“Hələlik bu istiqamətin dəyişdirilməsində Rusiyanın rolunu görə bilmirik”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra Azərbaycanla Ermənistan arasında sülh prosesinin necə irəliləyəcəyindən danışan politoloq Aydın Quliyev deyib.
Onun sözlərinə görə, təbii olaraq bu görüş iki dövlətin münasibətlərinə və əməkdaşlığına təsirsiz ötüşməyəcək.
“Rusiya-Azərbaycan münasibətləri həmişə yaxşı səviyyədə olub və öz dinamikası ilə seçilib. Xüsusilə son 4 ildə Bakı və Kreml arasındakı münasibətlərin daha da yaxşı səviyyətə çatması Qarabağ probleminin həllinə kömək oldu. Hazırki görüş də münasibətlərə müəyyən dinamiklik qatacaq. Ancaq bu gün Azərbaycan üçün ən vacib məsələ Ermənistanla sülh sazişinin imzalanmasıdır. Təəssüf ki, müqavilə Azərbaycanın hansısa ölkə ilə münasibətlərindən yox, məhz Ermənistanın davranışlarından asılıdır”, – deyə o qeyd edib.
Politoloq vurğulayıb ki, Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan birmənalı olaraq sülh prosesində pozucu yol tutub.
“Hələlik bu istiqamətin dəyişdirilməsində Rusiyanın rolunu görə bilmirik. İrəvan bu gün bütün təlimatları yalnız Qərb ölkələrindən alır. Nəticədə isə sülh prosesi dalana dirənib. Əgər hansısa müsbət addım atılacaqsa, yalnız Qərbin təzyiqi ilə mümkün olacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli