Ştraus orkestri Bakıda konsert verib

64368Noyabrın 26-da məşhur Vyana Ştraus Festival Orkestrinin Bakıda ilk dəfə konserti olub.

Heydər Əliyev Mərkəzində keçirilən konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, “Valsın kralı” İohan Ştrausun, eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri səslənib.

Orkestrin yaradıcısı və bədii rəhbəri, məşhur dirijor, virtuoz skripkaçı Peter Qut Bakıda olmaqdan şərəf duyduğunu bildirib.

Konsertin maraqlı məqamlarından biri isə Peter Qutun orkestrin müşayiəti ilə skripkada ifası oldu.

Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir.

Orkestr müxtəlif festivalların, həmçinin Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə açılır.

Orkestr 35 illik fəaliyyətində Yaponiya, Çin, Koreya Respublikası, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyasının qəlbini fəth edib. (qafqazinfo.az)