Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Soyqırımı”nı inkar edən erməni tarixçi: “Azərbaycanlılar mənə pul vermirlər”

“Erməni tarixi ilə ciddi şəkildə məşğul olmuş Rusiya tarixçiləri də ermənilərdir”.

Bu fikirləri Yenicag.ru-ya eksklüziv müsahibəsində öz xalqının keçmişinə fərqli baxış ortaya qoyan erməni tarixçi Filipp Ekozyans deyib.

– Gəlin sizi tanıyaq. Sosial şəbəkələrin ən qalmaqallı adamı sayılan Filipp Ekozyans kimdir?

– Heç bilmirəm nə cavab verim…

– Sizin yaradıcılığınız haqqında ətraflı danışmaq artıqdır. Çünki sizin YouTube kanalınız rusdilli auditoriya arasında çox məşhurdur. Kitab nəşr etdirmək haqda heç vaxt fikirləşmədiz?

– Fikirləşirəm. Hazırda mənim ilk kitabım tamamlanmaq üzrədir. Ümid edirəm ki, xalqımızın XVII əsrdə yaşadıqlarına dair tədqiqat əsərim bu il işıq üzü görəcək.

– Sizi tarixlə məşğul olmağa, daha doğrusu, vaxtilə bir sıra xalqların, etnomədəniyyətlərin və sivilizasiyanın ümumi məkanı olmuş geniş coğrafiyanı yenidən araşdırmağa nə vadar etdi?

– Maraq. Başlanğıcda, bu, adi maraq idi. Bilmək istəyirdim, bizim ümumilikdə qəbul etdiyimiz tarixdə nələr doğrudur. Çünki hətta dərin araşdırma olmadan da müəyyən saxtakarlığa yol verildiyini görmək olurdu. O zaman həmin yanlışlıqlar mənə o qədər də təsir etmirdi, sadəcə, istəyirdim ki, o məsələləri özüm və uşaqlarım üçün aydınlaşdırım. Yalan vasitəsilə aldadılmağı və manipulyasiya edilməsini xoşlamıram. Mən istənilən başqa bir erməni kimi “vətənpərvərlik təmsilləri” ilə “cilalanmağa” məruz qalmışam. Əvvəlcə apardığım tədqiqatların nəticələrini açıqlamağı düşünmürdüm. Mən o barədə yalnız dost-tanışların məhdud çevrəsində danışırdım. Özümün “dinc maraq dövrü”mdə – o mərhələni belə adlandırıram – məni sarsıdan və təəccübləndirən çox şey öyrəndim. Anlamağa başladım ki, biz sadəcə, yalanla zəhərlənmiş reallıqda yaşamırıq. Başa düşdüm ki, biz reallığa tərəf boylanmağa belə imkan verməyən yalanla yaşayırıq.

Rəhmətlik babam Melksedanın sözləri mənə hər zaman kömək edib. O deyirdi ki, türklər bizi qırmayıblar, xilas ediblər. Konkret olaraq, mənim babamı türklər, qonşuları xilas edib. O həm də danışırdı ki, biz hər zaman mehriban yaşamışıq, türklərlə heç bir problemimiz olmayıb. Bütün bunları xatırlayaraq, türklərə qarşı heç vaxt qərəzlə yanaşmamışam. Ona görə də, əldə etdiyim yeni məlumatları asanlıqla qəbul edə bilirdim.

Bir şeyi başa düşə bilmədim: biz haradan gəlmişik. Bizim xalqın başlanğıcı haradır? Bu barədə materiallar çox idi, ancaq mən o materialları vahid şəklə salacaq rakursu tapa bilmirdim. Və o zaman Ukraynada Maydan hadisələri, daha sonra isə ölkənin cənub-şərqində eyni xalqa mənsub olanlar arasında müharibə başladı.

Mən görürdüm ki, ukraynalılar rusca danışa-danışa, rusca düşünə-düşünə ruslardan necə qopmağa çalışırlar. Məhz Maydan hadisələri bayaq dediyim rakursu tapmağıma kömək etdi. Türklər və ermənilər bir zamanlar bütöv olublar. Onların Hindistanda yaşayan kəsimi isə induslarla bütöv idilər. Başa düşdüm ki, dünya hökmranlığının ustaları ləhcələri dilə çevirməklə və tarixi saxtalaşdırmaqla, bizi yerli xalqlardan “qoparıblar”. Ancaq bu mövzu bir müsahibə üçün olduqca geniş söhbətdir.

– Əksər ermənilər belə hesab edirlər ki, əgər siz “öz xalqınıza qarşı çıxırsızsa”, deməli, azərbaycanlılar sizə pul verirlər, özü də böyük məbləğdə. Bu barədə nə deyə bilərsiz?

– Yox, mənə heç kim pul vermir. 2017-ci ilin iyununda mən başa düşdüm ki, Ukrayna artıq öz köklərindən qopur: o, qayığa atıldı və “yük”lərini kənara “tullayaraq” okeanda “yırğalanmağın” dadını çıxarmağa başladı. Anladım ki, bu proses artıq dönməz xarakter alıb. İnsanların reallığı necə tərk etdiklərini və tarixi baş-ayaq çevirərək öz düşmənlərini dost kimi görə-görə “yeni keçmiş”ə qapıldıqlarını, düşmənlərinə təzim etdiklərini görürdüm. O zaman xaç çevirdim və kameranı qoşaraq ermənilərə ilk müraciətimi lentə aldım. Həmin müraciət çox emosional, hətta pafoslu alınmışdı. Bu da mənim çox ehtiyatlanmağımdan irəli gəlirdi, hansı tufanı qoparacağımı bilmirdim, yaxın ətrafımla bağlarımın qopacağını təsəvvür etmirdim. Amma tədricən sakitləşdim və ermənilərin aşkar nifrətinə baxmayaraq, onların məni dinlədiklərini gördüm. Bundan sonra onları faktlarla tanış etməyə başladım. Bir şeyi bilirəm: soydaşlarım bu məsələlərlə heç də məndən az maraqlanmırlar. Bu isə o deməkdir ki, onları bizim keçmişimizlə bağlı çox sayda heyrətamiz açıqlamalar gözləyir.

– Sizi açıq şəkildə təhdid edirlər. Bəziləri sizinlə haqq-hesab çəkəcəklərini bildiriblər. Düzünü deyin, qorxmursuz?

– Qorxuram. Mən adi adamam, qəhrəman deyiləm.

– Onları qəzəbləndirən nədir? Nədən erməni tarixçiləri Rusiya tarixçilərinin fəal dəstəyi ilə erməni xalqını bu vəziyyətə salıblar? Axı tarixin saxtalaşdırılması ermənilərə heç bir şöhrət qazandırmayıb və dünya o nağıllara inanmır. Bu siyasət sadəcə olaraq, artıq dünyada hər şeyi özlərininki sayan əksər erməniləri zombiləşdirib…

– Mən bu sualların cavabını bilmirəm. O məsələlərlə məşğul olmağa vaxtım da yoxdur. Məsələnin üst tərəfini siz də bilirsiz: hakimiyyət, bütöv bir xalqla manipulyasiya etmək… Bircə bunu əlavə edim ki, erməni tarixi ilə ciddi şəkildə məşğul olmuş Rusiya tarixçiləri də ermənilərdir. Bunu dəqiqləşdirmək lazımdır. Rusiya çoxmillətli dövlətdir və orada yaşayan xalqların hər birinin maraqlarını nəzərə almalıdır. Ancaq bu, bəzən heç də asanlıqla alınmır. Erməni tarixinin saxtalaşdırılmasına gəldikdə isə bu işdə heç kim Roma Papasının iezuitlər ordusu ilə müqayisə oluna bilməz.

– Məsələn, mən hesab edirəm ki, bizim xalqlarımız arasında nifaq salanlar tarixi saxtalaşdıranlardır. Onlar olmayan şeyləri insanların şüuruna yeridirlər. Necə düşünürsüz, zombiləşmiş, aparılan təbliğat şüuraltlarına keçmiş adamların beyinlərini necə təmizləmək olar?

– Bunu mən də bilmirəm. Ancaq inanıram ki, bu, mümkündür. Ona görə də indiki işimlə məşğulam.

– Sizin ziyalılar arasında erməni faşizminin xalqınızı necə təhlükəli dalana itələdiyini görənlər çoxdur?

– Yetərincə çoxdur. İki il əvvəl İrəvan Dövlət Universitetində dərs deyən tarixçi ilə söhbət etdim. Onun XIX əsrin ikinci yarısında erməni masonların Osmanlı İmperiyasında apardıqları təxribatçı fəaliyyətə dair tədqiqat əsəri var. Ondan soruşdum ki, həmin əsəri niyə nəşr etdirmirsiz? Cavab verdi ki, “qorxuram, məni məhv edərlər. Bunun üçün erməni elitasından çox güclü bir şəxs məni dəstəkləməlidir”. O tarixçi “soyqırımı” ilə bağlı dedi ki, hətta bu sözün özü belə xalqımıza çox ziyan vurur və bunları əlavə etdi: “Amma biz o haqda o qədər danışmışıq ki, indi durub necə deyək ki, “soyqırımı” olmayıb! Axı ayıbdır”.

Onun dediklərini sözbəsöz yadımda saxladım. Xalqımızın intellektualları arasında başqa bir növ də var. Onlar bizim “qəhrəmanlıq” təmsillərini lağa qoysalar da, bu barədə açıq fikir bildirmirlər. Həmin ziyalıların kinayəsinin hədəfi sadə ermənilərdir. O ziyalılar hesab edirlər ki, adi ermənilər həqiqətləri bilməməlidirlər.

– Belə fikirlər də var ki, Ekozyans da bir müddət sonra öz sözlərindən imtina edən növbəti Martirosyan olacaq. Belə düşünənlərə nə demək istərdiz? Yeri gəlmişkən, o fikirdə olan azərbaycanlılar da var…

– Bilmirəm, Martirosyan kimdir. Ümumiyyətlə, erməni-azərbaycanlı münasibətlərində baş verənlərin çoxundan xəbərsizəm. Mən Qarabağ məliklərinin XVII-XVIII əsrdəki durumlarının kökünə daha çox bələdəm, nəinki vəziyyətin dərinliyinə. Ondan başqa, mən tədqiqatla səhər tezdən və axşamdan xeyli keçmiş məşğul ola bilirəm. Qalan vaxtımı ailəmə həsr edirəm. Hə… Öz sözlərimdən isə imtina etməyəcəm.

Qafqaz Ömərov

www.yenicag.az

16993
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM