(Çingiz Ələsgəri oxuyandan sonra doğan çox pis düşüncələr)
▲ Hələ də yaşayan, nekroloqu səslənməyən, ağısı
deyilməmiş, arxasınca heç kimin ağlmadığı
şairin əşarı barədə söz demək ona qəbir
qazmaq kimidir.
▲Çingiz Ələsgər əşarından ağlın-beynin
yox, ürəyin ağlı səsləndikcə adamı heyrət
bürüyür ki, axı ürək düşünməz, ürək
duyğudur. Bəlkə də düşünməyə əngəl yeganə
bədən üzvüdür.`
▲ F.Q. Lorka, R.Börns, A.Kamyu, R.Taqor…
və, və, və… Yüzlərlə ağlı ürəyindən zəiflər.
▲Nəsr ağlın işidir, nəzm ürəyin.
Çingiz hekayə, povest, roman yazsaydı
sevinərdim ki, uzun-uzadı təsvirlərə
qapılan yazarlardan biridir. Əşarında
ürək döyüntüləri paxıllıq yaratdı.
▲Sözü çiynində məzarlığa öz nəşi kimi
daşımaq yalnız şairin xoşbəxtlik kimi
görünən bədbəxtliyidir ki, özü də bunu
görür. Yazıb yazdığına ağlamaq şair
ucalığıdır. Sözü kəfənləmək, onu öpüb
yola salmaq da şair taleyidir.
▲ Zamanın diqtəsi: internet qatilliyi.
Şairlər internet əsirliyində, çatlaşmaya
möhtac. Sözün ani görüntüsü, ani heyranlıq,
ötəri alqış və söz məzarlığa gedir.
▲ Duyğuları bu qədər asanca sözə çevirmək
günah deyilmi? Çingiz şeirlərində duyğular
fərdilikdən sosiuma axır, ağrı sosiallaşır,
bir iki olur, acının şərikləri birləşir. Və sanki
söz məddah alətinə çevrildiyindən təmizləndiyinə
sevinir… Paxıllığım tutur.., sözə…
… Deyəsən, gəvəzəlik oldu. Amma Çingiz Ələsgər şeirlərini oxuyanda düşüncələr bundan özgə bir nəsnə ola bilməz. Ağlın düşündüyünü sözə çevirmək zor da olsa alim işidir. Oğul deyirəm ürəyin (?) düşündüyünü sözə çevir! Deyəsən, alimlə şairin fərqi də bundadır. Elə həm də deyəsən, Nobel mükafatı alimlərə verildiyi kimi şairlərə-yazarlara da verilir. Bir povestinə Nobel mükafatı veriləndə Q.Q. Markes heyrətlənib “Yəni sözü məndən də artıq duyan var?” demişdi. Və ən azından bizləri qandırmışdı ki, sözü anlamaq hər ikiayaqlının işi deyil…
Çingizin şeirlərində tezis-antitezis dilemması, təzadların müştərəkliyi poetexniki məharət deyil – gerçəklikdir:
Dərdin dərd olduğun hardan biləsən,
Könlünün bir qırpım sevinci yoxsa…
Bəlkə bu:
Sevincimin üzü qırış,
Ümidimin ümidi yox,
Bircə dərdim sevir məni.
Yox, bu:
Xatirələr buraxmayır yaxamı,
Tanrı, sabah dəftərində yoxammı?
Şirin elə sən əbədi yuxumu,
Əgər indi mənim üçün yoxdusa.
Bəlkə Çingiz “Səndən sonra o dünyanı lap sevdim,
Sevdim vətən kimi, sevdim ev kimi…”
deyəndə də əksliklərin vəhdətini, ayrılmazlığını göz altına alır. “Min ildi ki, bu bədəndə dustağam” deyəndə şair fərdin sosiallaşmasını ürək ağrısına çevirir.
Ölümü də
Sevgin kimi əsirgəmə,
O dünyanın qapısını açıq saxla…
Allaha yalvarışmı, xahişmi?.. Əlminnətülillah! Şairlər Allahla danışan xəlqedilmişlərdəndir, təki bunu şair özü anlayıb Allaha iddiada olmasın
▲Allah hamı ilə danışmır, sözü Allahdan
xəlq olunmuşlara çatdıranlarla danışır.
Həm də belələri çox azdır və onları anlamaq
da asan məsələ deyil. Bəlkə xatırlayaq:
“Yaradan öncə İsa ilə, sonra Muhəmmədlə
danışdı”. Bəlkə onu da xatırlayaq ki,
“İncil”də “stix”(şeir), “Quran”da “ayə” (misra)
işlənib…
Etiraz var, belə demək olmaz!
Ağac heç vaxt yarpağını ağlamaz,
Təsəllisi arxasınca baxmaqdı.
Niyə? Yarpağın qopduğu yerdən axan göz yaşı deyilmi? Çingiz belə görür və N.Hikmətin “Döyüşənlər ölənlərə yas saxlamazlar” amansız fikrinin duyğusal ürək gerçəkliyinin mənzərəsini yaradır.
Çingizin şeirlərində sözü yerində tutumunu incələmək qədər xoşagəlimli özgə nəsnə yoxdur. Onun dilində “böyük” sözü özünəxasdır və bilir…
▲ Böyük şair, böyük insan, böyük alim,
böyük sənətkar.., hətta böyük qardaş/bacı
olmaz. Bu söz cansıza aiddir, epitetləşmə
olanda da söz kiçilir, öləziyir, ölür. Böyüklüyün
belə ölümü şairin- söz yiyəsinin ölümünə bərabərdir.
Əlbəttə, Çingiz deyə bilər ki, ay filan- filan şüdə, bunların mənə nə dəxli var?!. Deyəsən, var. Ömür- gün yoldaşın Sona haqqında elegiya-ağıda “böyük” sözünün sevgiyə yönəli ünvanı vardı. “Bir sevginin tarixçəsi” – elegiya, sən demə ağı deyilmiş. Hamıya bəlli sevginin ölümdən sonrakı tarixçəsi imiş. Nə oldu? Q.Q. Markesin “Əvvəlcədən hamıya bəlli bir qətlin tarixçəsini” xatırladınmı? Bəlkə sevginin çoxluğundan insanın ölümünü – sayqak ölümünü qavramamışıq? Bəlkə sevib öldürməyi, sevilib ölməyi danmalıyıq? Bəlkə “özgə dünyanın aşiqləri” kimi yaşamağı və yaşatmağı unutmalıyıq?
▲ İzahı çoox pisdir: ata-anaya, qardaş-bacıya
olan istək-münasibət fizioloji bağlılıqdan
doğan istəkdir-məcburidir. Özgə birisinə olan
istək ürəkdən gələn sevgidir və təmənnasızdır.
Fizioloji-ağıldan, ürəkdən gələn mənəvidir.
Aşağıdan yuxarı istəyilə baxan itin içindəki
yuxarıdakına yox yuxarı olana istəkdir.
Bu istəyin nifrətlə arası keçicidir, keçiləndir.
Böyüyün kiçiyə minnətli sığalı kiçiyin böyüyə
gələcək nifrətindən böyük deyil.
… Şairin ömür-gün yoldaşını arvad (istərsən, xanım) edibən ona şeir yazması sevgidən uzaqdır. Bu, atasına, ölüb-keçənlərinə, nəvə-nəticəsinə ithaf üçün söz yığan kimsənəyə bənzəyir. Çingizin Sonası ölüb onu yenə sevəndir. Ölənin sevgisimi? Bu elegiyada ölmüş varlığın sevgisini hələ də ölməmiş kəsin duyğu ağrısı var: …
Reklam fasiləsi
▼Yalmanıb yol axtaranlar;
▼Yaltaqlanmağı öyrənmək istəyənlər;
▼Əl açıb Allaha çirkli əllə dua edənlər;
▼Öldürüb öldürdüyünü ağlayanlar;
▼Qoyuna qardaş deyənlər;
▼İtini övladından çox sevənlər;
▼Allaha əmr verənlər;
▼Ailəsini dövlət bilənlər;
▼Kabinetini dövlət sayanlar…
ü ç ü n
“Dəstək” firması həmişə dəstəkdir. Müraciət edə bilərsiniz. Əlaqə:
Tel : 050-324-87-11
Çatdırılma ödənişlidir. Vergidən sonra qalan vəsait
- şəhid ailələrinin problemlərinə;
- gözüyaşlı yetimlərin dəsmalına;
- tələbələrin ehtiyacına;
- alimlərin ixtira xərclərinə;
- ən uca ana abidəsinin ucaldılmasına
Y ö n ə l d i l i r !!!
reklam bitdi |
… Çingizin şeirləri ölümə yön almış kəsin Tanrı dualarıdır. Vətən-Azərbaycan haqda yazmır. Yazır ki:
Gördünmü, Vətən, sənin yolunda
Sənin türk oğlunla, sənin kürd oğlun,
Sənin talış oğlun, sənin tat oğlun,
Sənin ləzgi oğlun, yəhudi oğlun.
Sənin avar… ingiloy, lahıc, haput… neçə soy oğlun.
Çingiz millətlərin Vətən olmağını, bəli, millətin Vətən olmaqlığını “əyilib sulara yuxusun açan” təhtəhşüur, izahı mümkünsüz yönə üz tutur.
▲ Nə Nizami, nə Xətai, nə Füzuli, heç Nəsimi
də bugünkü toplumun alqışını qazana bilməz!
Çünki heç biri “Azərbaycan” adlı şeir yazmayıb.
Çağdaş toplum təfəkkürünün çirkab qoxusu.
Onlar heç filan müğənni, bəstəkar, yaxud əmək
qəhrəmanı üçün nəsə yazmayıb…
▲ Deyəsən, insanlar ona görə ölür ki, Allahla
danışa bilmədikləri bu dünyadan ora söz
aparsınlar. Ölənlər çox sirri özləriylə aparır.
… Çingiz bir gəncin metro vaqonu boyda duyğularını sonsuz metro-yeraltı yol kimi duyur və özü də anlamadığına yanır. Bir göyərçin qonuşuna, it baxışına paxıllıq edir və sözün acizliyindən yenə yanır. Və əl açır: “Tanrı, özünü qoru, mənim sənnən işim yoxdu. Yaratdığın baş-ayaqdı, işim səninkinnən çoxdu. Qoy yaşayım adam kimi, itinlə də işim yoxdu. Yaratdığın baş ağrısı, başımı qaşıyan yoxdu. Bəsdi, bezmişəm daha, qoy itin kimi yaşayım…”
▲ Şairlər dərd dağarcığı. Ürəkləri
düşünmək zorunda. Hamısı dilənçi
kimi Sözə əl açıb dilənir.
Bitirmək istəyəndə yadıma düşdü ki, hələ ölməmisən. Bəlkə də… Hər dəfə F.M.Dostoyevskini oxuyanda düşünürəm ki, nə yaxşı şeir yazmayıb! Yoxsa, “İdiot”u idiot kimi oxuyardıq.
Və hər dəfə sevinirəm ki, nə yaxşı vətəndaşına ehtiyacı tükənmiş Vətənim və dilim var ki, bu dildə Tanrıya Çingiz kimi üz tutub söz demək olur.
Mən Çingiz Ələsgəri oxuyub düşünübən yazdım. Bəs siz?..
Bu, mənəm : Yaşar Məmməd Li
Filoloq-linqvist
Saentologiya doktoru
BU NƏ ÖMÜRDÜ ?
Nə baxırsan, ay it, belə həsədlə,
Qorxma, elə mən də sənin gündəyəm.
Səni kimsə zəncirləyib qapıda,
Mənisə dərd buxovlayıb, küncdəyəm.
Bu fələkdən bir nəvaziş görmədik,
Yaxına gəl, sığal çəkim başına.
Tumarlayım, adamlardan danışım,
Dərdlərimə barı, sən ol aşina.
Bəndəyə də yuxarıdan baxan var,
Elə baxma, aşağıdan yuxarı.
Zingildəmə, cox da fikir eləmə,
Yaxşı olar ömrümüzün axırı.
Karıxmışıq, Tanrı həyat verəndə,
Ikimiz də, əcəb ömür seçmişik.
Səbrli ol, bir az toxtat özünü,
Bu taleyin cox qədərin keçmişik.
Dünya özü bizim üçün məhbəsdir
Sənə on il iş kəsilib,
mənə yetmiş il
Bir az da döz,
quyruq qısma, ta bəsdi.
O dünyanın –
azadlığın qapısına yetmişik.
TANRI YAZAN SİLİNMƏZ
Qara bulud göy üzündə çox qalmaz,
Onun elə bir yağışlıq ömrü var.
Təbiətə can verər ki, can almaz,
Gör, nə gözəl sonluğu var, ölmü var.
Ağac heç vaxt yarpağına ağlamaz,
Təsəllisi arxasınca baxmaqdır.
Bulaq heç vaxt öz gözünü bağlamaz,
Ömrü elə suya dönüb axmaqdır.
Dağdan qopan bir də dönüb dağ olmaz,
Olsa-olsa, qaya olar, daş olar.
Dünən heç vaxt sabah ilə qayıtmaz,
Gələn ancaq yaş üstünə yaş olar.
Zaman hər gün bir sabaha hamilə,
Səhər necə doğulacaq bilinməz.
Vaxt hər şeyi pozar, yuyar, aparar,
Bircə, Tanrı yazan yazı silinməz.
SƏNDƏN SONRA
Səndən sonra o dünyanı lap sevdim,
Sevdim vətən kimi, sevdim ev kimi.
Xiffətdəyəm, canım qalıb orada,
Ürəyi şüşədə olan dev kimi.
Səndən sonra ülduzları sevirəm,
Daha birgə oyadırıq səhəri.
Gözüm elə səmalarda yol çəkir,
Birdən çağırarsan olmaz xəbərim.
Səndən sonra gecələri sevirəm,
Sən keçdiyin küçələri sevrəm,
Bir az qibtə ilə, bir az həsədlə,
Bu dünyadan köçənləri sevirəm.
Səndən sonra… yoxdu artıq sonrası,
Daha mənim bu yerlərdə nə işim.
Indi dünya bir növbəti dayancaq,
Mənsə təkcə yol gözləyən sərnişin.
BİR VAQON SEVGİ
Metro vaqonunda bir cavan oturmuşdu
mənlə üzbəüz
gözlərində ümid dolu bir işıq,
çöhrəsində bir gözəllik, yaraşıq.
dodaqları
şirinlikdən çatlayan nar kimiydi
xoşbəxtlikdən qapaya bilmirdi.
O,vaqonun içində yox,
səadətin içindəydi elə bil.
Elə bil,
ilk görüşdən gəlirdi,
bir qızın baxışları ümid vermişdi ona.
Bəlkə də, tələbəydi
imtahanlar çatmışdı sona.
Bəlkə də,
doğum evindən qayıdan
ata kimi,
öz ilkininə ad axtarırdı.
Bəlkə də, adaxlıydı,
Xəyalında toy calırdı.
Bəlkə də, ilk maaşla
Anasına şal alırdı.
O, “bəlkə” nə idisə
xəbərindən
göyün yeddinci qatındaydı,
səadətin kəhər atındaydı,
çapa-çapa gedirdi…
Yanımda oturanlar da heyran-heyran baxırdı.
Vaqona bu cavandan
sevgi seli axırdı.
“Çoxdandı belə xoşbəxt çıxmamışdı qarşıma,
Ilahi, sən bu gəncin işinə çox qarışma,
səadəti uzun olsun!”-düşündüm.
Götürüb sevinc payımı
çəkdim sinəmə,
Və qatardan birbaşa,
umid dolu, sevgi dolu
bir axşama düşdüm.
***
Özümə də baxanam,
qaygıma qalan da var,
narahat olma, bacı.
Hər səhər ac qarına,
hər gecə də yatanda,
ürəyin dərmanı tək,
gozlərim içizdirir
suyundan damcı-damcı.
SÖZ VERMİŞDİM…
Söz vermişdim qəmli şeir yazmayım,
Istəyirdim sevgi əkim, gül dərim.
Dərd eşidib elə qıfıl asıb ki,
Urəyimi çətin açım, güldürüm.
Dərdim də qısqanır mənə, ilahi,
Sevincə,“bir az da döz”, demək olmur.
Yaxam nahaq verdim dərdin əlinə,
Bir şirin, ümidli söz demək olmur.
Könlümün evindən dərd qovur məni,
Ömrün bu vaxtında çöldə qalıram.
Qanadı qırılmış durna kimiyəm,
Qış gəlib, mən hələ göldə qalıram.
Könülsüz adamı kim qonaq saxlar,
Mən kimin qapısın açım könülsüz…
Araq şüşəsi tək aç ürəyimi,
Dərdim, geçdir daha, əlli-əlli süz.
FƏLƏYİN SAYMAĞI
Coxdan söndürübdür fələk çırağın,
Ümidim əridib şam eyləmişəm,
Yenə də haqq umur işığa görə.
Nəsə “səkkiz “ vurur çarxı fələyin,
Mənəsə dərd verib dərman yerinə,
Hələ minnət qoyur qaşığa görə.
Yerində oynadıb əsəblərimi,
Hissimə, hirsimə əcəb toy tutub,
Nəmər də istəyir aşığa görə.
Arşını gödəldib, ömrümdən kəsir,
Dərdən köynək biçib, minnət də qoyur,
“Sağ ol”-deməliyəm mən ağa görə.
Yenə qurdalayıb deyən, sayğacı,
Fələyin saydığı yenə düz gəlmir,
Süzdüyü zəhər də, vallah, yüz gəlmir,
Özünə deməyə, billah, üz gəlmir,
Tanrı da düşmür ki aşağı, görə.
KÖNLÜM ÖYRƏŞİB
Daha öyrəşibdir könlüm deyəsən,
Təzədir, köhnədir vecinə deyil
Vaxtsız döyüləndə qapısı, qorxmur,
Bilir ki, dərddi də.., əcinə deyil.
O qədər ağrının ağrısın alıb,
Qəlbim də cevrilib dərdpərəst olub.
Elə nazın çəkib, elə oxşayıb,
Gözü xumarlanıb, dərd də məst olub.
Dərdin dərd olduğun hardan biləsən,
Könlünün bir qırpım sevinci yoxsa.
Valah, bu oyunda sərraf da çaşar,
Fərqini görməyə bir inci yoxsa.
Mənə bir azacıq sevinc ver, Allah!
Asım ürəyimdən nümunə kimi.
Qədrini bilərəm, bədxərc olmaram,
Əsərəm üstündə bir nanə kimi.
Mənə bir azacıq ümid ver, Allah!
Üstümdə gəzdirim son güllə kimi.
Hələ savaşdayam bu fələk ilə,
Qalibi bilinməz son günə kimi.
DƏRD BİRLƏŞƏNDƏ
Eh… nə var ki,
Iki dərdi adam kimi yaşamağa,
Əgər çaxmaq daşı tək,
çəkəndə bir-birinə
bir çıraq yandırsaydı,
qızdırsaydı bir ocaq.
Hayf ki,
dərd üstə dərd gələndə
iki eləmir.
Birləşib yenə də bir olur ancaq
dəyirman daşları tək.
Salıb arasına qalan ömrünü
dən kimi üyüdəcək.
Baxıb kənardan fələk,
qazancını sayacaq
dəyirman sahibi tək .