Stoltenberq Bakıya niyə gəlir? – SENSASİON İDDİALAR

NATO-nun baş katibi Yens Stoltenberq martın 17-dən 19-dək Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. Şimali Atlantika Alyansın mətbuat xidmətindən verilən məlumata görə, bazar günü, martın 17-də Bakıya səfər edəcək və burada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Ertəsi gün NATO baş katibi Tiflisə gedəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirəcək. Nəhayət, çərşənbə axşamı, martın 19-da Stoltenberq İrəvanda olacaq və burada Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov svpressa.ru-ya NATO baş katibinin səfərini şərh edib. Blinov deyib ki, “Qafqaz əbədi qeyri-sabitlik zonasıdır və ola bilsin ki, burada Rusiya ilə qarşıdurmanın yeni cəbhəsi açılacaq”: “Amma region ölkələrinin NATO-ya qoşulması gündəmdə deyil. Səfərlə bağlı başqa versiya da var: postsovet respublikalarına xəbərdarlıq edəcəklər ki, İranla qarşıdurmaya getməsinlər. Çünki Azərbaycan-Ermənistan müharibəsinin nəticəsində Türkiyə Zəngəzur dəhlizi ilə Xəzər dənizinə çıxış əldə edə bilər ki, bu da NATO-nun Xəzər dənizində varlığı deməkdir. Onlardan Rusiya və İrana qarşı istifadə oluna bilər. İranın regionda ən cidi rəqibi Azərbaycandır. Azərbaycan İsraillə ciddi əlaqələr qurub. Tamamilə mümkündür ki, Bakı gələcəkdə NATO və yəhudi dövlətinin maraqlarını ifadə edən dəniz qüvvələrinin yerləşdiyi məkana çevrilsin. Bəlkə başqa versiya da var, lakin indikdə heç birinə birmənalı cavab vermək mümkün deyil”.

l-408598.jpg (40 KB)

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmakov da səfəri NATO-nun Cənubi Qafqaza artan marağının təsdiqi hesab edir: “NATO-nun baş katibinin Alyansın üzvü olmayan, lakin bu təşkilat üçün maraq kəsb edən ölkələrə səfər etməsi nümunələri var. Məsələn, Stoltenberqin 2023-cü ilin yanvarında Yaponiya və Cənubi Koreyaya səfərini qeyd edə bilərik. Məlum olduğu kimi, Cənubi Qafqazda Gürcüstan NATO ilə ən sıx əlaqələri olan ölkədir. Xüsusilə, 2018-ci ildə ölkə konstitusiyasına NATO-ya tam inteqrasiya haqda dəyişiklik edilib. Stoltenberq artıq bir neçə dəfə bu ölkəyə səfər edib. Ermənistana gəlincə, alyansın bu dövlətə marağında əlavə faktor İrəvanla KTMT arasında soyuqluqdur. NATO bu marağı hələ Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-dəki işini “dondurduğunu” elan etməmişdən əvvəl də vardı. Məsələn, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina 2023-cü ildə iki dəfə, 2024-cü iln yanvarında İrəvana səfərlər edib”.

Ekspertə görə, hələlik NATO bu ölkələrin hər birinin xüsusiyyətlərini nəzərə alaraq, regionda daha çox “bayraq nümayişini” həyata keçirir.

original (5).jpg (97 KB)

“Stoltenberq əvvəl Bakıya, sonra Tiflisə, sonda İrəvana gedir. Bu ardıcıllığı necə izah edə bilərik” sualına ekspert belə cavab verib: “Ola bilsin ki, Stoltenberq səfərə Azərbaycandan başlamaqla, Xavyer Kolominanın 2024-cü ilin yanvarında Bakıya gəlməməsini kompensasiya etməyə çalışır. Bundan əlavə, belə bir səfər proqramı ABŞ (NATO-nun aparıcı oyunçusu kimi) ilə Bakı arasında 2023-cü ilin sonunda nəzərəçarpacaq dərəcədə soyuqlaşmanın “ərimə” ehtimalının siqnalı ola bilər”.

Ekspert Ermənistanın KTMT-dən çıxması və NATO-ya mümkün üzvlüyü ilə bağlı da fikirlərini açıqlayıb: “Ermənistanın KTMT-dən rəsmi şəkildə çıxıb-çıxmaması yaxın gələcəkdə həm rəsmi İrəvan, həm Moskva, həm də Qərb oyunçuları ilə siyasi sövdələşmə mövzusu olacaq. Eyni zamanda, Ermənistanın KTMT-dən çıxması ilə bağlı ssenari, yəqin ki, Fransa tərəfindən İrəvana təsirini artırmaq imkanı kimi dəyərləndirilir”.

COP29