Su ehtiyatları ilə bağlı VACİB NÜANS: “Azalmağa doğru gedir”

“Azərbaycanda keçirilən COP29 tədbirinin gedişatında iqlim dəyişikliyinin Azərbaycanın su ehtiyatlarına böyük mənfi təsirləri olacağı bildirilib”.

Məsələ ilə bağlı Yenicag.az-ın əməkdaşlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinə sözügedən məsələ ilə bağlı müraciət göndərib.

Qurumdan verilən məlumata görə, Azərbaycan iqlim dəyişikliyinin təsirlərini ciddi şəkildə hiss edir.

Məlumata əsasən, temperatur, nizamsız yağıntılar və dəniz səviyyəsinin qalxması kimi amillər ölkənin kənd təsərrüfatına, su ehtiyatlarına və təbii ekosistemlərə mənfi təsir göstərir:

“Temperaturun artması və qeyri-müntəzəm yağıntılar Azərbaycanın bəzi bölgələrində quraqlıq problemlərinə səbəb olub. Bu vəziyyət kənd təsərrüfatı məhsuldarlığını azaldır və su ehtiyatlarını təhlükə altına alır. Güclü yağışlar sel və daşqınların tezliyini və şiddətini artırır. Bu vəziyyət infrastruktura, kənd təsərrüfatı torpaqlarına və yaşayış sahələrinə ziyan vurur.

Qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin qalxması Azərbaycanın sahil rayonlarını təhdid edir. Bu, sahil eroziyasına və duzlu suların basmasına səbəb olur. İqlim dəyişmələri ölkəmizin ərazisində əsasən uzunmüddətli dövr üçün temperaturun artması və yağıntıların azalması ilə müşahidə olunur. Bu da ona gətirib çıxarır ki, yerli çaylarımızın sululuğu azalır.

Bununla bərabər, eyni proseslər qonşu ölkələrdə də gedir. Bu da bizim ölkəyə gələn transsərhəd çaylarının sululuğunun azalmasına səbəb olur.

Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxunun Türkiyə, Gürcüstan, Ermənistan və İran ərazisində formalaşdığını nəzərə alsaq, buradan belə nəticə çıxarmaq olar ki, ölkəmiz çox yüksək transsərhəd iqlim risklərinin olduğu bir regiona təsadüf edir. Yəni təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir”.

Mətbuat xidməti su ehtiyatlarımızın qorunub-saxlanması üçün mühüm addımların atılmasını da zəruri hesab edir:

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 10 oktyabr 2024-cü ildə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur. Milli Strategiya 2024-2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcəkdir.

1. 2024-2027-ci illəri əhatə edən birinci mərhələdə su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmə təkmilləşdiriləcəkdir. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, tullantı və yağış sularının idarə olunması, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması təmin ediləcəkdir.

2. 2028-2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin ediləcəkdir.

3. 2031-2040-cı illəri əhatə edən üçüncü mərhələdə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin ediləcəkdir”.

Mətbuat xidmətindən verilən məlumata əsasən, su ehtiyatlarımızın azlığı Azərbaycan iqtisadiyyatına müxtəlif təsirlər bağışlaya bilər:

“Təbii iqlim dəyişiklikləri səbəbindən su ehtiyatlarında çatışmazlıqlar yaranır. Su ehtiyatlarının azalması iqtisadiyyata öz təsirini göstərir. Azərbaycan iqtisadiyyatına baxdıqda, sudan əsasən enerji istehsalında və kənd təsərrüfatında istifadə olunur. Çaylarda suların azalması Su Elektrik Stansiyalarının iş prinsipinə mənfi təsir edir. Bu da elektrik enerjisi almaq üçün qonşu ölkələrə müraciət etməyimizə gətirib çıxarar. Eyni zamanda, Azərbaycanda su tələbatının çox hissəsi kənd təsərrüfatının payına düşür. Təbii olaraq torpaqdan əldə etdiyimiz qidaların yetişidirilməsi birbaşa su ilə əlaqədardır. Su resurslarının azalması bu ehtiyaclarımızın əldə olunmasına mənfi təsir göstərir”.

Mayıl Soltanov

COP29