Sülhməramlıların yeni komandanının İRƏVAN SƏFƏRİ: “Türkiyə və Azərbaycan ordularının birgə təlimləri…” – HƏRBİ EKSPERT

“Qarabağdakı Rusiya sülhməramlıları da, Ermənistan Respublikasındakı 102-ci Rusiya hərbi bazası da Ermənistanın və Rusiyanın maraqlarının müdafiəçisi kimi çıxış edir”.

Bu fikirləri Ermənistanın Müdafiə naziri Arşak Karapetyanın Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandiri general-mayor Mixail Kosobokovu və Ermənistan Respublikasındakı 102-ci Rusiya hərbi bazasının təzə komandiri polkovnik Dmitri Ovçarovu qəbul etməsinə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, bu addım Rusiyanın Azərbaycana və münaqişəyə yanaşma tərzinin göstəricisidir:

“Rusiya erməniləri müdafiə edir. Son dövrlərdə Azərbaycan tərəfinin müstəqil hərəkət etməsi, müstəqil addım atması, istər Pakistan, istər Türkiyə ilə hərb sahəsində müəyyən layihələrin həyata keçirilməsi, həmçinin Türkiyə və Azərbaycan ordularının keçirilən birgə təlimlərinə Rusiyanın cavabıdır. Bunun heç bir xeyri yoxdur. 102-ci hərbi baza komandirinin Ermənistan müdafiə naziri ilə görüşməsi başa düşüləndir, çünki həmin baza məhz Ermənistan əraisində fəaliyyət göstərir. Rusiya sülhməramlılarının yeni təyin edilmiş komandanının öncə Ermənistan müdafiə naziri ilə görüşməsi isə doğru yanaşma deyil. Çünki Rusiya sülhməramlıları, hər şeydən öncə, Rusiya dövlətinin də tanıdığı Azərbaycan torpaqlarında fəaliyyət göstərir”.

Səxavət Məmməd