“Hər kəs bölgədə sülh olmasının, əməkdaşlığın başlamasının tərəfdaşıdır. Ancaq bunun yeganə bir şərti var. Çox sadə bir şərt var: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.
Bunu ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mümkünatı barədə danışan politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır:
“Fransadan fərqli olaraq, ABŞ rəsmi qurumları ermənipərəst mövqedən çıxış etmir, balanslı mövqe sərgiləyir. ABŞ dövlət katibi Entoni Blinken vasitəçiliyi ilə bir neçə görüş keçirilib. Sonuncu görüş Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında oldu. Bu vasitəçilik bizim üçün də faydalıdır. Prezident İlham Əliyev üç formatı məqbul sayır. Moskva, Brüssel və Vaşinqton. Fransa formatını qəbul edə bilmərik. Çünki ermənipərəst mövqedən çıxış edirlər. Bu səbəbdən vasitəçilik statusunu da itiriblər.
ABŞ vasitəçiliyi sülhə gətirib çıxaracaq demək deyil. Hər kəs bölgədə sülh olmasının, əməkdaşlığın başlamasının tərəfdaşıdır. Ancaq bunun yeganə bir şərti var. Çox sadə bir şərt var: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu baş verməyənə qədər, məncə, heç bir təşəbbüs reallaşmayacaq”.
Nəsimi Ələsgərli