Sumqayıtda reyd: 78 sürücü barəsində protokol tərtib edildi

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində şəhər ərazisində maarifləndirici-profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, tədbir zamanı atmosferi normadan artıq çirkləndirən, yəni ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilib.

“Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 78 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Bundan başqa digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində müvafiq qaydada tədbir görülüb.

Qeyd edək ki, “Təmiz hava” aylığı çərçivəsində yol polisləri tərəfindən profilaktik tədbirlər paytaxt Bakı ilə yanaşı, Respublikanın hər bir bölgəsində keçirilir.