!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Söyüşkənlik döyüşkənlik deyil

!Reklam – Yazi

Gəlin bir eksperiment edək – Azərbaycanda kimsə Fransa prezidenti Makronun, ya da Almaniya kansleri Merkelin şəklini Bakının zibil qutularına yapışdısın, ya da liderləri və onları ailə üzvlərini terrorla hədələsin. Nələr olar? Dünya “dağılar”… Həmin ölkələrin diplomatik nümayəndəlikləri, beynəlxalq qurumlar dünyanı yerindən oynadar – amandır, dövlətimizin simvolu təhqir olunub, sabitliyimizə təhdid var.

Bütün məsuliyyət Azərbaycan hakimiyyətinin üzərinə qoyular. Rəsmi Bakı beynəlxalq hüquq normalarına hörmətsizlikdə suçlanar, başqa ölkənin daxili işlərinə qarışmaqda ittiham edilər, dərhal olayla bağlı rəsmi açıqlanma tələb olunar. Həmin şəxslər cəzalanmayana qədər Qərb Azərbaycanın yaxasından düşməz. Azmı görmüşük? Qərbə sığınıb Azərbaycanın dövlət başçısına, onun ailə üzvlərinə qarşı heç bir hüquqa və mənəviyyata sığmayan hərəkətlərə yol verənləri gördükcə analogiya aparmamaq mümkün deyil.

Nə üçün öz mənafelərindən bir addım da geri çəkilməyən Qərb dəmir qanunlarını Orduxan-Vidadi cütlüyünə, onlara züy tutanlara tətbiq etmir? Avropanın göbəyində oturan bu insanlar hansı haqla Azərbaycana söyüş, təhdid, təhqir mesajları yollayırlar? Bu insanların Azərbaycan dövlətinin, toplumunun boynunda nə haqqı var ki, təhqir bir kənara, tənqid edirlər? Milli-azadlıq hərəkatında mücadilə verən, Azərbaycan dövlətinin müstəqilliyinin bərpası üçün illərlə çalışan, erməni işğalına qarşı canını fəda edən, demokratiya uğrunda mübarizə aparan minlərlə insan Orduxanı ilk dəfə Youtube-da görüb. Kimdi bu insanlar? Şəxsi rifahı üçün ölkəsini atıb gedən Orduxan da, onun kimi “tanınmış müxalifət fəalları” da Qərbdə belə uğursuz olublar. Heç bir potensialları olmadağı üçün orada da özlərini reallaşdıra bilməyiblər. Mənəviyyat və intellekt kasadlığından əziyyət çəkdiklərindən müxtəlif dairələrin əlində dəyənəyə çevriliblər. Bu insanların hər hərəkəti bunu sübut edir.

Vidadi İsgəndərli “rüzgarı” isə bir başqadır… Bu insan qanunsuz fəaliyyətinə, konkret olaraq suçsuz insanlara cinayət işi qaldıraraq onları həbs təhlükəsi ilə üz-üzə qoyduğu üçün prokurorluq orqanlarından qovulub. İndi həyatını qanunsuzluq və saxtakarlıqlarla keçirən bir insan Avropanın göbəyindən – Parisdən Azərbaycan prezidentini, onun ailəsini terrorla hədələyir. Açıq mətnlə – mən Azərbaycana dönəcəm, prezidentə və ailəsinə qarşı terror edəcəm, hakimyyəti devirəcəm, deyir. Maraqlıdır, guya terrorla mübarizə üçün10 minlərlə kilometr uçub başqa qitəyə gələn Qərb öz qoynunda niyə terrorçu bəsləyir?

Azərbaycan hökumətin bu məsələdə yetərincə humanist davranır. Təklif edirəm ki, hüquq-mühafizə, xüsusi xidmət orqanları Azərbaycanda sabitliyin pozulmasına, terrora çağırışlar edən şəxslərlə bağlı onların yaşadıqların ölkələrin hüquq mühafizə orqanlarına müraciət etsinlər. Bu şəxslərin internet üzərindən yaydıqları bəyanatlar, verdikləri videomüsahibələr onlara qarşı hüquqi müstəvidə tədbir görülməsi üçün ciddi faktlardır. Təcili olaraq bu insanlarla bağlı hüquqi müstəvidə tədbir görülməsi arzuediləndir.

Prezidentin köməkçisi Əli Həsənov təmsil etdiyi düşərgənin mövqeyini böyük siyasi ustalıqla, aydın ritorika ilə ifadə edir. Rəsmi mövqe aydındır, bəs, ortada yeyib qıraqda gəzənlər, diaspor fəalları, qrant üçün hakimiyyətin kandarını yağır edən və ciddi nəticələr əldə edən QHT-lər, hakimiyyətin imtiyazlarından yararlanan ziyalılar hardadırlar? Azərbaycanın ünvanına yağdırılan bu hədyanlarda onların payı yoxdur sanırlar, ya hesab edirlər ki, cavab versələr, xəncərlərinin qaşı düşər? Suallar çoxdur…

Vətən eşqi elə bir mayadır ki, südüpozuqlarda tutmaz. Siyasi mübarizə aparmaq başqadır, bir cəmiyyətdə qarışıqlıq yaratmağa, iğtişaş törətməyə cəhd etmək başqa. Bu məsuliyyəti dərk etməyən insanların siyasi mübarizə haqqında danışması ən azı məsuliyyətsizlikdir.

Bu şəxslərin “hurrey”inə gedib Avropa ölkələrindən sığınacaq almaq üçün Azərbaycan hakimiyyətinə qarşı kampaniyalara qoşulan gəncliyə də acımamaq olmur. 90-cı illərin sonunda doğulan bu cocuqların çoxu Azərbaycanda, regionda, dünyada baş verənlərdən sadəcə xəbərsizdirlər. Onlar Qərbin parıltısına gedib, qaçqın sığınacaqlarının sərt qanunlarına tab gətirməyib aqressiyalarını Azərbaycan hakimiyyətinə yükləmək istəyən zavallılardır. Bu gənclərin çoxu hələ uzun illər “Azərbaycandan niyə getdim” sualının əlində girinc qalacaqlar, Azərbaycanın yüksəlişini görüb yanlış qərarlarının peşmançılığını yaşayacaqlar. Gec olacaq…

Arzuman Abdulkərimov, “HİLAL” ictimai birliyinin sədri

www.yenicag.az

3396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv