Söz və məlumat azadlığı PRİNSİPİ: “Azərbaycan mediasının qarşısında ciddi hədəflər var”

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, eləcə də cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır.

Azərbaycanda da fikir, söz və məlumat azadlığı, plüralizm hər zaman gündəmdə olub. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı, habelə bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.

Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Azərbaycan dövləti öz tarixinin ən qüdrətli dönəminə qədəm qoyduğu bir vaxtda Azərbaycan mediası da özünün tarixinin qızıl dövrünü yaşamaqdadır.

Onun sözlərinə görə, bu gün ölkədə istər konstitusion səviyyədə təsbit edilmiş hüquq və azadlıqlar, istər mövcud qanunvericilik bazisi səviyyəsində azad, plüralist bir cəmiyyət quruculuğu, istərsə də insan hüquq və azadlıqlarının ən mühüm istiqamətlərindən biri kimi önə çıxan media azadlığının tam və etibarlı şəkildə təmin olunması qarşısında heç bir maneə yoxdur.

“Bildiyiniz kimi, artıq yeni “Media haqqında” Qanun qəbul edilib, yeni normativ hüquqi aktla medianın və jurnalistlərimizin azad və sərbəst formada fəaliyyəti tam şəkildə təmin edilib. Yeni dövrün tələblərinə uyğun olaraq qanunvericilik medianın və media mənsublarının müstəqilliyinə xələl gətirə bilən və ya sui-istifadələrə yol aça bilən kənar mümkün təhdidləri tam şəkildə neytrallaşdıracaq bir səviyyədədir. O cümlədən, medianın müstəqilliyinə və azad fəaliyyətinə xələl gətirmədən dövlət dəstəyi institutu əvvəlki dövrlərdən çox daha təkmil və şəffaf formada təsbit olunur”, – deyə B. Məhərrəmov əlavə edib.

Deputat hesab edir ki, bu gün artıq Azərbaycan mediasının qarşısında ciddi hədəflər var:

“Artıq Qərbin təlqin etdiyi “media prinsipləri”nin əksəriyyətinin həmin ölkələrin özündə tətbiq edilmədiyi, digər coğrafiyalarda isə məhz neoimperialist maraqlara xidmət etdiyini, demək olar ki, jurnalistlərimizin böyük əksəriyyəti dərk edir. Jurnalistikamız artıq milli maraqlarla media azadlığı arasında uçurumun olmadığını, bu cür təqdimatların saxta və məqsədli təbliğatın bir parçası olduğunu anlayır. Bu isə nəinki Cənubi Qafqaz, bütövlükdə keçmiş ittifaq məkanında ilk dəfə olaraq senzuranı ləğv etmiş Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərə, arzuladığı milli media mühiti deməkdir. Bu isə onu göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev digər istiqamətlərdə olduğu kimi, bu sahədə də Ümummilli Liderin ideyalarını gerçəkləşdirə bilib”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə düşünür ki, Azərbaycan mətbuatı sırf maarifçilik missiyasını həyata keçirmək üçün yaranıb:

“Amma XXI əsrdə mətbuatın fəaliyyəti çoxşaxəlidir. Bu gün həm dünya, həm də Azərbaycan mətbuatı, ilk növbədə, oxucunu ən son yeniliklərlə və informasiya ilə təmin edir. Bununla paralel olaraq, mətbuatımız maarifçilik fəaliyyəti də göstərir”.

Tanınmış jurnalistin sözlərinə görə, bu baxımdan, Azərbaycan mediasının son illər fəaliyyətində müsbət dəyişikliklər müşahidə edilir:

“Əlbəttə, bu gün Azərbaycan mediası Qərbin aparıcı informasiya resursları ilə rəqabət aparacaq gücdə deyil, lakin postsovet məkanında, Cənubi Qafqazda Azərbaycan mediasının kifayət qədər ön sıralarda olduğunu deyə bilərik. Xüsusilə, müstəqilliyini yeni əldə etmiş ölkələrdəki mediaya dövlət dəstəyini vacib sayıram. Son illər Azərbaycanda da bu istiqamətdə xeyli işlər görülüb. Medianın İnkişafı Agentliyinin yaranması, aparıcı KİV-lərə maddi dəstək verməsi bu qəbildən olan fəaliyyətlərdəndir”.

S. Verdizadə hesab edir ki, dövlət medianın güclənməsinin, sözün həqiqi mənasında, IV hakimiyyətə çevrilməsinin qeydinə qalmalıdır:

“Açıq-şəffaf cəmiyyət quruculuğunda müstəqil mətbuatın rolu danılmazdır. Bu baxımdan, dövlət qurumları, eləcə də hakimiyyət orqanları mətbuatın tam müstəqil, azad və şəffaf fəaliyyət göstərməsinin, habelə güclü maddi-texniki bazaya sahib olmasının qeydinə qalmalı, bu istiqamətdə fəaliyyətlərini davam etdirlməlidirlər”.

O, diqqətə çatdırıb ki, Medianın İnkişafı Agentliyi həm elektron KİV-lərə, həm də çap mətbuatına maliyyə dəstəyi verir:

“Mənə elə gəlir ki, bu dəstəyi artırmaq barədə düşünməyin vaxtı çatıb. Azərbaycanda indiki həssas dönəmdə Avropanın aparıcı media quruluşları ilə rəqabət aparacaq mətbuat orqanlarının yaranmasına ehtiyac var. Xüsusilə, ingilisdilli jurnalistlərimizin sayının artırılmasının tərəfdarıyam. Bununla paralel olaraq, alman və fransız dilində yazmağı bacaran jurnalistlərin yetişdirilməsi üçün müəyyən kurslar təşkil edilməli, sözügedən istiqamətdə müəyyən fəaliyyətlər göstərilməlidir”.

Həmsöhbətimiz onu əlavə edib ki, hazırda Azərbaycan öz tarixinin ən həssas dövrlərindən birini yaşayır:

“Biz, faktiki olaraq, özünü insan hüquq və azadlıqlarının, demokratiyanın beşiyi sayılan Avropa məkanında bir çox dövlətlərin və böyük təşkilatların hədəfindəyik. Xüsusilə, 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrındakı antiteror əməliyyatlarından sonra Azərbaycana münasibət dəyişib, Azərbaycanın haqq səsini boğmaq istəyirlər və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasına hər vəchlə mane olurlar. Ona görə də öz səsimizi öz sözümüzlə elə özümüz çatdırmalıyıq. Bu isə güclü medianın yaranmasından keçir.

Mənə elə gəlir ki, son illər Azərbaycan mətbuatında keyfiyyət dəyişikliyi baş verir, peşəkarlıq prioritet vəzifəyə çevrilib, mətbuatımız beynəlxalq standartlara cavab verən xəbərlərin və yazıların hazırlanmasının qeydinə qalır. Keyfiyyət dəyişikliyi Azərbaycan mediasının gələcəyinə olan ümidləri daha da artırır”.

Rafi Müslümov

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

COP29