Sülhməramlıların GƏRGİNLİK PLANI: “Qarabağ kimi yerdə hər hansısa əməliyyatların keçirilməsi…” – RƏY

“Gərginlik daha çox artarsa, təxribatların sayı çoxalarsa, Azərbaycan tərəfi adekvat addımlar atacaq”.

Bu sözləri Qarabağda artan gərginlik fonunda ehtimal olunan hərbi əməliyyatlar barədə danışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, hərbi əməliyyatların keçirilməsi az ehtimal edilir:

“Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verərək bildirdi ki, Qarabağ Azərbaycanın daxili işidir. Ancaq buna baxmayaraq, Rusiyanın dedikləri ilə əməlləri üst-üstə düşmür. Sülhməramlılar Qarabağda gərginliyi artırırlar. Öz üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər. Üçtərəfli razılaşmaya əsasən ruslar ərazidə atəşkəsin pozulmasının qarşısını almağa qarantdır. Ancaq görünən odur ki, gərginliyin arxasında ruslar dayanıb.

Azərbaycan tərəfi Laçın dəhlizində yolu bağladı. Dərhal Azərbaycanın tələbi yerinə yetirildi. Azərbaycan nümayəndə heyəti Xankəndində mühüm görüşlər keçirdi. Bundan əlavə, sülhməramlıların müşayiəti ilə gedən kalon ermənilər tərəfindən atəşə tutulub. Bu hallar hamısı gərginliyi artırmağa gətirib çıxarır.

Ola bilər ki, hansısa ərazidə lokal toqquşma olsun. Ancaq bunun müharibəyə çevrilməsi gözlənilən deyil. Genişmiqyaslı əməliyyatlar üçün siyasi zəmin yaradılmalıdır. Bundan əlavə, qış rejiminə keçilib. Bu havalarda Qarabağ kimi yerdə hər hansısa əməliyyatların keçirilməsi çox çətindir. Əgər gərginlik daha çox artarsa, təxribatların sayı çoxalarsa, Azərbaycan tərəfi adekvat addımlar atacaq.

Azərbaycan Qarabağ iqtisadi rayonunda öz yuristiksiyasını təmin etməlidir. O ərazilərdə hakimiyyət qurulmalı və Azərbaycan bayrağı keçmiş Dağlıq Qarabağda dalğalanmalıdır”.

Səxavət Məmməd