“Əgər razılaşdırılan məsələlərdən əlavə olaraq sözügedən maneələrin də yolu açılarsa, sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivindən danışan politoloq Əlabbas Məhərrəmli deyib.
Onun sözlərinə görə, il ərzində sülh prosesi ilə bağlı məsələlərin aktiv fazadan passiv fazaya keçdiyini müşahidə edirdik:
“2024-cü ilin bitməsinə sayılı günlər qalıb. Artıq hamı hesab edirdi ki, sülh prosesi 2024-cü ildə imzalanmaya bilər. Artıq müsbət bəyanatlar eşidilir, sülh prosesi ilə bağlı açıqlamalar səsləndirilir. Hiss olunur ki, bu məsələ aktuallığına görə yenidən aktiv formaya keçir”.
Analitik əlavə edib ki, 2025-ci ildə sülh müqaviləsi imzalana bilər:
“Azərbaycan tərəfindən sülh prosesinə heç bir maneə yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində də sülh müqaviləsi üçün əsas maneənin Ermənistanın ərazi iddiaları ilə bağlı olduğunu diqqətə çatdırdı. Eyni zamanda ATƏT-in Minsk qrupu rəsmi olaraq buraxılmalıdır”.
“Bir sözlə, sülh prosesində yeganə maneə bu iki amillə bağlıdır. Əgər razılaşdırılan məsələlərdən əlavə olaraq sözügedən maneələrin də yolu açılarsa sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli