“Sülhməramlılar”ın itkin generalı: “Artıq ikinci gündür ki, Volkovdan heç bir soraq yoxdur” – FOTOLAR
“İştirakçılarda da, bizi dəstəkləməyə gələn vətəndaşlarımızda da ruh yüksəkliyi var”.
Bu fikirləri Qarabağda ermənilərin ekoloji cinayətlərinə son qoyulması tələbi ilə Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Xankəndi-Şuşa yolunda dünəndən başladıqları fasiləsiz etiraz aksiyasının iştirakçısı, hüquq üzrə fəlsəfə doktoru Səyyad Məcid Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, qoyulan tələblərimiz yerinə yetirilməyənə qədər iştirakçılardan heç kim ərazini tərk etmək barəsində düşünmür:
“Məlum olduğu kimi, artıq iki gündür, aksiya davam edir. Aksiyanın ilk günündə Rusiya sülhməramlıları iştirakçılara təzyiq göstərməyə çalışsalar da, vətəndaş cəmiyyətinin, o cümlədən ictimaiyyətin nümayəndələri yolu tam bağlayandan və tələblərimizi ortaya qoyduqdan sonra onlar bunun ekologiyanın qorunması, ermənilərin cinayətlərinə qarşı etiraz səsinin ucaldılması məqsədilə təşkil edilən dinc aksiya olduğunu görərək basqıları dayandırdılar.
Bütün gecə boyu Şuşadakı sakinlər aksiya yerinə axışaraq vətəndaş cəmiyyəti nümayəndələrinə dəstək veriblər, tonqal ətrafında səhəri bizimlə birlikdə açaraq iştirakçıları tək buraxmayıblar. Aksiyada davamlı olaraq bizim oraya toplaşmağımızı şərtləndirən məsələlərlə bağlı, xüsusilə ermənilərin ekoloji cinayətlərinə qarşı şüarlar səsləndirilir, həmrəylik ifadə olunur.
Aksiya başlayandan bəri tələblərimizi sülhməramlıların komandanı general Volkova birbaşa çatdırmaq istəsək də, artıq ikinci gündür ki, ondan heç bir səs-soraq yoxdur. Volkov bu aksiyaya, onun iştirakçılarına qarşı yumşaq desək, laqeydlik nümayiş etdirir. Son vəziyyət belədir ki, biz öz tələblərimizi səsləndirməkdə davam edirik. İştirakçılarda da, bizi dəstəkləməyə gələn vətəndaşlarımızda da ruh yüksəkliyi var. Tələblərimiz yerinə yetirilməyənə qədər kimsə ərazini tərk etmək barəsində düşünmür”.
A.Zeynalov