“Soyuqdan donmamaq üçün odun peçi yandırırıq” – Bakının mərkəzində ŞOK vəziyyət

Hər il payız və qış aylarında əhali mavi yanacaqla bağlı problemlər yaşayır. Qaz ya kəsilir, ya da təzyiq o qədər zəif olur ki, heç istifadə etmək olmur. Mövcud sahəyə cavabdeh olan dövlət qurumu “Azəriqaz” İstehsalat Birliyi isə adəti üzrə qazın verilməsində heç bir problemin olmadığını deyir. Lakin problemlər olduğu kimi hələ də qalır. Belə ki, bu gün yenə də Yeniçağ.az-ın redaksiyasına Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 4, ev 2-də yaşayan Sadıxovlar ailəsi qazın təzyiqinin aşağı olması ilə bağlı şikayət edib. Mehriban Sadıxova bildirib ki, analoji vəziyyət bir həftədən çoxdur ki davam edir:

“Qoca valideynlərim var, ikisi də yataq xəstəsidir. Biz pul ödəyirik ki, qazımız gəlsin, evlərimizi isidək. Lakin hər il olduğu kimi bu il də eyni problemlə üz-üzə qalırıq. “Azəriqaz”-ın 104 və 185 qaynar xətlərinə zəng edirik, amma telefonlara cavab verən yoxdur. Yəqin şikayətlər çox olduğundan telefonun dəstəyini kənara qoyurlar. Təsəvvür edin, Bakının mərkəzində yaşadığımız halda soyuqdan donmamaq üçün odun peçi yandırıram. Gedib küçələrdən taxta-odun toplamışam. Artıq belə də olmaz? Erməni kilsələrinə pulsuz qaz verə bilirlər, amma bizi burada soyuqdan qırırlar. Halbuki, ətrafımızda 4 çörəkbişirmə sexi fəaliyyət göstərir və onların heç birində qaz problemi yoxdur”.

Məsələ ilə bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəlayev Yeniçağ.az-a deyib ki, qazın təzyiqinin aşağı olması ilə bağlı şikayətçilər ancaq 104 və 185 saylı qaynar xəttə müraciət etməlidirlər:

“Onlar gəlib, yerindəcə məsələni araşdıracaqlar. Bundan artıq heç nə deyə bilmərəm”.

Qeyd edək ki, son bir həftə ərzində jurnalistlərin kompakt yaşadığı binada da qazın təzyiqi aşağıdır. Əgər jurnalistlər bu problemi həll edə bilmirsə, sadə vətəndaşların hansı çətinliklərlə üzləşdiyini təsəvvür etmək çətin deyil. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi isə öz “daimi və əzəli” mövqeyindən qətiyyən geri çəkilmək, problemlərin həlli üçün çalışmaq niyyəti yoxdur.

Bəxtiyar
Yeniçağ.az

COP29