Sovet ordusunda film kimi qaçış – Azərbaycanlıların 20 yanvar etirazı

Tarixdə bəzən elə hadisələr olur ki, bu barədə bir çoxları susmağa üstünlük verir. Bəzən ümidsizlikdən, bəzənsə “bütün bunlar kimin nəyinə lazımdır” düşüncəsilə hətta yaxın tariximizdə belə baş verən önəmli məqamlar sirr kimi qalır.

Bu cür hadisələrdən biri də 1990-cı il 21 yanvar günü sovet ordusundan kütləvi şəkildə azərbaycanlı əsgərlərin qaçmasıdır. Qaçanlar 20 yanvar facisi zamanı xalqının yanında olmaq üçün can atır. Ancaq onların başlarına gələnlər, faciədən betər olur.

Sovet Ordusunun Azərbaycanda törətdiyi qırğınlar, buna etiraz edən əsgərlər, onların hazırladıqları qaçış planı, təşkilatçıya verilən işgəncə və qaçışda iştirak edənlərin taleyi…

Yenicag.az bu günə qədər sirr kimi qalmış qaçışı təqdim edir:

Məmmədov Umudvar Məiş oğlu 1971-ci il mart ayının 22-də Tərtər rayonunun Bayandur kəndində anadan olub. 1989-cu ilin iyun ayında Sovet Ordusunda hərbi xidmətə yollanıb və 1991-ci ilin iyun ayına qədər burada xidmət edib. Xocalı faciəsindən sonra milli orduya yazılıb, Gəncə batalyonunda döyüşüb.

20 yanvar hadisəsi və qaçışa hazırlıq

Umudvar Məmmədov haqqında qısa arayış verməyimizin səbəbi onun mükəmməl təşkil edilmiş qaçışın əsas təşkilatçılarından biri olmasıdır.

1990-cı il 20 yanvar. Dimitrov rayonunun Trudovoy qəsəbəsində yerləşən 44 101 saylı hərbi hissədə 90-dan çox azərbaycanlı əsgər xidmət edib. O əsgərlərdən biri də Məmmədov Umudvar Məiş oğlu olub. 1990-cı il 20 yanvar faciəsi zamanı o, 6 ayın əsgəri olub. 20 yanvar günü baş verən hadisədən təbii ki, əsgərlər də xəbər turur. Bu zaman hərbi hissədə xidmət edən azərbaycanlı əsgərlər bir yerə yığılır. Müzakirələr zamanı qaçışın təşkilatçıları Bakıda və Azərbaycanın bir neçə yerində qırğınlar törədən ordunun onların xidmət etdiyi ordu olduğunu deyirlər. Hadisələri qabaqlayaraq bildirim ki, qaçışın təşkilatçısı kimi Umudvar Məmmədov Sovet KQB-si tərəfindən saxlanılıb və işgəncəyə məruz qalıb.

Hərbi hissədə gizlin şəkildə bir yerə yığılan azərbaycanlı əsgərlər ya Azərbaycanda qırğın törədən ordudan qaçmaq, ya da xidmətdən imtina etmək qərarına gəlirlər. Ailəsindən, əzizlərindən, ölkəsindən uzaqda hərbi xidmət keçən 90 nəfərə yaxın əsgər son anda qaçmağa üstünlük verir.

Qaçışın planlanması

Qaçışa qərar verən azərbaycanlı əsgərlər özlərinə rəhbər kimi Umudvar Məmmədovu seçirlər. Bundan sonra hərbi hissədə çavuş kimi xidmət edən azərbaycanlı əsgərlər bir yerə yığılır və plan cızılır: gecə “yat komandası”ndan sonra azərbaycanlı əsgərlərin cəmləşməsi, bölük və gün növbətçilərinin zərərsizləşdirilməsi, bölüyün ambarına girib mərasim formalarının geyinilməsi, döşəkağıların bir-birinə bağlanaraq pəncərələrdən aşağı endirilməsi və əsgərlərin yuxarıdan aşağı enməsi.

“Yat komandası”ndan sonra bütün bölüyün yatmasına əmin olanacan gözləyən qaçış iştirakçıları öncə bölüyün bölük və gün növbətçilərindən yayınırlar. Daha sonra bir nəfər bölüyün ambarına daxil olur. Orada əlinə keçən mərasim formalarını saya uyğun olaraq götürür və çıxır. Bu zaman isə digər qaçış iştirakçıları döşəkağılarını bir-birilərinə bağlayaraq pəncərələrdən aşağı endirir. Tabor 4 mərtəbədən ibarət olduğu üçün əsgərlər müxtəlif mərtəbələrdən aşağı enirlər. Mərasim formasının seçilməsinə səbəb isə əsgərlərin bir yerdən başqa yerə gedərkən nizami, mərasim formasında olarkən diqqət çəkməməsi olur. Mərasim formasının seçilməsi 3 tağımın qaçışçı kimi yox, bir yerdən başqa yerə getmək kimi görünməsi üçün edilir. Qaçışçılar binadan səssizcə aşağı endikcə əvvəlcədən təyin edilmiş yerə gedirlər.

Qaçış

Planlamaya görə, qaçan əsgərlər qazanxanada cəmləşirlər. Qazanxanada cəmləşən əsgərlər nəzarət buraxılış məntəqəsindən çıxmağın mümkün olmadığını gördükdə qazanxananın yanından divarı aşaraq hərbi hissənin ərazisini tərk edirlər. Öncədən tapşırıq verilir ki, əsgərlərdən hər hansı biri ələ keçirilərsə, qaçış yarımçıq qalmamalıdır.

Əsgərlər hərbi hissədən bir qədər öndə cəmləşərək 3 tağıma ayrılır və sıra yerişləri ilə hərəkət edirlər. Bundan öncə isə qaçışın təşkilatçılarından olan Umudvar Məmmədov mərasim formasını idman forması ilə dəyişir və 3 tağımdan öndə gedərək hərbi polisin və digər hərbçilərin olub-olmamasını yoxlayır.

Umudvar Məmmədov 3 tağımın maneəsiz aparılması üçün öndə gedir və hərbi hissədən elektriçkaya qədər olan 1.5 km məsafəni sakit və təhlükəsiz şəkildə gətirə bilir. Tağımların nizam-intizamla getməsi üçün əmrlər verən isə Yevlax rayonundan Rasim Atakişiyev və Bərdə rayonundan Rizvan Əliyev olub. Əsgərlər elektriçkaya çatır və qatara minirlər. Umudvar Məmmədovun işi bununla da yekunlaşmır. O qatarın içində də hərəkət edərək hərbi polisin olub-olmamasını yoxlayır. Onun qatarın içərisindəki hərəkəti 2 nəfərin nəzərini cəlb edir.

Qatarda iki nəfər Umudvar Məmmədovun qoluna girərək, sənəd tələb edir. Sənədin olmadığını görən həmin şəxslər qaçış təşkilatçılarından olan Umudvarı həbs edir. Sonradan məlum olur ki, bu şəxslər Sovet KQB-sinin polkovnik-leytenantları olub. Umudvar Məmmədovu aparan zaman Tərtər rayon Əskipara kəndindən olan Əliyev Xaliq Qüdrət oğlu “bəyi tərifləməyə apardılar” deyir, qatardakı bütün əsgərlər Umudvarın həbs edildiyini anlayırlar. KQB zabitləri Savyolskıy vağzalda Umudvar Məmmədovu komendaturaya təhvil verirlər. Komendaturaya təhvil verilən əsgər xidmət etdiyi hərbi hissə bəlli olana qədər Alyoşskıy kazarmada saxlanılır. Alyoşskıy kazarmadan dustaqları aparan maşın komendaturaya gələrək Umudvarı aparır.

Saat 5:45 çavuşlara “qalx komandası”. Saat 6:00 briqadada hər zaman olduğu kimi hərbi hissəyə “qalx komandası” verilir. Bir neçə dəqiqə sonra məlum olur ki, hərbi hissədə 90-a yaxın əsgər yoxdur. Hərbi hissəyə həyacan verilir və bütün patrullar vağzallara, dayanacaqlara göndərilir. Qaçan digər əsgərlərin taleyi haqqında aşağıda oxuya bilərsiniz…

İşgəncə

Umudvar Məmmədov Alyoşskıy kazarmada 10 gün saxlanılır və işgəncələrə məruz qalır. Briqadada həyacan verildikdən sonra qaçışın təşkilatçısının kim olması barədə suallar verilir. Onun qalacağı otaq dizə qədər xlorlu su ilə doldurulur. Nəzarətçilər otağa gələrək ona xlorlu suyun içərisində jim komandası verir. Əmrin könüllü şəkildə yerinə yütirilməməsi işgəncə ilə nəticələnəcəyi üçün Umudvar əmri yerinə yetirməyə məcbur olur. Sorğu-sualların ardı-arası kəsilmir: kim təşkil edib, kimlərlə görüşmüsünüz, qaçışın arxasında kim və ya hansı güclər var? Alyoşskıy kazarmada 1 həftəlik işgəncədən sonra KQB-nin sorğu-sualı başlayır. Bir general, 2 polkovnik, 1 polkovnik-leytenant Umudvar Məmmədovu rəsmi olaraq sorğuya çəkir.

– Sual: Sovet ordusunda xidmətə başlayan zaman and içmisənmi?

– Cavab: Bəli.

– Sual: Əmri niyə pozdun?

– Cavab: Mənim sizə bir sualım var. Siz deyə bilərsiniz, mənim xalqımı qıran hansı ordunun əsgərləridir?

Otağa səssizlik çökür. Umudvar Məmmədov özü cavab verir: mənim xalqımı qıran xidmət etdiyim sovet ordusudur. Mən öldürməmişəm, mənim əsgər yoldaşım mənim xalqımın nümayəndəsini qətlə yetirib. Belə bir orduda xidmət etmək istəmirəm.

Daha sonra Umudvar generala sual verir: Siz başqa bir yerə xidmətə göndərildiyiniz zaman sizin ailənizin olduğu yerdə xidmət etdiyiniz ordu qırğın törədir və siz bilmirsiniz ki, ailəniz ölüb, yoxsa qalıb. Siz nə edərdiniz?

Yenə otağa sükut çökür.

Sorğuda iştirak edən polkovnik-leytenant erməni olur. Həmin erməni zabit bunları deyir: “Çox deyirsən, bizim xalqı qırıblar. Siz hələ qırılmamısınız, sizin qırılmağınız sonra olacaq”.

3 gün də işgəncə gördükdən sonra, 44 101 saylı hərbi hissədən bir zabit və bir neçə çavuş Umudvar Məmmədovu xidmət etdiyi hərbi hissəyə aparmaq üçün gəlir. Umudvar Məmmədovun sağ və qısa müddətdə buraxılmasının səbəbi isə digər qaçışçılar olur.

Belə ki, hərbi polis tərəfindən yaxalanan əsgərlər hərbi hissəyə gəldikdən sonra bildirir ki, ya Məmmədov geri qaytarılacaq, ya da onlar xidmət etməyəcək, yenidən qaçacaqlar. 90 nəfərə yaxın əsgər sovet ordusunda qalmaq üçün şərtlərini açıqlayır: Məmmədov Alyoşskıy kazarmadan buraya gələcək, nizam-intizam batalyonuna göndərilməyəcək.

90 nəfərə yaxın əsgərin eyni sözü deməsi vəziyyəti kökündən dəyişir və Umudvar Məmmədov hərbi hissəyə gətirilir. O, hərbçilərin müvəqqəti saxlanma məntəqəsinə (qauptvaxt) belə göndərilmir.

Təxminən 1 ay sonra Umudvar Məmmədov Naqinskidə 31 538 saylı hərbi hissəyə göndərilir. Orada Şəmkir Çaparlı kəndində doğulmuş Elzabit Məmmədov İbrahim oğlu ilə tanış olur. (red. yazıda əksini tapan hadisələrlə bağlı Elzabit Məmmədovla da danışılıb və deyilənlər hamısı üst-üstə düşüb)1990-cı ildə artıq Sovet Ordusunda laxlama başlayır. Umudvar Məmmədov yeni hərbi hissədə də sakit dayanmır. Bir müddət sonra hərbi hissəyə gələn azərbaycanlı əsgərlərlə söhbətlər aparır və yeni qaçışlar təşkil edir.

Yeni qaçışların təşkili

Umudvar Məmmədov 60-dan çox yeni gələn gənc əsgərləri bir-bir, üç-üç əsgərlikdən qaçırır. Onları qatarla ölkəyə yola salır. Onlar arasında aparılan söhbətlər isə belə olur: “Bu ordu bizi qırır, Qarabağda müharibə başlayır, burada xidmət etməkdənsə, öz ölkəmizdə vətənə xidmət etmək daha yaxşı olar”. Özünün hərbi hissədə qalmasının səbəbi isə gələnləri qaçırtmaq olur. Hər həftə hərbi hissədə həyacan verilir ki, 1 və ya iki əsgər qaçıb. Tabor komandiri Krasnov Umudvar Məmmədova bildirir ki, baş verənlərin hamısından xəbərdardırlar: “Əsgərlərin qaçması adi hal deyil, bunun bir təşkilatçısı var. Köhnə hərbi hissəndən gələn dosyendə qaçış təşkil etdiyin də yazılıb. Əslində qaçan əsgərlərlə bağlı cinayət işi açılmalıdır, sadəcə bu qədər əsgərə cinayət işi açmaq olmaz. Ona görə də, qaçan əsgərlərin sənədlərini yerlərinə aparmaq üçün səni və Fantik ləqəbli zabiti Azərbaycana göndəririk”.

Azərbaycana qaçan əsgərlər fərari kimi yox, bir hərbi hissədən digərinə göndərilmə kimi qeydiyyata alınacaqdı.

Tabor komandiri Krasnovun Umudvar Məmmədovla dialoqu:

– Azərbaycana gedirsən, qayıdacaqsanmı?
– Qayıdıb gələcəm
– (gülə-gülə) Azərbaycandan heç kim qalmayıb onsuzda. Yazılı şəkildə bildir ki, qayıdıb gələcəksən
– Qafqazda kişi sözü var. Söz verirəm ki, qayıdacam.

Hərbi hissədən bir zabitlə Umudvar Məmmədov Azərbaycana qaçmış əsgərlərin evlərinə gəlir, onların ailələri ilə söbət edir və əsgərləri Azərbaycandakı hərbi hissələrə getmələri üçün razı salır. Bəzi ailələr isə buna qarşı çıxır, hətta övladlarını orduya göndərməyəcəklərini bildirirlər. Uzun söhbətlərdən sonra əsgərlər Azərbaycandakı hərbi hissələrdə qeydiyyata alınırlar.

Umudvar Məmmədov Azərbaycanda olan zaman keçmiş əsgərlik yoldaşı Elzabit Məmmədovun yaşadığı evə də gəlir.

Qaçanların hamısını Azərbaycandakı hərbi hissələrə yerləşdirdikdən sonra Salyanskıy Kazarmada mayor Strelnikov Umudvar Məmmədovla görüşür. Strelnikov görüşdə bildirir ki, bu qədər əsgərin sənədini gətirmək, onların ailəsini razı salmaq böyük işdir. Strelnikov Umudvara onu da bildirir ki, getməsinə gərək yoxdu. Belə ki, əmrin çıxmağına çox az qalıb. O, hərbi bileti göndərəcəyinə də söz verir. Umudvar isə cavabında Krasnovla söhbəti olduğunu, ona qayıdacağı ilə bağlı söz verdiyini və buna görə də getməli olduğunu deyib. Strelnikov Umudvar Məmmədova 15 sutka məzuniyyət verir və nömrə verir ki, bir problem olsa, zəng etsin.

Fantik hərbi hissəyə dönür. 1 həftə sonra isə Umudvar Məmmədov xidmət etdiyi hərbi hissəyə mülki formada geri qayıdır. Hərbi hissədə Umudvar Məmmədova söz verilir ki, əmr verilən kimi, ilk tərxis olunanlardan biri o olacaq. 1991-ci il mart ayının 27-də tərxislə bağlı əmr çıxır, ancaq aprel ayının 1-i olsa da, Umudvar Məmmədovu tərxis etmirlər. Umudvar Məmmədov Krasnovun yanına gələrək verdiyi sözə əməl etdiyi təqdirdə nə üçün tərxis olunmadığını soruşur. Krasnov isə ona bölüyə getməyi, forma və ləvazimatlarını yığmağı tapşırır və tərxis olunacağını deyir. Lakin Krasnov bölüyə gələrək Umudvar Məmmədova etdiklərinin cəzası olaraq 7 sutka həbs verir.

Qauptvaxtda işgəncə

Qauptvaxta düşmək “sındırılmaq”, işgəncə görmək demək olub. Sovet Ordusundan “dembl”in keçəl gəlməsi isə sındırılıb gəlmək deməkdir. Umudvar Məmmədov tərxis olunmalı olduğu gün qauptvaxta atılır.

Umudvarla söhbət zamanı bildirir ki, əgər saçım kəsilsəydi, bir ay gərək orada qalaydım ki, saçım yerinə gəlsin, sonra rayona dönüm.

Qauptvaxtda nəzarətçilər moldavanlar və ukraynalılar olur. Umudvar Məmmədov qauptvaxta düşən kimi onu araya salıb döyürlər. Bədənini avtomatın süngüsü ilə kəsik-kəsik edirlər. Əsgərlikdən geri qayıdan zaman da bədənində o izlər qalıb. Döyülmə zamanı Umudvar Məmmədov bir neçə dəfə ağrıdan özündən gedir, üzünə su töküb, yenidən döyürlər. Onu kəməri ilə qauptvaxtın pəncərəsindən asırlar. Vəziyyətinin pis olduğunu gördükdə isə kəməri kəsirlər. Yeməkləri it qabından betər halda gətirir, yeməyin içinə gözünün önündə tüpürürlər. Qarnının üzərinə uzandırıb, müxtəlif əmrlər verirlər. Bədəninə su töküb paltarını tamam isladırlar ki, yatan zaman bədən donsun. Yeməkdən iyrənən Umudvar 4 gün qidalanmaqdan imtina edir. Umudvar onlara bildirir ki, “məni döyə, öldürə bilərsiniz, ancaq sındıra bilməzsiniz”. 4 gün sonra Umudvarın qızdırması qalxır. Məcburən həkim çağırırlar. Həkimə isə bildirilir ki, ölsə də, tibb məntəqəsinə yazılmamalıdır. Umudvar həkimi təhdid edir ki, onu tibb məntəqəsinə yazmasa, buradan sağ çıxacağı təqdirdə, onunla hesablaşacaq. Həkim Umudvarı yoxladıqdan sonra işdən və naryaddan azad olunur. Artıq bundan sonra Umudvarı qauptvaxtda saxlamaq mümkün olmur. O, aprelin 12-də tərxis olunur. Lakin ona tərxis olunması üçün hərbi bilet verilmir.

Hərbi biletini almayan Umudvar hərbi hissənin şəhərciyindən Strelnikova zəng edir. Telefonu götürən Strelnikov Umudvarı hərbi xidməti başa vurması münasibətilə təbrik edir. Umudvar isə deyir ki, “nəyi təbrik edirsiniz, siz hamınız beləsiniz, siz zabitlərdə kişilik görmədim, mən dediyimi etdim, ancaq siz etmədiniz”. Strelnikov Məmmədovdan nə baş verdiyini soruşur. O isə cavabında əmr çıxan kimi tərxis olunacağına söz verildiyi halda, Krasnov tərəfindən 7 sutka həbsə göndərildiyini bildirir. Strelnikov əvvəlcə inanmır, sonra isə “hərbi hisəyə gedənə kimi hər şey həll olunacaq” deyir. Umudvar Məmmədov hərbi hissəyə gələndə artıq görür ki, belə desək, aləm bir-birinə dəyib. Krasnov ondan bunu nə üçün etdiyini soruşur. Dərhal Umudvarın hərbi biletinə imza çəkilir. Onun hərbi hissənin yerləşdiyi şəhərdə qalması qadağan edilir və Umudvar Azərbaycana yola salırlar. (red. Füzuli rayonu Seyidəhmədli kəndindən Həsən, Lənkərandan Axundov Ceyhun söhbət zamanı Umudvar Məmmədovun qauptvaxtda başına gələnləri təstiq edirlər)

90 nəfərin taleyi

(Əliyev Xaliq Qüdrət oğlunun xatirələri)

1990-cı il 20 yanvar günü əsgərlər Bakıda qırğın olmasından xəbər tuturlar. Bundan sonra planlaşdırılır ki, hərbi hissədə qala bilməzlər. Gecə ilə bütün azərbaycanlılar bölüklərin ambarlarından mərasim formalarını götürür və pencərələrdən düşərək qaçırlar. Qaçanlar qazanxananın yanında cəmləşir, hasarı keçib 3 tağım halına düzülərək yola çıxırlar. Elektriçkaya oturan əsgərlər Dimitrovski rayonundan Şermetov hava limanına gedirlər. Oradan isə Azərbaycandan gələn qatara minib Bakıya qayıtmağı düşünürlər. Ancaq həmin gün Azərbaycandan gələn qatar 20 Yanvar faciəsinə görə üzərində qara bayraq asılmış vəziyyətdə hərəkət edir. Bu qatar nə sərnişin gətirmir, nə də aparmır. Ona görə də, qaçan əsgərlər ortalıqda qalırlar. Vaqona minə bilməyən azərbaycanlı əsgərləri hərbi hissədən gələn zabit və əsgərlər mühasirəyə alır və hərbi hissəyə aparırlar. Hərbi hissəyə gələn əsgərlər zala yığılır və onlara bildirilir ki, qaçmaq lazım deyildi. Hərbi hissədən əsgərlərə təklif edilir ki, içlərindən bir nəfər Azərbaycana getsin, ailələrdən məlumat öyrənib, geri dönsün. Bərdə rayonundan Mübariz Ağayev Azərbaycana göndərilir və əsgərlərin bir neçəsinin ailələrinə gedərək məlumat gətirir ki, hər şey qaydasındadır.

Xaliq Əliyevin Umudvar Məmmədovun həbs edilməməsi barəsində dedikləri:

“Umudvar Məmmədov elə bir yerdə saxlanılmışdı ki, o orada 1 ay qalsa idi, bədəni çürüyüb ölərdi. Alyoşskıy kazarmaya düşənlər salamat qala bilməzdilər. Orada hansı işgəncələr verilirdi, onu biz bilirdik. Oradan çıxan adam 3 il yaşaya bilərdi. Yaxşı ki, orada 10 gün qaldı.

Hərbi hissədə zabitlərlə görüş zamanı şərt qoyuldu ki, Məmmədov gəlməlidir. Əgər gəlməsə, onda hərbi hissədən qaçıb gedəcəyik. Tələb edilməsəydi, Umudvar sağ qayıtmayacaqdı”.

Qaçışlardan 6 ay sonra 44 101 saylı hərbi hissə dağıdılır, azərbaycanlı əsgərlərin hərəsi bir yerə göndərilir.

Səxavət Məmməd