“Vaqif Cavadov müasir futbolu öyrənmək istəyən, öz üzərində çalışan mütəxəssisdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Samir Abbasovun “Sumqayıt”dan getməsi və komandaya Vaqif Cavadov təyinatı barədə danışan idman jurnalisti Emin Abbasov deyib.
Onun sözlərinə görə, Vaqif Cavadovun “Sumqayıt”a təyin olunması müvəqqəti xarakter daşıyır.
“Ən azı qış fasiləsinə qədər komandanı matçlara Vaqif Cavadov çıxaracaq. Deməzdim ki, Samir Abbasovun “Neftçi”yə gedişindən sonra komanda başsız qalıb. Futbolda belə hallar çox baş verir. Ümumiyyətlə, belə bir məlumat var ki, Samir Abbasov qarşılıqlı razılıq əsasında “Neftçi”yə gedib. Çünki artıq “Sumqayıt”da son günlər klub rəhbərliyi ilə baş məşqçi arasında münasibətlər qaydasında deyildi”, – deyə o qeyd edib.
E.Abbasov vurğulayıb ki, Vaqif Cavadov müasir futbolu öyrənmək istəyən, öz üzərində çalışan mütəxəssisdir.
“O, artıq uzun müddətdir ki, “Sumqayıt” U-19 komandasının baş məşqçisi olub, əvəzedici komanda da çalışırdı və artıq əsas komandaya keçib. Düşünürəm ki, ona şans vermək lazımdır. Komandadakı vəziyyətin daha sonralar klub prezidentinin, rəhbərliyinin qərarımdan asılı olacaq, amma bunu Vaqif Cavadov üçün bir şans görürəm və düşünürəm ki, onda bu potensial var. O, öz üzərində çox işləyir. Belə öz üzərində çalışan kadrlar da nəticə verə bilirlər”.
İsmayıl Bakuvi