“Sülhməramlılar Azərbaycanla Ermənistan arasındakı konflikti dərinləşdirmək istəyən bombadır” – ŞƏRH

“Rusiya ağıllanan deyil, sühməramlılar ağıllı ola bilməz, onlar Azərbaycanla Ermənistan arasındakı konflikti dərinləşdirmək istəyən bombadır”.

Bu sözləri Azərbaycanın Qarabağ siyasəti, Rusiya sülhməramlılarının qeyri-adekvat davranışları və rəsmi Bakının erməni əhalisi ilə münasibət qurması üçün atmalı olduğu addımları dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, ruslar burada olduğu müddətdə ermənilərlə normal təmas mümkün olmayacaq:

“Keçmiş Dağlıq Qarabağ bölgəsində proseslərə nəzarət təəssüflər olsun ki, Rusiyanın əlindədir. Sülhməramlı dediyimiz hərbçilər təlim görmüş “Vaqner” qruplarının üzvləridir, onlar Kreml tərəfdən idarə olunur, İrəvan tərəfdən də nəzarətdədirlər. Onların missiyası erməniləri himayə etmək, gücləndirmək, reablitasiya etmək, Azərbaycana qarşı revanşa hazırlamaqdır. Azərbaycanda jurnalistlərin hərəkətini heç kim qadağan edə bilməz. Azərbaycan vətəndaşları öz ərazilərinə gedə bilmirsə, onda icazə versinlər düşünək ki, Rusiya orada dövlət qurur, orada rejim tətbiq edir. Ona görə də ruslar ərazidə olduğu müddətdə erməni əhalisi ilə təmas mümkün görünmür.

Rusiyasız ermənilərlə təmasa girib daha asan dil, birgə yaşayışın həllini tapa bilərik. Hər iki dövlət, hər iki xalq inkişaf edər. Ancaq bu Rusiyanın strateji, siyasi maraqlarına uyğun deyil.

Azərbaycan siyasi iradə qoymaq mərhələsindədir. Azərbaycan bildirməlidir ki, Rusiyanın orada apardığı siyasət sülhməramlı deyil, konflikt yaratmaq, sülh sazişinə əngəl olmaq missiyalıdır. Ona görə də Moskva bəyannaməsinin və üçtərəfli bəyanatın qüvvədən düşməsi istiqamətində mövqe nümayiş etdirməlidir.

Cəsusları və 5-ci kolon nümayəndələrini çıxsaq, Azərbaycan xalqı vahid mövqedədir. Türkiyə xalqını və Güney Azərbaycanı da hesablasaq 130 milyonluq Rusiyaya dirəniş göstərən toplum var. Qalır siyasi iradə ilə toplumun iradəsini birləşdirmək. Rusiya ağıllanan deyil, sühməramlılar ağıllı ola bilməzlər, onlar Azərbaycanla Ermənistan arasındakı konflikti dərinləşdirmək istəyən bombadır. Onlar zərərsizləşdirilməlidir. Rusiya sülhməramlıları vaxtından əvvəl çıxarılmalıdır. Qarabağda yaşayan erməni əhalisi ilə birbaşa Azərbaycan, xalq diplomatiyasi, mediaları, siyasi rəhbərləri təmasa keçməlidir. Problemin işıqlı həll yolu budur”.

Səxavət Məmməd