“Sovetski” ərazisində yol infrastrukturunun 70%-i artıq yenidən qurulub – FOTO

Bakının Yasamal rayonu ərazisində, Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması davam etdirilir.

“Azəravtoyol” ASC-dən Yeniçağ.Az-a daxil olan məlumata görə, yol infrastrukturunun yenidən qurulması işləri 26 hektar ərazinin 3 hektarını əhatə edir. Artıq bu çərçivədə işlərin 70%-i aparılaraq yekunlaşdırılıb.

Həmin ərazilərdə ümumi uzunluğu 7,6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır. Layihə Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscıdı ətrafındaki yolların 2 zolaqlı, digər yolların isə 3-4 zolaqlı olması nəzərdə tutulub.

Yenidən qurulan Balababa Məcidov küçəsində işlər tam olaraq yekunlaşdırılıb. Uzunluğu 440 metr, əvvəlki eni 7-8 metr olan küçə genişləndirilərək 15 metrə çatdırılıb. 3 hərəkət zolaqlı olan küçədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa edilib, üzərinə tamet daşlar döşənib. Bundan başqa, yeni kommunikasiya xətləri çəkilib, yağış suları üçün drenaj xətti qurulub, küçənin asfaltlanması başa çatdırılıb.

Mirzəağa Əliyev küçəsində isə torpaq yatağının və kommunikasiya xətlərinin tikintisi davam etdirilir. Müvafiq olaraq burda fiziki işlərin faiz göstəricisi 75% və 80% təşkil edir.

Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 metr təşkil edirdi. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılıb. Bura 15 metrenində hərəkət hissəsi və 2 metr enində piyada səkiləri daxildir.

Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri qurulacaq, ictimai nəqliyyat üçün 14 ünvanda cibliyin və müasir avtobus dayanacaqların qurulacaq, yeraltı və yerüstü parkinq yerlərinin tikiləcək.

Yasamal rayonunun “Sovetski” kimi tanınan ərazidə aparılan bu işlərdə məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasdır.

Yeniçağ.Az

COP29