Spirtli içkilərin orqanizmdə yaratdığı TƏHLÜKƏ: Bu halda ölümlə nəticələnə bilər – FAKTLAR

Azərbaycanda yerləşən mağazalarda müxtəlif adda və qiymətdə spirtli içki tapmaq mümkündür. Bu durum satışda olan içkilərin nə dərəcədə keyfiyyətli olmasına dair suallar yaradır.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı “Tütün və tütün məmulatı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarına təklif edilən dəyişikliyin müzakirəsində Azərbaycanın yaxşı şərabları olduğunu, lakin idxalın olmadığını dilə gətirərək, bunun keyfiyyətinin ya aşağı olmasını, ya da işin düzgün qurulmadığını deyib.

Millət vəkili bildirib ki, bölgələrə üz tutduqda marketlərdə 3 manat, 4 manata içkilər tapmaq mümkündür. “Baxanda bilinir ki, saxtadır. Mənim cavan dostum saxta araqdan dünyasını dəyişib”, – deyə o vurğulayıb.

Bu fikirlər yerli bazarlarda saxta və keyfiyyətsiz içkilərin mövcudluğunu bir daha gündəmə gətirib.

Mövzu barədə Yenicag.az-a açıqlama verən qida eksperti Elsevər Fərzəliyev deyib ki, spirtli içkinin tərkibindəki metanolun-metil spirtinin miqdarı çox olduqda insanların hətta sonradan bərpa olunmayan korluğa gətirib çıxara bilər:


“Qeyd etmək lazımdır ki, alkoqollu içkilər tərkibindəki etil spirtin yüksək miqdarı ilə bir-birindən fərqlənir. Şərablarda 12,14,19 faizə, alkoqollu içkilərdə isə, 40 faizə qədər spirt olur. Lakin spirtli içkilərin birini digərindən ayırmaq üçün bu sahədə yüksək ixtisaslı mütəxəssis olmaq lazımdır. Yaxud da onun dərin laborator analizini aparmaq lazım gəlir. Spirtli içkinin tərkibindəki metanolun-metil spirtinin miqdarı çox olduqda insanların hətta sonradan bərpa olunmayan korluğa gətirib çıxaran halları da var.

Eyni zamanda, həmin metil spirtinin istifadəsi çox olduqda, o qana keçərək, insanın zəhərlənməsi, nəticədə şəxsin həyatını itirməsinə gətirib çıxara bilər. Keyfiyyət onun etil spirtinin normal miqdarı və digər həll olan maddələrin miqdarı, mineral tərkiblə tənzimlənir”.

İsmayıl Bakuvi

COP29