Sülhməramlıların qeyri-qanuni QADAĞALARI: “Bu, ikili standartdır” – ŞƏRH

“Ruslar əraziyə Ermənistan rəsmilərini, İran vətəndaşlarını, Fransada prezidentliyə namizlədləri buraxırlar, ancaq Azərbaycandan kimsə ora getmək istəsə, qadağa edirlər. Bunun adı ikili standartdır”.

Bunu sülməramlıların fəaliyyəti, onların niyyətləri və tətbiq etdikləri qadağalardakı ikili standart barədə danışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, ruslar müvəqqəti nəzarət etdikləri ərazilərə buraxılışda ikili standarta yol verirlər:

“Sülhməramlılar 2020-ci ildən Azərbaycan ərazisinə müvəqqəti yerləşib. Ruslar oradakı və ərazidəki Azərbaycan əhalisinin təhlükəsizliyini qorumaq missiyasını yerinə yetirməlidir. Məsələ ondadır ki, onlar bunu birtərəfli həyata keçirirlər.

Ruslar xidməti elə təşkil etməlidir ki, hər iki tərəfin təhlükəsizliyini qoruya bilsinlər. Gördüyümüz kimi, ruslar fərqli davranır. Əraziyə Ermənistan rəsmilərini, İran vətəndaşlarını, Fransada prezidentliyə namizlədləri buraxırlar, ancaq Azərbaycandan kimsə ora getmək istəsə, qadağa edirlər. Azərbaycan jurnalistləri əgər ora getmək istəsə, ruslar onları əraziyə buraxmalı, təhlükəsizliklərini təmin etmələri üçün də müşayiət etməlidirlər. Ruslar terrorçuları əraziyə buraxırlar, silahsız jurnalistləri əraziyə buraxmırlar. Bu, düzgün mövqe deyil.

Sülhməramlılar nə erməniləri, nə də Azərbaycanı düşünür, onlar birbaşa Rusiyanın maraqlarına uyğun gələn hərəkətlər edirlər. Rusların davranışları qeyri-qanunidir. Deyə bilərlər ki, təhlükəsizlikləri üçün bu addımı atırlar. Əgər sırf problem budursa, həmin şəxslər müşayiət olunmalıdır.

Bir müddət əvvəl bir erməni Azərbaycan ordusunun Şuşa yolundakı postuna qumbara atdı. Onu ruslar Azərbaycana təhvil vermək yerinə, ermənilərə verdilər, onlar da həmin terrorçuya qarşı ciddi tədbir görmədi. Beynəlxalq hüquqda belə məkan anlayışı var. O ərazi Azərbaycan ərazisi olduğu üçün və hadisə Azərbaycan ərazisində baş verdiyi üçün həmin terrorçu Azərbaycan qanunları ilə mühakimə olunmalı idi. Qanunları, qaydaları pozanlar ilk növbədə sülhməramlıların özləridir”.

Səxavət Məmməd