“Status ancaq müharibəyə qədər olan dövrün keçmişdə qalmış müzakirə predmeti idi” – ŞƏRH

“Vaxtilə təklənmiş vəziyyətdə olsa da, Azərbaycan bütün reallıqları özünün xeyrinə dəyişə bildi”.

Bu fikirləri prezident İlham Əliyevin “France 24” telekanalına müsahibəsində Qarabağ ermənilərinə muxtariyyat verilməsi məsələsinin Azərbaycanın gündəliyində olmaması haqda fikirlərini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, vaxtilə təklənmiş vəziyyətdə olsa da, Azərbaycan bütün reallıqları özünün xeyrinə dəyişə bilib:

“Həqiqətən də, bu məsələdə Azərbaycana çox böyük təzyiqlər var. Bizim üçün nə qədər ağır olsa da, etiraf etməliyik ki, Türkiyə ilə Pakistanın dəstəyi nəzərə alınmasa, Azərbaycan status məsələsində faktik olaraq təklənib.

Ancaq bunu da nəzərə alaq ki, əslində, 44 günlük müharibəyə qədər olan dövrdə də Azərbaycan bütün məsələlərdə təklənmişdi. Hətta o dövrlərdə Türkiyə ilə Pakistan Azərbaycanı indiki kimi aktiv şəkildə müdafiə edə bilmirdi.

Lakin buna baxmayaraq, Azərbaycanın məqsədyönlü siyasəti, beynəlxalq miqyasda həyata keçirdiyi fəaliyyət və ölkə daxilində hərbi quruculuqdan tutmuş başqa istiqamətlərə qədər görülən sistemli işlər ona gətirib çıxardı ki, ölkəmiz özü üçün çox əlverişsiz mövqedən tamamilə uduşlu bir mövqeyə çıxdı.

Yəni vaxtilə təklənmiş vəziyyətdə olsa da, Azərbaycan bütün reallıqları özünün xeyrinə dəyişə bildi. Ona görə bu gün də status məsələsində Azərbaycan Türkiyə və Pakistan istisna olmaqla, əksər ölkələr Ermənistanın mövqeyini dəstəkləsələr də, indiki üstünlüyümüz sonda ölkəmiz üçün uduş vəd edir.

Ona görə ki, Azərbaycan doğru yoldadır, ədalətli mövqedədir, iddialıdır və ardıcıl iradə nümayiş etdirir. Bu baxımdan, Azərbaycan haqlı olaraq hesab edir ki, status məsələsi artıq həll olunub. Çünki müharibənin nəticələri yeni reallıqlar yaradıb və status ancaq müharibəyə qədər olan dövrün keçmişdə qalmış müzakirə predmeti idi”.

A.Zeynalov