Stansiyaların tikintisində narazılıq yaradan “LƏNGLİK”: “Bu işlərin hər biri…” – İqtisadçının etirazına “Bakı Metropoliteni”nindən CAVAB

Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin fəaliyyətinə toxunun iqtisadçı Samir Əliyev tıxacların aradan qaldırılması üçün hər dəfə müxtəlif təkliflər verildiyini, o təkliflərdən birinin də Bakı Metropoliteninin stansiyalarının sayının artırılması olduğunu qeyd edib.

“55 ildə isə cəmi 26 metrostansiya istifadəyə verilib. Yəni 2 ildə cəmi 1 stansiya işə düşüb. Müstəqillik dövründə isə cəmi 8 stansiya istifadəyə verilib. Onun 2-si köməkçi (“Cəfər Cabbarlı” və “Memar Əcəmi”) stansiyalardır. Yəni hər 4 ildə 1 stansiya tikilib. İşlərin bu şəkildə ləng getməsi isə tıxac probleminin daha da uzanmasına yol açır”, – deyə qeyd edən iqtisadçının fikirlərinə Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında münasibət bildirib.

Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri açıqlamasında vurğulayıb ki, metropoliten üçün ən vacib məsələ təkcə stansiyalar deyil, ümumilikdə metropolitenin fəaliyyətində mühüm əhəmiyyətli infrastruktur olan depolardır:

“Hazırda Bakı Metropoliteninin 26 stansiyası var. Bu ilin sonuna kimi 27-ci stansiya təhvil veriləcək. Hazırda Bənövşəyi xəttin elektrik deposu birinci mərhələ üzrə son tamamlanma mərhələsindədir. Xocahəsən metrostansiyasında elektrik deposu da istifadəyə veriləcək. Müstəqillik dövrünə gəlincə, ilk illərin mürəkkəb bir şəraitdə keçməsi hər kəsə məlumdur. Həmin dövrün maliyyə və texnoloji cəhətdən özünəməxsus ciddi problemləri var idi. Bununla yanaşı, Bakı Metropoliteni postsovet məkanında vahid metropoliten sistemi texnologiyaların tətbiqi baxımından asılı şəraitdə idi. Bakı Metropolitenində sistemin infrastrukturunun həlli istiqamətində aparılan işlər, xüsusən də təchizat məsələsi Sovet dövlətinin digər respublikalarında istehsal olunan məhsullardan çox asılı idi. Bura qurğu və avadanlıqlar, vaqon parkı, energetika sahəsi və digər məsələlərin həlli daxil idi. Bu gün isə müstəqil ölkəmizdə yeni texnologiyaların tətbiqi günün reallıqlarından biridir. Bənövşəyi xəttin inşasında və istismarında ən müasir texnologiyalardan istifadə olunur. Gələcəkdə bu sistemin yeni xətlərlə yanaşı, mövcud olan digər xətlərdə də tətbiqi istiqamətində müəyyən işlər aparılır. Yəni “hər hansısa iş görülmür” fikri ilə razı deyiləm. Çünki bu gün metropoliteninin 55 ildir fəaliyyət göstərən infrastrukturu da yenilənməli və zamanın tələblərinə uyğunlaşdırılmalıdır. Ötən illərdə bu istiqamətdə kifayət qədər əsaslı işlər görülüb, stansiyaların yenidənqurma işləri aparılıb. Bu işlərin hər biri ağır texnoloji sistemdən keçir. Bugünkü mövcud infratstrukturun qorunması və inkişaf etdirilməsi də vacib məsələlərdəndir.

Qeyd edim ki, vaqon parkı ilə bağlı yeni nəsil qatarlar alınır. Qatarların hərəkətini tənzimləyən idarəetməyə tətbiq olunan sistemdə dispetçer məntəqəsindən tutmuş stansiya və tunellərdə müasir avadanlıqların tətbiqinə qədər mərhələli işlər həyata keçirilir. Bəzi sahələrdə bu proses sürətlə, bəzilərində isə xüsusi nəzarət altında yavaş-yavaş aparılır. Çünki prosesin tətbiqinə görə bu gün metropolitenin iş fəaliyyətini tamamilə dayandırmaq olmaz. Bakı Metropoliteni ölkəmizdə mövcud olan istehsal gücündən istifadə etməklə yanaşı, özü də istehsal prosesinə qoşularaq dəmir beton bloklarının istehsalında iştirak edir. Bu addım qənaət, səmərə, iqtisadi göstəricilərdə müsbət nəticələrin əldə olunması, işçi əməyindən səmərəli istifadə olunması, sərnişin təhlükəsizliyi və etibarlılığı baxımından effektivdir”.

İnşaat məsələsinə də toxunan Bakı Metropoliteni rəsmisinin sözlərinə görə, Xocahəsən qəsəbəsində inşa olunan stansiyadan əlavə olaraq, Bənövşəyi xəttin dördüncü yeraltı stansiyasının inşaat işləri davam etdirilir:

“Əsas məsələ budur ki, sadəcə metropolitenin texnoloji cəhətdən hazırlığı deyil, eyni zamanda Bakının ağır hidroloji şəraiti də nəzərə alınmalıdır. Bakı Metropoliteninin infrastruktur kimi fəaliyyət göstərməsi son dövlərdə xüsusi qapadılmış inteqrasiya olunmuş nəqliyyat prinsiplərinin həyata keçirilməsi baxımından görülən işlərin tərkib hissəsidir. Bu mənada metropoliten xətlərinin ümumi uzunluğununun 119,1 km-ə, stansiyaların sayının isə 76-ya çatdırılması deyil, həmçinin şəhərin digər nəqliyyat infrastrukturu ilə vahid sistem şəklində fəaliyyəti vacibdir. Bakı Metropoliteni xətlərinin ayrılması layihəsi ən aktual məsələlərdən biridir. Bakı şəhərinin yeni Baş Planında təsdiq olunandan sonra həmin layihə çərçivəsində 9 stansiyanın inşası nəzərdə tutulur. Belə ki, Xətaidən sonra 4 stansiyanın, Dərnəgüldən sonra 3 stansiyanın inşası xüsusidir. Daha 2 stansiya isə xətlər ayrılandan sonra hər bir xəttin müstəqil fəaliyyət göstərməsi üçün qatarın bir yoldan digər yola keçib, əks istiqamətdə hərəkət etməsini və intervalların az olmasını təmin edən xüsusi dalanlar olacaq”.

Gülşən Şərif