İranın Mazandaran vilayətində 21 nəfər saxta spirtli içkidən zəhərlənərək, ölüb.
Yenicag.az xəbər verir ki, İran Tələbə Xəbərləri Şəbəkəsinin (SNN) məlumatına görə, Mazandaran Ədliyyə Tibb Baş direktoru Əli Abbasi vilayətdə 21 nəfərin metil spirtinin səbəb olduğu ağır zəhərlənmə nəticəsində öldüyünü bildirib. Ölənlərdən 18-nin kişi, 3-nün qadın olduğunu bildirən Abbasi metil spirtinin istehlakının korluğa, böyrək çatışmazlığına və ölümə səbəb olduğunu deyib.
Mazandaran Sağlamlıq Elmləri Universitetinin Müalicə şöbəsinin müdiri Rəsul Zafermend qeyd edib ki, 284 nəfər metil spirti qəbul etdiyindən zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.
İranlı həkim bildirib ki, ölənlərdən başqa 4-ü görmə qabiliyyətini itirib, 81-i isə böyrək çatışmazlığı səbəbindən dializdən keçib.
Spirtli içkilərin qadağan edildiyi İranda daha ucuz olduğu üçün bəzən qaçaqmalçılıq yolu ilə gətirilən içkilərdə etil spirti əvəzinə metil spirtinin istifadə edildiyi və bunun ölüm və görmə itkisinə səbəb ola biləcək zəhərlənmələrə səbəb olduğu bildirilir.
İsmayıl Bakuvi