“Azərbaycan qeyri-qanuni erməni silahlı dəstələrinə yox, Rusiya sülhməramlılarına qarşı məcburetmə əməliyyatı həyata keçirməlidir. Bu ya siyasi yolla olacaq, ya da ərazidə proseslər baş verəcək”.
Bunu Rusiya Müdafiə Nazirliyi tərəfindən yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd edilməsinin səbəbləri, sülhməramlıların fəaliyyəti və gələcəkdə Azərbaycan tərəfinin atacağı addımları şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.
Elxan Şıxəliyev bildirib ki, Rusiya əllərində olan məxfi xəritələrə uyğun olaraq adları belə seçir:
“Hərbçilər bütün hesabatlarını əllərində olan sənədlə aparırlar. Qarabağdakı Rusiya sülhməramlılarının əlinin altında xəritə nədirsə və onun üzərində nə yazılıbsa, ondan bir addım o tərəfə keçə bilməzlər. Xüsusən də hərbi yazışmalarda hərbi obyektlərin adları, koordinatları, hadisələrin yerləri sorğulananda, onlardan soruşa bilərlər ki, istinad etdiyiniz sənəd nədir, onlar da xəritələri göstərərlər. Onların əllərinin altındakı xəritə Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisindən cənub hərbi dairəsinin komandanlığına, ordan da kontingentə ötürülən məxfiləşdirilmiş 1:50 000 miqyaslı hərbi xəritələrdir. Hərbi nöqteyi nəzərdən onlar buna istinad edirlərsə, onlar sorğulansa, bildirəcəklər ki, əllərindəki sənəd budur. Azərbaycan tərəfi gedişatla onların əlindəki xəritələri dəyişdirməlidir. Ondan sonra proses bizim istədiyimiz kimi dəyişə bilər”.
Sülhməramlıların ərazidəki fəaliyyəti və fəaliyyətsizliyinə gəldikdə isə hərbi ekspert bunları deyib:
“İki ildir ki, sülhməramlıların fəaliyyəti və fəaliyyətsizliyinin eynisini müşahidə edirik. İki ildir ki, hərbçilərə siyasi göstəriş necə gəlir, onlar da o çərçivədə davranırlar. Sonuncu qeyri-qanuni birləşmələrin həvəsləndirilməsi üzərinə orada rusların pis niyyəti var. Bu ondan ibarətdir ki, konflikt daha kəskin mərhələyə keçdikcə onların orada mövcudiyyətinə ehtiyac daha çox artır. 2025-ci ilə qədərki mərhələdə atəşkəs yoxdursa, bu o anlama gəlir ki, sülhməramlılara da ehtiyac yoxdur.
Soçi görüşü öncəsi, Paşinyanın Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti 20 il daha da artırıla bilər mesajlarını hərbçilər “bu bizlikdir” kimi başa düşdülər. Azərbaycan nəbz yoxlanışı üzərinə çox kəskin əks reaksiya verdi. Azərbaycanın reaksiyası o anlama gəlir ki, 2025-ci ildən sonrası üçün həvəslənməyin. Bundan sonra Rusiyanın Qarabağ siyasətində aqressivlik hiss olunur. Bu o deməkdir ki, siyasi cəhətdən təsir edə bilmirəmsə, ərazidə bildiyimi edəcəm.
Ancaq baş verənlər Azərbaycanın lehinə işləməyə başlayıb. Belə ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrovun brifinqi oldu. O, birbaşa ifadə etdi ki, Ermənistanın bizə təklif etdiyi sülh sazişinin mətni “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsində tanımalıdır” kimi ifadə olunub. Bu o deməkdir ki, Qarabağ Azərbaycanın ərazisidir. Əgər Lavrov deyirsə, biz indiyənə qədər sərf etdiyimiz əməyin siyasətdəki paradiqması baş verib. Lavrovun da mesajı Ermənistanadır. Lavrovun bu mesajından sonra Qarabağdakı ermənilər qıcıqlanacaq, kontroldan çıxacaq. Onlar kontroldan çıxanda, Azərbaycan da onların başını əzəcək və Ermənistan beləcə Rusiyanın üstünə qaçacaq. Hazırda Rusiya bu prosesdən necə qazanclı çıxacağının hesablarını aparır.
2025-ci ilə qədər Azərbaycan Rusiya sülhməramlılarının ərazidə olmasını qəbullanacaq. Yerdə qalan bu müddətin içərisində Azərbaycan qeyri-qanuni erməni silahlı dəstələrini yox, Rusiya sülhməramlılarına qarşı məcbuetmə əməliyyatı həyata keçirməlidir. Bu ya siyasi yolla olacaq, ya da ərazidə proseslər baş verəcək. Proseslər də, hərbçilərin vasitəsi ilə olur.
Sərt gücün tətbiqi 3 istiqamətdə ola bilər.
Birincisi, lokal anti-terror əməliyyatlarının aparılması. İkincisi nöqtə zərbələri. Üçüncüsü isə Laçın dəhlizinin nəzarətə götürülməsi. Üçüncü mərhələ bir qədər çətindir”.
Səxavət Məmməd