“Soyuq günəş”lə isinən kinematoqrafiyamız – Aqil Bəkir yazır

Əvvəl yazıya tənqidi düşüncənin və tənqid elminin ortaya çıxmasından başlamaq istəsəm də, sonra akademik bir yazı yazmadığımı özümə təlqin edib elə bu cümlələrlə başlamağın daha yaxşı olacağı qənaətinə vardım.

Ona görə tənqidlə başlamaq istəyirdim ki, haqqında fikirlərimi bölüşəcəyim “Soyuq günəş” filmi ilə bağlı mülahizələrimi möhkəm təməllər üzərində atmış olum. Bu təməllərin dayaq nöqtəsi isə “insanlarda iz buraxan, qalıcı hisslər oyandıran” sənət əsərlərinin mükəmməl hesab edilməsidir. Bu prinsip nə qədər köhnə olsa da, yenə də aktualdır. Bu mənada, “Soyuq günəş” filmini yüksək qiymətləndirməkdə bir problem görmürəm.

Azərbaycan film tarixində iz qoyacaq ekran işi

Azərbaycanda film sektorunun hansı vəziyyətdə olduğundan hamı xəbərdardır və yenidən eyni fikirləri təkrarlamağa lüzum görmürəm. Zamanında film istehsalı və ya xarici filmlərin dublyajı ilə bağlı müxtəlif səpkili yazılarla çıxış etmişik. Məlum ümumi mənzərə qarşısında “Soyuq günəş” filminin Azərbaycan kino tarixində yer tutacağını əminliklə söyləmək olar. Bunu hər şeydən əvvəl filmə olan tamaşaçı sevgisi sübuta yetirir.

Ssenari, rejissor işi, aktyor seçimi, ifalar, bəstə… Müasir Azərbaycan filmlərində bütün detalları ilə kompozisiya təşkil edən film tapmaq çətindir. Ancaq sevindiricidir ki, “Soyuq günəş”də bunlar var və qeyd etdiyim izləyici sevgisi də bu ahəngdən və ritmdən qaynaqlanır. “Qalıcı hiss” adlandırdığım da məhz bu idi. Tamaşaçı filmlə bütünləşirsə, əlavə sözə ehtiyac yoxdur.

Filmin ssenari müəllifi və bəstəkarı Sədaqət Kərimovadır. Filmin ərsəyə gəlməsi üçün maliyyənin də Sədaqət Kərimova tərəfindən qarşılanması onun nə qədər çətin bir işin öhdəsindən uğurla gəldiyini sübuta yetirir. Mən belə düşünürəm.

Ancaq çox təəssüf etdiyim bəzi məqamlar var…

Birinci, filmlə gec qarşılaşdığım üçün özümə bir az sinirləndim.

İkincisi, film tamaşaçıların ixtiyarına verildikdən sonra onun haqqında geniş tənqidi yazıların yazılmaması məni kədərləndirdi.

İnternet vasitəsilə müxətlif açar sözləri qeyd edərək axtarış etsəm də, filmlə bağlı iki yazılı məlumata rast gəldim. Onlardan biri “Samur” qəzetində Sədaqət Kərimovanın qələmə aldığı yazı, ikincisi isə “Ədəbiyyat qəzeti”ndə Sevinc Elsevər tərəfindən yazılan “izləyici fikirləri” idi, ki bu da geniş təhlil və tənqidi xarakter daşımırdı.

Qısa zamanda milyon yarımdan çox baxış toplayan filmlə bağlı heç bir tənqidi yazının yazılmaması, onun oxuculara geniş təhlilinin verilməməsi, həqiqətən, çox üzücüdür.

*

Filmin başlanğıcından etibarən gülüşlər arasından hayqıran dərd-kədər izləyiciyə təsir edir, geniş təbiət mənzərələri arasındakı ələm necə var, tamaşaçıya çatdırılır. Əsas məsələ də budur!

Hadisələr arasındakı bağların qorunmasında təhkiyəçinin xüsusi rolu var. Məhz bunun sayəsində izləyici üçün heç bir qaranlıq məqam qalmır və tamın bütünlüyü qorunur.

Ekran əsərində aktyor seçimi və aktyorların ifaları da təqdirəlayiqdir. Xüsusilə baş rol ifaçılarının seçimi, onların aktyorluq qabiliyyətlərindən bütünlüyü ilə istifadə edib, sözün əsl mənasında, “can qoymaları” istedad qarşısında baş əyməmizə yetir.

Bununla belə, bəzi xırda nöqsanlar da yox deyil, lakin bu, ümumi təəssürata təsir etmir. Bundan əlavə, mükəmməl və düşünülmüş priyomlardan istifadə edilməsi də işi uğurlu qılan nüanslardandır.

*

Qeyd etdiyim kimi, “Soyuq günəş”lə bağlı kimlərin nə yazdığını öyrənmək üçün (özümə də maraqlı idi) bir az araşdırma etdim. Rəsmi statuslu iki yazıdan əlavə (yuxarıda qeyd etdiyim), bir çox kütlənin ətrafında toplandığı sosial məcralarda yazılmış rəylər və tamaşaçı qeydləri ilə rastlaşdım.

Film haqqında ən çox gətirilən tənqid, deyərdim, yersiz tənqid obrazların rəsmi hesab ediləcək dildə danışmasıdır. Bu iradları ona görə yersiz adlandırıram ki, filmin girişində yazılan qeydi oxumayanlar və gözdən qaçıranlar, yaxud tam mənası ilə nə izlədiyini dərk etməyənlər bilməlidirlər ki, təsvir edilən ləzgi yaşamıdır və ləzgilər də gündəlik həyatında öz ana dillərindən istifadə edirlər. Əgər bu iradı səsləndirənlərin məntiqilə çıxış etsək, o zaman obrazlar hansı dildə danışmalı idilər? Şivə ayrıdır, dil ayrı. İfadə nə dərəcədə doğrudur, bilmirəm, ancaq “ləzgi filmi”ndə obrazın şəhərlifason danışdığını bildirib böyük heyətin əziyyətini yerə vurmaq azı cahillik tərzi bir şeydir. Ona görə də bu dil iradı yersiz və məntiqsizdir.

Bir çox filmlərdə kəndlilərin “rəsmi” danışdığını mən də tənqid etmişəm, lakin şivə-dil ayrımı burada hər şeyi həll edir.

Bu məqamda, Azərbaycandakı etnik qrupun həyatından bəhs edən filmin çəkilməsi də ekran işinin alqışlanası tərəfidir!

*

Bir az izləyici düşüncəsinin, bir az tənqidi təfəkkürün, bir az da hisslərin məhsulu olan bu yazıda “Soyuq günəş” filminin “ölü” hesab edilən sektorda, əslində nələri bacara biləcəyini göstərmək istədim. Həm də dövlət dəstəyi olmadan…

Filmdə bizi daim müşahidə edən “Yargunat” mahnısı isə başqa bir aləmdir…

*

Bu minvalla, filmin bütün yaradıcı-texniki heyətinə öz təşəkkürümü bildirir və inanıram ki, şəxsim timsalında bu təşəkkürdə azı milyon yarım tamaşaçının “çox sağolun!”u var.

*

Qeyd:

Ümid edirəm ki, film sənət tənqidçiləri tərəfindən professional tənqidə cəlb ediləcək.

COP29