Soyuq havalarda artan səssiz ölüm halları: “Məcburi dedektorlar qoyularsa…” – AÇIQLAMA

“Yeni qərarla məcburi qaydada texniki şərtə zidd olan qüsurların qarşısı alınacaq, dəm qazından boğulmaların sayı azalacaq”.

Bunu dəm qazından artan boğulma hallarının qarşısının alınması üçün görülən tədbirlərdən danışarkən  “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsi rəisi Eldəniz Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, qaz sızmasından xəbərdar olmaq üçün dedektordan istifadə olunur:

“Sızma baş verərsə, dedektor tərəfindən aşkarlanaraq qazın veriliş klapanı bağlanır. MTK-larda quraşdırılan bütün evlərdə məcburi olaraq sözügedən dedektorların qoyuluşunu təmin edirik.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi sərəncamla qaz təchizatı haqqında qanuna dəyişiklik olundu. Azərbaycan Respublikası Nazirlər Kabineti hazırda həmin qaydaların müəyyənləşdirilməsi prosesini həyata keçirir. Qısa zaman ərzində yeni qaydalar müəyyənləşəcək.

Bizim səlahiyyətimiz sayğacın quraşdırılmasına qədər idi. Yeni qaydaların tətbiqindən sonra isə mənzillərdə və həyət evlərində texniki müayinə həyata keçirəcəyik. Texniki şərtdə nəzərdə tutulmayan dəyişiklik varsa – misalçün, mətbəxin yerinin dəyişdirilməsi – həmin abonentlə bağlı ölçü götürüləcək.

Bir ay müddətinə texniki müayinənin nəticəsinə uyğun olaraq qərar veriləcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən texniki müayinədə aşkarlanmış qüsurları yoluna qoymayan abonentin mənzilinə qaz verilişi dayandırılacaq. Nəticə etibarilə, yeni qərarla məcburi qaydada texniki şərtə zidd olan qüsurların qarşısı alınacaq, dəm qazından boğulmaların sayı azalacaq”.

Nəsimi Ələsgərli