Strateji ehtiyatların azalma RİSKİ: “Həm hökumətin xərcləri artacaq, həm də…” – İqtisadçıdan PROQNOZ
“Qarşıdakı 6 ay ərzində Neft Fondunun 11 milyard dollar itirəcəyinə dair proqnoz real görünmür”.
“Fitch” beynəlxalq reytinq agentliyinin açıqlamasına görə, Azərbaycanın xarici aktivləri 2020-ci ilin sonuna 38,3 milyard dollara qədər azalacaq. Azərbaycanla bağlı mənfi proqnozda neftin qiymətinin aşağı düşməsi və COVID-19 pandemiyasının ölkənin xarici ehtiyatlarına təsiri və əhəmiyyətli makroiqtisadi düzəliş riski əks etdirilib.
Yenicag.az xəbər verir ki, iqtisadçı Samir Əliyev “Fitch” agentliyinin proqnozunu dəyərləndirib.
Agentliyin bədbin proqnozunun ilin ikinci yarısının daha ağır keçəcəyindən xəbər verdiyini bildirən Samir Əliyevin sözlərinə görə, qarşıdakı aylarda pandemiyanın 2-ci və 3-cü dalğasının başlamaq riski və neftin yenidən ucuzlaşması təhlükəsi də var:
“Xarici ehtiyatlarımızın 38,3 milyard dollara düşməsi üçün Neft Fondunu aktivləri 32 milyard dollara qədər azalmalıdır. Yəni Fond 6 ay ərzində 11 milyard dollar (18,7 milyard manat) itirməlidir. Bu isə real görünmür. Hərçənd ki, Neft Fondu birinci rübdə 2 milyard dollar itirib.
Fərz edək ki, vəsaitin təxminən 2-3 milyard dollarını Mərkəzi Bank öz üzərinə götürdü. İstənilən halda Neft Fondu ən azı 8 milyard dollar (13,6 milyard manat) xərcləməli olacaq. Agentliyin bu rəqəmləri havadan götürdüyünü də demək olmaz. Çünki Agentlik hökumətlə sıx işləyir və mətbəx məlumatlarına çıxışı daha yaxşıdır”.
İqtisadçı vurğulayıb ki, hökumətin dövlət büdcəsinə dəyişiklik etməsi planı yenidən gündəmə gəlib. Çox güman ki, burada əsas donor Neft Fondu olacaq:
“Hökumət birinci rübdə 2 milyard dollar vəsaitlə problemi həll edə bildi, ikinci rübdə isə müxtəlif inzibati yollarla və neftin nisbətən bahalaşması hesabına qənaət edə bildi. Hər bir halda, ilin ikinci yarısı iqtisadiyyatımız üçün çətin keçəcək.
Həm hökumətin xərcləri artacaq, həm də iqtisadiyyatdan topladığı gəlirləri azalacaq. Xərcləri qarşılamaq üçün isə kənardan vəsait cəlb etməyə məcbur olacaq. Pandemiya problemi həllini tapmasa, ehtiyatlarımızın azalması qaçılmazdır”.
Gülşən Şərif