Dünən Vaşinqtondan havaya qalxan “Gulfstream G650” şəxsi təyyarəsi Moskvaya eniş etməsi Qərb mətbuatında geniş rezonans doğurub.
Yenicag.az xəbər verir ki, Trampın Yaxın Şərq üzrə nümayəndəsi, yəhudi əsilli iş adamı Stiv Vitkoffun sözügedən səfəri ilə bağlı daha sonra “The New York Times” nəşrinin yayımladığı məqalədə bildirilib ki, Stiven Vitkoffun Kremllə danışıqları çərçivəsində Rusiyada həbsdə olan amerikalı Mark Fogelin azad edilməsi təmin edilib.
Bundan əlavə, bir sıra Qərb nəşrləri Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun həmçinin Moskvada yəhudi əsilli iş adamları, hətta Putinin ən yaxınları hesab edilən Rottenberq qardaşları ilə görüşdüyü barədə sensasional iddialarla çıxış ediblər. Trampın xüsusi nümayəndəsinin yəhudi qardaşlarla hansı məsələləri müzakirə etdiyi və Putinə hər hansısa Trampdan mesaj gətirib-gətirmədiyi isə məlum deyil.
“The Atlantic”in mənbələri isə bildirib ki, Vitkoffun Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi olacağı gözlənilirdi, lakin sonda bu vəzifəni Keyt Kelloq öz üzərinə götürdü, lakin təqaüdçü generalın sərt ritorikası Kremli qane etmir.
Məlumata görə, onun qızı Meqan Mobbsun “Weatherman” Fondunu idarə etdiyi məlum olub. Bu fond Ukraynada öldürülən və yaralanan amerikalı könüllülərin təxliyəsi işini görür və Ukraynaya humanitar yardım göndərir. Bir sözlə, generalın qızı Ukrayna tərəfdarı kimi görünür deyə Moskva Kelloqa isti yanaşmır.
Nəşrin analitiklərinin fikrincə isə çevik yəhudi hüquqşünas, iş adamı və danışıqlar aparan Vitkoff isə Kremldə Trampın şəxsi etibar etdiyi şəxslərdən biri kimi qəbul edilə bilər. Tramp Vitkoffun İsrail və HƏMAS arasında razılaşmaya vasitəçilik etmək səylərini yüksək qiymətləndirib. Görünür, onun Moskvada olması da Tramp administrasiyasının Ukrayna müharibəsi ilə bağlı planlaşdırdığı sülh sazişinin bir hissəsidir.
Rafi Müslümov