Azərbaycanda əksər məhsulların qiymətində bahalaşma olsa da, rəsmi statistikaya görə, əhalinin gəlirləri artıb
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2016-cı ilin ilk iki ayı üzrə hesabatında bildirilib. Belə ki, 2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 10,2 faiz artaraq 6,46 milyard manata çatıb.
Hesabata əsasən, həmin dövr üzrə əhalinin adambaşına düşən gəlirlərin həcmi 673,3 manat təşkil edib ki, bu göstərici də ötən ilin analoji dövrü ilə müqayisədə 9 faiz artıqdır.
Hesabata əsasən, əhalinin sərəncamında olan gəlirlər göstərilən hesabat dövrü ərzində 5,77 milyard manat təşkil edib. Bu göstərici də ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 9.4 faiz çoxdur.
Əhalinin adambaşına sərəncamında olan gəlirləri 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 8,1 faiz artaraq 601,4 manat təşkil edib.