Spirtli içkilər və siqaret BAHALAŞIR: “Qiymət artımı arzuolunan deyil”

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, spirtli içkilərin aksiz dərəcəsi 3.2 AZN-dən 4 AZN-ə, siqaretin aksiz dərəcəsi 35 AZN-dən 38,5 AZN-ə qaldırılıb. Eyni zamanda avtomobil, alkoqollu içki və siqaretdən ƏDV geri qayıtmayacaq.

Bu qərarla bağlı iqtisadçı Eldəniz Əmirov öz fikirlərini Yenicag.az-la bölüşüb.

İqtisadçı qeyd edib ki, sözügüdən məhsulların qiymətində bahalaşmanın baş verməsinin əsas səbəbi tələbatın yüksək olmasıdır:

“Dünyada və ölkəmizdə müşahidə olunan qiymət artımları fonunda spirtli içkilər və tütün məmulatlarının aksiz dərəcəsinin qalxması gözlənilən idi. Çünki sözügedən məhsullar insanlar tərəfindən kütləvi istifadə olunur. Bu məhsulların aksiz dərəcəsinin artması alqışa layiq olmasa da, kimlərinsə siqaret və içki aludəçiliyi kimi vərdişdən xilas olmasına yol aça bilər. Məhz bu baxımdan dəyişikliyi müsbət hal saymaq olar. Ümumilikdə qiymət artımı heç də arzuolunan deyil. Çünki spirtli içkilərin aksiz dərəcəsinin qalxması təxmini 25 faizlik artım deməkdir. Tütün məmulatlarında isə bu artım 10 faiz təşkil edir. Nəticədə qiymətlərdə artımın olması qaçılmazdır. Qiymət artımı bu və ya digər formada istehlakçıların xərc yükünü artıracaq”.

Qeyd olunan məhsullar üzrə ƏDV-nin geri qaytarılmamasına da toxunan Eldəniz Əmirova görə, ƏDV-nin geri alınması prinsipində əsas məqsəd iqtisadiyyatın ağardılması idi:

“Kölgə iqtisadiyyatını aradan qaldırmaqla, vətəndaşları ƏDV qaytarılmasında aktiv iştirakçıya çevirmək nəzərdə tutulub. Yəni, vətəndaşın istifadə etdiyi xidmət sahələrindən və ticarət mərkəzlərindən aldığı malların çekini tələb etməsini stimullaşdırır. Bir sözlə, vətəndaş iqtisadiyyatın ağardılmasında dövlətə kömək edir. Onu da qeyd edim ki, ƏDV nəğd ödənişlərdə 10 faizlə, nəğdsiz ödənişlərdə isə 15 faizlə geri qaytarılır. Bu tətbiq nəğdsiz ödənişlərin stimullaşdırılması üçün nəzərdə tutulub. Halbuki bu cür yanaşma dövlət büdcəsi üçün itkidir. Bunu nəzərə alsaq, spirtli içkilər və tütün məmulatlarının ƏDV-dən azad olunması prinsipi bəzi sahələrə də şamil olunacaq”.

Gülşən Şərif