahların çoxalımasının bir səbəbi də budur. İnsanlarımızın mövcud maddi durumları onların klassik ənənələrimizə riayət etmələrinə mane olur.

Yəni ənənələr müasir dövrlə uzlaşmır, həm də bu gün tələb olunan şərtlər böyük məbləğdə xərclər tələb edir. Cehiz və zinət əşyalarının alınması, çox sayda qonaqların iştirakı ilə toy mərasiminin təşkili kimi məsələlər var. Sanki hər kəs bu şərtlərə əməl etməyə məhkum olunub.

Bir çox hallarda ailə on illik qazancını bir gündə hansısa cehiz və ya qızıl mağazasının kassasına təhvil verir. Nəticədə illərlə davam edən borclar və kirayə evdə yaşamaq reallığı ortaya çıxır. Bütün bunlar ailə münaqişələrinə, sosial problemlərə yol açır”.

Sosioloqun fikrincə, istər ailə həyatının qurulması, istərsə də sosial problemlərin azaldılması kontekstində cəmiyyətə müasir düşüncə tərzinin təlqin edilməsi vacibdir:
“Cəmiyyəti formalaşdıran beş amildən biri siyasətdir. Siyasi sistem dövlətin maddi potensialından asılı olaraq, işsiz və az gəlirli çoxluğun əmək fəaliyyəti ilə təmin olunmasına şərait yaratmalıdır.

Ölkədə sağlam rəqabətə əsaslanan azad iqtisadiyyat formalaşdırılmalı, təhsildə yeniliklərə yol açılmalı, sosial layihələr vasitəsilə müasir dünya düşüncəsi təbliğ edilməlidir. İlk növbədə, bu ölkənin gənclərinə müstəqil fərd olmaq şansı verilməlidir. Bu yanaşmanın əksi ehtiyac içində olan ailələr, ac uşaqlar, məişət zorakılığı, işsiz çoxluq və qul bazarı kimi acı reallığı doğurur”

Gülşən Şərif