“Ruslar Kurska girən şəxsi heyəti əsir belə götürmürlər, dərhal məhv edirlər”.
Bu sözləri Yenicag.az-z açıqlamasında Rusiya tərəfinin Kurskda həlledici döyüşlərə başladığını bəyan etməsi və Ukrayna cəbhəsində baş verənləri şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.
Şair Ramaldanov bildirib ki, Kurska hücum əmri avantüristlik idi.
“Prinsip cəhətdən hərbi analitiklər də deyirdilər ki, Kursk vilayətinə 20 briqadanın girməsi avatürist addımdır. Ukrayna ordusunun Kurska daxil olması və irəliləməsi Rusiyanın həmin qüvvələri təmas xəttindən aralama məqsədi daşıyırdı. Ordu təmas xəttindən nə qədər aralansa, təminat, atəş dəstək və digər dəstəklər çətinləşir. Ukrayna ordusunun irəliləməsi gücün səpələnməsi kimi də qiymətləndirilə bilər. Ukrayna tərəfi də irəlilədikcə daha da irəliləməyə başladılar, şirinikləşdilər, ərazi genişləndi. Güc səpələnəndə hücum əzmi azalır, istər istəməz müdafiəyə keçməli olurlar. Relyef olaraq da ərazi çox çətindir, meşəlik və bataqlıq ərazidir. Belə olduğu halda, orada müdafiəyə daha çox güc və vasitə tələb olunur”, – deyə o qeyd edib.
Ekspert əlavə edib ki, Rusiyanın daxilində Kursk vilayətində cəbhənin genişləndirlməsi və ərazinin genişləndirlməsi ora daxil olan qüvvələrin xeyrinə yox, ziyanına işləyirdi.
“Ancaq Ukrayna buna getdi. Zelenski açıqlama verirdi ki, bu qədər yaşayış məntəqəsini ələ keçirmişik, bu qədər irəliləmişik. Bunu Qərb mətbuatı da şişdirib yazırdı. Bunlar ABŞ üçün də noyabrda seçki kampaniyasına da yarayırdı. Sırf hərbi cəhətdən işə yaraması yox, informasiyanın öz xeyirlərinə işlədilməsi prosesi baş verdi. Reallıq tam başqadır. Reallıq bu gün gedən proseslərdir. Ruslar Kurska girən şəxsi heyəti əsir belə götürmürlər, dərhal məhv edirlər. Hətta fransız muzdlulardan ibarət iki tabor aşkar edilib, qərar qəbul olunub ki, onların da hamısını məhv etmək lazımdır”, – deyə o bildirib.
O vurğulayıb ki, Kurska hücum əmri avantürist bir addım idi:
“Ehtiyatı olmayan Ukrayna 800 km uzunluğu olan cəbhədə boşluqları doldurmağa çalışırdı. Digər tərəfdən, Kurska giriblər, cəbhə daha da genişlənib. Belə olduğu halda, Ukraynanın belə bir cəbhədə Rusiyanın qarşısını almağı çətin olacaq. Rusiya bunları görür və Pakrovski istiqamətində hücumları genişləndirərək, Ukrayna tərəfini çətin vəziyyətə salır.
Ukrayna siyasi hakimiyyətində də müəyyən proseslər başlayıb. Müəyyən vəzifəli şəxslər istefa verir. O cümlədən, xarici işlər naziri Dmitri Kuleba istefa verib. Türkiyənin də bu gün sülh müqaviləsinin bağlanması ilə bağlı vasitəçilik məsələsi elə belə gündəmə gəlməyib. Ola bilsin, Ukraynanın bu il döyüşə bilmədiyini və gələcəkdə proseslərin Ukrayna üçün faciə olacağını görərək, Rusiyanın diqtə etdiyi şərtlərlə sülh bağlansın. Bütün dünya bundan yorulub”.
Səxavət Məmməd