Şoyqunun Tehran səfəri və İran-İsrail gərginliyi: Hansı dövlətlər böyük müharibə marağındadır?

“Mənə elə gəlir ki, İran-İsrail konfliktində heç bir Üçüncü Dünya müharibəsi olan deyil. Bu hadisələr bir neçə dəfə təkrarlanıb və İranın elə bir gücü yoxdur ki, İsraillə müharibəyə girişsin, habelə ABŞ ilə baş-başa gəlsin”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehran səfərindən, habelə baş verməsi gözlənilən mümkün İran-İsrail müharibəsindən söz açıb.

Hərbi ekspertin sözlərinə görə, burada maraqlı məqam ondan ibarətdir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi, sabiq müdafiə naziri Sergey Şoyqu Tehrana səfər edib:

“Şoyqu üç ildir ki, Ukrayna bataqlığında ilişdi və indi də Təhlükəsizlik Şurasının katibi kimi İrana məsləhət verməyə gəlib. Onsuz da İran tarixində İsmayıl Haniyənin qətlindən də böyük hadisələr olub. SEPAH komandanı Qasım Süleymaninin qətlə yetirilməsi, onun anım mərasimində terror aktının keçirilməsi, İranın İsrailə hücum əməliyyatı çərçivəsində 300-dən artıq raketi İsrailə yönəltməsi və s. hadisələr baş verdi. Nəticə nə oldu bəs?”

Onun fikrincə, bu gün bütün böyük dövlətlər çalışır ki, İranı Rusiya kimi tələyə salsın və onu hərbi-iqtisadi cəhətdən zəiflətsin:

“Bu gün hansısa qlobal toqquşmadan söhbət gedə bilməz, ona görə ki onların bununla bağlı potensialı və imkanı yoxdur. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, hər hansı bir ciddi toqquşma baş verməyəcək, lakin tərəflər arasında gərginlik davam edəcək. Hətta deyə bilərəm ki, ayrı-ayrı epizodik toqquşmaların olması mümkündür. Ola bilsin ki, husilər hansısa ABŞ gəmisinə hücum etsinlər, yaxud İran İsrailin hansısa hərbi obyektinə terror hücumu həyata keçirsin”.

Polkovnik onu da diqqətə çatdırıb ki, İran onsuz da öz potensialını bilir:

“Hətta dünən məlumat verildi ki, İran Rusiyadan hava hücumundan müdafiə və digər vasitələrlə ona dəstək olmağı xahiş edir. Atalar deyir ki, keçəlin əlacı olsaydı, öz başına çarə qılardı. Çünki bu gün Ukrayna Rusiyanın sərhədyanı və mərkəzyanı şəhərlərinə qədər hücum edir. Yəni Rusiya bacarsaydı, özünü müdafiə edərdi. Odur ki, qonşuya ümid olan şamsız qalar. Əgər bu gün İran Rusiyaya güvənirsə ki, İsraillə mümkün müharibədə ona kömək olacaq, yanılır. Çünki Rusiyanın iqtisadi və hərbi potensialı nəinki İrana, heç özünə də bəs etmir”.

“Dünəndən bütün dünya dövlətləri sanki yarışa giriblər. Donald Tramp deyir ki, İran 24 saat ərzində İsraili vuracaq, CIA də deyir ki, hücum yaxın saatlarda baş verəcək. Onda mən də deyim ki, yaxın həftələrdə yağış, qışda da qar olacaq. Qısacası, İranın bunu etməyə gücü yoxdur. Ona görə də nə İsrail, nə də İran böyük müharibə marağındadır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29