!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Stratfor”un doğrulan proqnozu: Kerç Boğazı kimi “udacaq”?

!Reklam – Yazi

ABŞ və Rusiya arasında qlobal qarşıdurmanın məkan rotasiyası yenidən Ukraynaya keçir.

ABŞ-ın “CIA-nin kölgəsi” hesab olunan “Stratfor” təşkilatının Ukrayna ilə Rusiyanın Kerç Boğazında toqquşacağına dair bir müddət əvvəl verdiyi proqnoz özünü doğrultdu. Yaranmış qarşıdurmanın nəticəsi olaraq, hazırda Azov Dənizi iki ölkə arasında növbəti “qaynar nöqtə”yə çevrilib. Başqa sözlə desək, Ukrayna ABŞ və Rusiya arasında böyük nüfuz savaşının episentri statusunu özünə qaytarmaq ərəfəsindədir.

Nə Baş Verib?

Noyabrın 25-də Kerç Boğazı vasitəsilə Azov Dənizinə çıxmağa cəhd edən Ukrayna gəmiləri Rusiya tərəfindən atəşə tutulub. Nəticədə Rusiya hərbçiləri Ukraynaya məxsus iki hərbi gəmi və bir yedək gəmisini şəxsi heyətlə birlikdə ələ keçiriblər. Qeyd edək ki, Kerç Boğazı Krım yarımadasının şərq hissəsində yerləşir və Azov Dənizini Qara Dənizlə birləşdirir.

Ukraynanın siyasi rəhbərliyi dərhal Rusiyanın bu addımını pisləyərək, Rusiyanı hərbi təcavüzdə günahlandırdı. İnsidentdən sonra Ukrayna prezidenti Petro Poroşenko noyabrın 28-dən etibarən, ölkədə 30 gün müddətinə (zərurət olduqda artırıla bilər) hərbi vəziyyət elan edib. Ukrayna və Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmış vəziyyətlə bağlı təcili toplantısının çağırılmasını istəyirlər.

Müqavilə, Krım və Ticarət

Rusiyaya görə, 2014-cü ildə Krımın ilhaqından sonra Moskva ilə Kiyev arasında 2003-cü ildə imzalanmış Azov Dənizi və Kerç Boğazından istifadəyə dair razılaşmanın şərtləri aradan qaldırılır. Rusiya mövqeyini belə “əsaslandırır” ki, Krımın ilhaqından sonra Kerç Boğazı boyunca bütün hövzə artıq onun ərazi suları sayılır. Lakin məlum olduğu kimi, həm Ukrayna, həm də dünya dövlətlərinin əksəriyyəti Rusiyanın Krımı ələ keçirməsini işğal faktı kimi qiymətəndirir. Ukrayna hökuməti öz gəmilərinin hər hansı maneə olmadan Kerç Boğazı və Azov Dənizinə azad keçid hüququnun olduğunu israrla bəyan edir. Xatırladaq ki, bir neçə ay əvvəl Ukrayna siyasi rəhbərliyi 2018-ci ilin sonuna qədər Azov Dənizində hərbi-dəniz bazası yaradacağı barədə bəyanat vermişdi. Məhz bu anonsdan sonra Rusiya qeyd olunan sularda Ukraynanın dəniz nəqliyyatının hərəkətini məhdudlaşdırmağa başladı. Ukrayna üçün Azov Dənizinə çıxış həm iqtisadi, həm də təhlükəsizlik baxımından çox vacibdir. Ukrayna Kerç Boğazına sərbəst girişi olmadan, hətta özünə məxsus olan Mariupol limanına çıxışdan da məhrum olur.

Nə üçün toqquşma?

Bu insidentin böyüyərək, Rusiya və Ukrayna arasında geniş hərbi qarşıdurmaya çevrilmək riski böyükdür. Hər iki ölkə Ukraynanın Donbas bölgəsində dondurulmuş münaqişəyə cəlb olunduğundan, artıq buradakı gərginlik fərqli variantlarda inkişaf edir. Rusiya ilə müqayisədə Hərbi Dəniz Qüvvələri zəif olan Ukraynanın Azov Dənizində ona tutarlı cavab vermək gücündə olmadığı məlumdur. Buna görə də Ukraynanın Azov Dənizində və Kerç Boğazında irəli sürdüyü tələblərin Moskva tərəfindən nəzərə alınacağı gözlənilmir.

Bununla belə, Ukraynanın Rusiyaya cavab zərbəsi endirməyə hazırlaşmaması münaqişənin alovlanacağı ehtimalını hələ ki aşağı həddə saxlayır. Hərbi potensial baxımından Rusiyadan geri qalan Ukrayna ABŞ və Avropa başda olmaqla, dünyanın diqqətini Rusiyanın təcavüzkar siyasətinə yönəltməyə çalışır.

Donald Tramp administrasiyasının Rusiya ilə yaxınlaşması, o cümlədən, Krımın Rusiya tərəfindən işğalı ilə barışması Kiyev üçün böyük sarsıntı olacaq. Ukrayna Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutan G-20 Sammitində ABŞ və Rusiya prezidentlərinin görüşərək, son insidenti müzakirə edəcəklərinə inanaraq, təmkinlə davranmağa üstünlük verdi. Kiyev beynəlxalq birliyin Rusiyaya təzyiqləri artıracağına hələ də ümidlidir. Ukrayna hakimiyyəti ölkədə hərbi vəziyyət elan etməklə, Rusiyanın təcavüzkar siyasətinə cavab vermək qətiyyətini nümayiş etdirir və Qərbin diqqətini bu məsələyə yönəltməyə cəhd göstərir.

Aşağıda göstərilən xəritədə Ukrayna və Rusiyanın Azov Dənizində yaratdıqları hərbi potensial əks olunub.


Həmin xəritəyə əsasən, Ukrayna Azov Dənizində 66 hərbi gəmi və digər yardımçı hərbi-dəniz birləşmələrinə, o cümlədən, 11 min nəfərlik şəxsi heyətə malikdir. Rusiya isə həmin hövzədə 2 min 800 müxtəlif həcmli hərbi gəmiyə və 25 min nəfərlik şəxsi heyətə malikdir.

Azov Dənizində baş verən məlum toqquşmada Ukraynanın lehinə ola biləcək məqam ABŞ və Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı təzyiqləri artırması, həmçinin NATO-nun Qara Dənizdə hərbi mövcudluğunu genişləndirməklə, Kiyevə dəstəyini artırması ola bilər. NATO həmçinin Ukrayna Hərbi-Dəniz Donanmasını yenidən qurmaqda öz dəstəyini verə bilər. Ancaq Ukraynanın NATO-ya üzvlük məsələsinin Rusiyanı hərbi əməliyyatlara başlamaq qədər qıcıqlandırması Qərbi narahat edir. Digər tərəfdən, Rusiya Ukraynanın bütün etirazlarına çox sərt reaksiya verir. Bu vəziyyət ABŞ və Aİ-nin Rusiyaya qarşı təzyiqləri gücləndirməsinə zəmin yaradır.

Bundan əlavə, Ukraynada hərbi vəziyyətin elan olunması ölkədə müəyyən ruh yüksəkliyi yaradıb və bu, ciddi psixoloji üstünlük hesab oluna bilər. Ukraynada 2019-cu ilin martında keçiriləcək növbəti prezident seçkilərində Petro Poroşenkonun prezident seçilməmək riski kifayət qədər yüksəkdir. Ukrayna hakimiyyətinə müxalifətdə olan bəzi siyasi qüvvələr ölkədə hərbi vəziyyətin elan olunmasını prezident Poroşenkonun “siyasi xal qazanmaq” üçün atdığı “hiyləgər addım” kimi qiymətləndirirlər.

Eyni zamanda, hərbi vəziyyət elan edildikdən sonra tətbiq olunan məhdudlaşdırıcı qaydalar da hələ ki tam aydın deyil. Hərbi vəziyyət haqqında qanunvericilik hökumətə telekommunikasiya, radio və mətbuat da daxil olmaqla, medianın fəaliyyətini məhdudlaşdırmaq, həmçinin, nəzərdə tutulan seçkiləri təxirə salmaq hüququ verir. O baxımdan, hakimiyyət hərbi vəziyyət şəraitində özü üçün müəyyən siyasi üstünlüklər qazanmış olur. Yəni hərbi vəziyyətin tətbiq olunmasının ölkənin milli təhlükəsizliyi ilə əlaqələndirilməsi Poroşenko hakimiyyətinə haqq qazandırmaqla yanaşı, Rusiya ilə lokal müharibə aparmağa da imkan verəcək.

Noyabrın 25-də baş verən hərbi insidentin səbəblərini bəyan edən Ukrayna hökuməti bununla həm də diqqəti iqtisadiyyatdakı problemlərdən yayındırmağa çalışır. Noyabrın 26-da Ukrayna milli valyutası qrivna ABŞ dollarına qarşı 1.6 faiz ucuzlaşdı. 2017-ci ildə dövlət istiqrazlarının satışından sonra ölkənin borc-xərcləri maksimal həddə çatıb. Noyabrın 26-da Ukrayna Mərkəzi Bankının sədri Yakov Smoliy ölkənin əsas kommersiya banklarının rəhbərləri ilə görüşərək, onları Ukraynanın maliyyə sabitliyinin təmin olunmasında ciddi rol oynamağa çağırıb.

Ukrayna 2015-ci ildən etibarən, Beynəlxalq Valyuta Fondunun (BVF) islahatlar proqramını yerinə yetirməkdədir. BVF Ukraynada elan olunmuş hərbi vəziyyətin sözügedən proqrama təsiri haqqında hələ ki mövqe bildirməyib. Bununla belə, adıçəkilən qurum Ukraynada cərəyan edən prosesləri diqqətlə izləyir.

“Stratfor” Kəşfiyyat Analitik Mərkəzi

www.yenicag.az

3375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv