“Sülh müqaviləsindən çox çərçivə sazişinin imzalanması, hətta orada zamanın göstərilməsi mümkündür”.
Bu fikri Yenicag.az-a açıqlamasında Paşinyanın bu ilin noyabr ayına qədər sülh müqaviləsi imzalananr açıqlamasını dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
İlham İsmayılın sözlərinə görə, noyabr ayına qədər sülh müqaviləsinin imzalanması real görünmür.
“Bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. Qərb Cop29-a qədər proseslərin həll olmasında maraqlıdır. Böyük Brityaniyanın baş naziri mart ayında məktub göndərdəndə bildirmişdi ki, yaxşı olar, Cop 29-a qədər sülh müqaviləsi imzalansın. Bu sadə söz deyil, Qərbin mövqeyidir. Qərbin Paşinyana təsiri kifayət qədərdir. 4 kəndin verilməsi ilə bağlı Qərbin xüsusi dəstəyini gördük. Ancaq burda başqa bir məqam da var. 4 kənd, ardınca daha 4 kəndin verilməsi…
Ermənistan iddia edir ki, 2022-ci ildə guya onların ərazisinə daxil olmuşuq, delimitasiyada bunun nəzərə alınması istəkləri var. Bütün bunlarla yanaşı, Azərbaycanın tələblərindən biri də budur ki, Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir. Ermənistan konstitusiyasına dəyişiklik isə noyabr ayına qədər mümkün deyil. Bundan əlavə, Paşinyana qarşı yenidən addımlar atılacaq. Daxildə vəziyyət gərginləşəcək”, – deyə o bildirib.
Ekspert hesab edir ki, sülh müqaviləsindən çox çərçivə sazişinin imzalanması, hətta orada zamanın göstərilməsi mümkündür:
“Paşinyan hətta bir dəfə bildirdi ki, sülh müqaviləsinə “hər iki ölkənin qanunvericiliyində hansısa müddəa bu müqaviləyə mane ola bilməz” maddəsi əlavə edilməlidir. Bu, mübahisə predmetidir. Sabah Paşinyandan sonrakı hakimiyyət deyə bilər ki, ölkənin konstitusiyası müqavilədən daha üstündür. Ona görə də, çərçivə sazişinin imzalanması mümkündür”.
Səxavət Məmməd