“Sülhməramlı qüvvələrin yerləşdirilməsi Qarabağın tam itirilməsi demək olacaq” – Araz Əlizadə

“Azərbaycanda hər hansı xarici ölkənin hərbi qüvvələrinin yerləşdirilməsi yolverilməzdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Belarus prezidenti Aleksandr Lukaşenkonun Dağlıq Qarabağda Rusiya və Belarusun hərbi qüvvələrindən ibarət sülhməramlı kontingentin yerləşdirilməsinin mümkünlüyünə dair fikirlərinə münasibət bildirən deputat Araz Əlizadə deyib.

Araz Əlizadənin sözlərinə görə, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi işğal edilmiş ərazilərimizin tam itirilməsi mənasına gəlir:
“Mən Azərbaycanda hər hansı xarici ölkənin hərbi qüvvələrinin, o cümlədən sülhməramlı kontingentin yerləşdirilməsinin əleyhinəyəm.

Əgər belə bir hal olarsa, Azərbaycan həm müharibəyə başlamaq imkanından məhrum ediləcək, həm də bu, Qarabağın tam itirilməsi demək olacaq. Abxaziya və Cənubi Osetiya nümunəsini unutmamalıyıq.

Bilirsiz, sülhməramlı qüvvələrin ərazidə yerləşdirilməsi nə qədər asandırsa, onların ölkədən çıxarılması bir o qədər çətindir.

Məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxaracaqlar və o qüvvələrin mandatını istədikləri qədər uzadacaqlar, Azərbaycan buna mane ola bilməyəcək.

Mən inanıram ki, Azərbaycan prezidenti belə bir şeyə imkan verməz”.

A.Zeynalov

COP29