Şoyqunun Azərbaycana səfərində mühüm DETAL: “Rusiya demək istəyir ki…”

“Rusiya Təhlükəsizlik Şurasını katibi Sergey Şoyqunun Azərbaycana səfəri təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı deyil.

Təbii ki, başqa regional məsələlərə görə də sözügedən səfər həyata keçirilib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Siyasətçi Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Azərbaycana sürpriz səfəri ilə bağlı fikirlərini bölüşüb.

E. Məmmədova görə, bu məsələdə Yaxın Şərqdəki ciddi və gərgin vəziyyət də nəzərə alınmalıdır:

“Belə bir kritik məqamda Şoyqunun Tehran səfəri, eləcə də Tehrandan Bakıya gəlməsi də bundan xəbər verir. Təbii ki, burada Yaxın Şərqlə bağlı müəyyən fikir mübadiləsi olub, lakin bu görüşdə əsas məqam sülh müqaviləsi ilə əlaqəli ola bilər. Rusiya bu istəyini gizlətmir, açıq şəkildə fikirlərini bəyan edir. Çünki Qərb artıq ciddi cəhdlə Rusiyanı Cənubi Qafqazdan çıxarıb orada yerləşmək istəyir”.

O xatırladıb ki, bu gün Ermənistanda ABŞ, Fransa və digər Avropa dövlətlərinin hərbçiləri mövcuddur, təlimatçıları yerləşdirilib:
“Onlar Ermənistan ordusunu müharibəyə hazırlayırlar və xam xəyallarla yeni müharibə ocağı yaratmaq niyyətindədirlər. Rusiya da mövqeyini əldən vermək istəmir və ermənilərə başa salmağa çalışır ki, onları başqa ərazilərdən köçürüb tarixi Azərbaycan torpaqlarında yerləşdirənlər ruslardır, eləcə də ermənilərə dövlət qurublar və bu günə qədər də onları müdafiə edib saxlayırlar. Rusiya demək istəyir ki, ermənilərin onlara nankor çıxmasının bədəlini ödədəcəklər. Rusiya onu da bəyan edir ki, regionda ola-ola Ermənistanın 10 min km məsafədən amerikanları regiona dəvət etməsi qəbuledilməzdir. Əlbəttə ki, Rusiya buna razı deyil və mənə elə gəlir ki, Qərb-Rusiya gərginliyi Ermənistanda getdikcə sərtləşəcək. Fikrimcə, Şoyqu Azərbaycana səfərində də bu məqamlara mütləq şəkildə toxunub”.

Rafi Müslümov