Sudanda daşqın: Ölənlərin sayı 100-ü keçdi 

Sudanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı yerli təhlükəsizlik xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, təbii fəlakətdən daha azı 120 nəfər zərər çəkib.

Sentyabrın 4-də “Əl-Cəzirə” telekanalı daşqınlarda 112 nəfərin öldüyünü, 4000-dən çox evin dağıldığını bildirib. Əl-Hadath telekanalının məlumatına görə , Sudanın paytaxtı Xartumdakı beynəlxalq hava limanı pis hava şəraiti ilə əlaqədar həmin gün işini bir neçə saatlıq qismən dayandırmaq məcburiyyətində qalıb.

Sudanda may ayında başlayan leysan yağışları bütün şəhərləri su altında qoyaraq minlərlə insanı evlərini tərk etməyə məcbur edib. Fırtınadan ən çox Naqr en-Nil, Şimali Kordofan, Əl Gezira, Cənubi Darfur və Cənubi Kordofan əyalətləri, həmçinin Ağ Nil zərər çəkib.

Sudanda yağışlı mövsüm maydan sentyabr ayına qədər davam edir. Ötən il daşqınlar 80 nəfərin həyatına son qoyub./Unikal/