Start götürən məktəb alış-verişi: Ən çox bahalaşma bu məhsuldadır – ARAŞDIRMA

Yeni tədris ilinin başlamasına, demək olar ki, az zaman qalıb. Bu səbəbdən də indidən əksər yerlərdə məktəb ləvazimatlarının satışı həyata keçirilir. Valideynlər də vəziyyətlə maraqlanır, hazırkı qiymətlərin büdcələrinə uyğun olub-olmadığını aydınlaşdırmağa çalışırlar. Bəs, görəsən, mövcud qiymətlər ötən illə müqayisədə necə dəyişib?

Yenicag.az olaraq bu suala cavab tapmağa çalışdıq. Belə ki, ilk olaraq paytaxt sakinlərinin bu barədə fikirlərini öyrəndik. Respondentlərin cavabı, gözlənildiyi kimi, fərqli oldu. Onların bəziləri qiymətlərin indiki şəraitə uyğun, yəni normal olduğunu bildirsələr də, əksəriyyət qiymətlərin keçən illə müqayisədə hətta 2 dəfəyədək bahalaşdığını iddia etdi. Onların fikrincə, ən çox qiymət artımı məktəb çantalarında baş verib. Dəftər, qələm, karandaş kimi ləvazimatların qiymətləri isə növünə görə dəyişməkdədir.

Qiymətlərlə daha yaxından tanış olmaq məqsədilə satış mərkəzləri və bir neçə fərdi mağazalara da baş çəkdik. Mənzərədən belə aydın oldu ki, ən bahalı ləvazimat məktəb çantalarıdır. Qiymətlər də istehsalçı ölkə və firmadan asılı olaraq dəyişir. Belə ki, ən ucuz Çində istehsal edilən çantalar hesab olunur. Normal məhsulun ortalama qiyməti 50-70 manat civarındadır.

Rusiya istehsalı çantaların da alıcılıq qabiliyyəti az deyil. Bu məhsulların ortalama qiyməti 60-80 manat ətrafında dəyişir. Keyfiyyətinə görə daha dözümlü olduğu iddia edilən Almaniya istehsalı olan çantalar təqribən 100-140 manatdan başlayır. Çantalar arasında qiymət fərqi məhz keyfiyyət amilinə görə izah edilir.

Dəftər, qələm, karandaş və bu kimi digər məhsullara gəlincə, qiymətlərdə elə böyük fərq sezilmir. Satıcıların sözlərinə görə, bu məhsulların əksəriyyətinin qiymətində hələ ki dəyişiklik yoxdur, 2-3 ay əvvəlki kimi qalıb. Ötən ildən qalan məhsulların qiymətlərində isə 20-25 faiz endirim olduğu bildirilir. Ümumilikdə, sadalanan məhsullar istisna olmaqla, hələ ki qiymət dəyişikliyi gözə dəymir. Dərs ilinin başlama tarixi yaxınlaşdıqca qiymətlərin yüksələcəyi gözlənilir.

Yusif Səmədzadə