Qrip və soyuqdəymədən qorunmaq üçün sağlam və tamdəyərli qidalanmaq çox vacibdir.
Rasion vitamin və minerallarla zəngin olmalıdır. Bu məhsulların tərkibində olan antioksidant və bioflavonoidlər soyuqdəymə xəstəliklərin riskini azaldır, immun sistemini möhkəmləndirir.
Rusiyalı həkim Viktoriya Savitskaya soyuq fəsillərdə alma, xurma, nar, kivi, sitrus meyvələrini tez-tez yeməyi tövsiyə edir.
Həkimin sözlərinə görə, adi almanın tərkibində olan iltihabəleyhinə salisil turşuları soyuqdəymənin əla profilaktikasıdır. Almanı qabıqlı yemək lazımdır. Məhz almanın qabığında faydalı maddələr çoxdur. Soyuqdəymə və qrip zamanı alma qabıqlarının dəmləməsi yaxşı müalicəvi təsir edir.
Həkim immun sistemini möhkəmləndirmək üçün çox faydalı smuzi reseptini təqdim edir. 1 qreypfrutu təmizləyin, yarım banan, 1 stəkan təbii yoqurt və 1 ç.q. bal əlavə edin və bunların hamısını blenderdə qarışdırın. Həkim bu qarışığı “vitaminli bomba” adlandırıb. Qarışıq maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmi tonuslaşdırır, möhkəmləndirir.