“Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 79-cu sessiyasında Ukrayna ilə bağlı müəyyən fikirlər səslənə bilər. Əgər Ukrayna nümayəndələri də orada iştirak edərək, belə bir plan təqdim edəcəklərsə, bu, təbii ki, Rusiyanın iştirakı olmadan önəmli dəyişikliyə gətirib çıxarmaz. Sadəcə olaraq, bu, Ukraynaya dəstəyi artıra bilər”.
Bu sözləri Yenicag.az-a açlıqlamasında siyasi şərhçi Oktay Qasımov deyib.
O, BMT Baş Assambleyasının 79-cu sessiyasında Ukrayna ilə əlaqədar Kiyevin Qərb tərəfdaşlarının sülh planlarından danışıb.
Onun sözlərinə görə, Ukraynaya əsas dəstək verən ABŞ, Böyük Britaniya və digər NATO ölkələridir:
“Təbii ki, Rusiyasız Ukrayna müharibəsinin yekunlaşması və sülh planları ilə bağlı müzakirələr, düşünmürəm ki, prosesi hansısa cidid dönüşə gətirib çıxara. Amma Rusiyanın mövqeyi də bəllidir və bu, Kiyev üçün qəbuledilməzdir.
Bu baxımdan, Ukrayna savaşının gedişatı daha çox ABŞ-dəki prezident seçkilərinin nəticəsindən asılı olacaq. Lakin respublikaçıların vahid namizədi Donald Trampın hakimiyyətə qayıdarsa, Ukrayna savaşını bitirəcəyi ilə bağlı söylədiyi fikirləri ciddi qəbul etmirəm. Çünki ABŞ-dəki dövlət sistemi elə qurulub ki, orada proseslər yalnız prezidentin iradəsindən asılı deyil. Orada dövlət qurumlarının müəyyən etdiyi siyasət var ki, bunu da prezident həyata keçirir”.
O.Qasımovun qənaətinə görə, Rusiya tərəfindən mövzu ilə bağlı açıqlamalara baxdığımızda – əsasən də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediklərinə nəzər salsaq, görərik ki, Rusiya savaşı davam etdirməklə bağlı qərarlıdır və Ukraynanın təklif etdiyi variantı qəbul etməyəcək:
“Hazırda Rusiyanın ən minimal istəkləri ondan ibarətdir ki, işğal altında tutduğu ərazilər – Donetsk, Zaporojye, Xerson vilayətlərinin bir hissəsi və Luqansk vilayəti Rusiyada qalmaqla sülh müqavilə imzalansın və Ukraynanın NATO-ya qoşulmaması ilə bağlı Kiyevdən təminatlar verilsin. Təbii ki, bu da Ukrayna üçün keçərli deyil”.
Mütəxəssis düşünür ki, sözügedən savaş hələ də davam edəcək və bunun ilin sonuna doğru bu şərtlərlə yekunlaşması inandırıcı deyil:
“Hazırda Ukraynanın müəyyən qədər təşəbbüsü ələ keçirmək imkanları yaranıb. Yəni Kursk vilayətinin bir hissəsinin nəzarətə alınması və Rusiyanın dərinliklərinin atəşə tutulması, xüsusilə də Ukrayna ordusunun Tver vilayəti ilə Krasnodar əyalətindəki silah-sursat anbarlarını bombardman etməsi Rusiyanın təxminən 2-3 aylıq sursatının məhv edilməsi, əlbəttə ki, Kreml üçün müəyyən problemlər yaradıb”.
“Amma savaşın ilin sonuna yekunlaşması ilə bağlı proqnozlar özünü doğrultmayacaq. ABŞ-dəki prezident seçkiləri bu və ya digər formada müharibəyə müəyyən qədər təsir edə bilər, amma kollektiv Qərb də bu savaşda Rusiyanın məğlubiyyətə uğramasından yanadır. O baxımdan, Ukraynaya dəstək də davam etdiriləcək, çünki hazırda Rusiyanın şərtləri ilə sülhün bağlanması Qərbin məğlubiyyəti sayıla bilər. Ona görə də Qərb buna gedə bilməz, çünki belə olduğu halda, faktiki olaraq, Qərb strukturlarında – həm NATO-nun özündə, həm Avropa İttifaqının daxilində, həm də Avropa İttifaqı ilə ABŞ arasında müəyyən çatlar əmələ gələcək ki, bu da Qərb institutlarının deqradasiyasına səbəb ola bilər. Ona görə də Vaşinqtonun belə bir varianta razı olacağını düşünmürəm”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov