Sosioloqdan bədbin PROQNOZ: “Bu ilin dekabr və gələn ilin yanvar ayları daha böhranlı keçəcək” – VİDEO

“Karantin rejiminin sərtləşdirilməsi yoluxma hallarının qarşısını almaqda gözlənilən nəticəni vermir”.

Bu sözləri koronavirusa yoluxma statistikasının yenidən artması fonunda sosial-iqtisadi müstəvidə gözlənilən mümkün təhlükələri dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.

Əhməd Qəşəmoğlunun sözlərinə görə, virusa yoluxma hallarının artmasının başlıca səbəbi əhalinin düzgün maarifləndirilməməsidir:

“Karantin rejiminin uzanması fonunda sosial-iqtisadi sahələrin əksəriyyətində artıq normal fəaliyyət müşahidə olunmur. Bu isə vətəndaşların sosial rifahına ciddi şəkildə mənfi təsir göstərməkdədir. Yoluxma sayının artmasına təsir edən əsas səbəblər məlumatsızlıq və insanların virusa etinasız yanaşmasıdır.

Son günlər yoluxma hallarının artmasına yas mərasimlərinin keçirilməsi də təsir edir. Kənd yerlərində yas mərasimlərində iştirak etməyənlərdən inciyirdilər. Nəticədə virusa yolxuma sayı daha da artdı və karantin rejimi yenidən sərtləşdirildi.

Əksər insanlar isə virusa yoluxduqlarını gizlədirlər. Bakıda yaşayan bir nəfər virusa yoluxduğunu gizlədərək, kənd yerinə qonaq gedib. Nəticədə bir neçə nəfərin virusa yoluxmasına səbəb olub. Virusa yoluxan o gənclərdən biri vəfat etdi.

Eyni zamanda, virusa yoluxan məktəb direktoru və həyat yoldaşının üç gün məktəbə gəlməsi ilə bağlı fakt da var. Rayon mərkəzindən gələn nümayəndə həmin şəxslərə irad bildirdikdə, onlar evdə darıxdıqlarını deyiblər. Bu cür halların qarşısını almaq üçün bütün rayonların icra hakimiyyətlərinə tapşırıq verilməlidir ki, onlar virusla mübarizədə daha məsuliyyətli davransınlar”.

Sosioloq hesab edir ki, mövcud tendensiyanın qarşısını sırf inzibati cərimələrlə almaq real görünmür:

“Koronavirusla mübarizədə sırf cərimə metodu uğurlu addım deyil. Ardıcıl maarifləndirmə işləri həyata keçirilmədikcə, heç bir effektiv nəticə əldə olunmayacaq.

Karantin rejiminin sərtləşdirilməsi yoluxma hallarının qarşısını almaqda gözlənilən nəticəni vermir. Ona görə də burada əsas iş vətəndaşlara virusla bağlı ətraflı məlumat vermək və onların məsuliyyətli davranmalarına şərait yaradacaq addımlar atmaqdır.

Ümumiyyətlə, qarşıdakı 2-3 ay ərzində virusa yoluxma hallarının artacağı gözlənilir. Bu baxımdan, icra strukturları daha ciddi tədbirlər həyata keçirməlidirlər”.

Gülşən Şərif