“Biznesin əsas məqsədi və marağı mənfəət qazanmaq və xərcləri azaltmaq olduğuna görə, texnologiyalar da süni intellekt nəticəsində avtomatlaşma prosesi baş verməsinə imkan verir və nəticə etibarı ilə işsizlər ordusunun yaranmasına səbəb olacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında süni intellektin gələcəkdə yaradacağı mənfi hallar haqda danışan İKT üzrə mütəxəssis Fərhad Mirəliyev deyib.
Onun sözlərinə görə, süni intellektlə bağlı artıq dünyada elmi araşdırmalar aparılır.
“Süni intellektin artıq iqtisadiyyata aktiv şəkildə daxil olması müşahidə olunur. Onun mənfi nəticələri iqtisadi bərabərsizliyin artmasına gətirib çıxaracaq. Çünki əmək bazarında süni intellektin mənfi nəticələri sosial iğtişaşların çoxalması riski ilə müşahidə olunur. Bu, müəyyən bərabərsizlik paradiqması yaradacaq. Bütün bunların fonunda biznes sahələrində süni intellektin daxil olmasını qabarıq şəkildə görə biləcəyik. Qeyd etdiyim kimi dünyanın müxtəlif düşərgələrində, elm ocaqlarında bu istiqamətdə araşdırmalar aparılır. Nəticədə belə izah olunur ki, 2030-cu ilə qədər insanların çalışdığı 800 milyona qədər iş yeri avtomaşdırılacaq və süni intellekt həmin sahələrə daxil olacaq”, – o deyə bildirib.
O əlavə edib ki, bu da qlobal işçi qüvvəsinin 50 faizini təşkil edir.
“Bunun nəticəsində yüksək ixtisaslı iş yerləri də süni intellektin təsirinə məruz qalacaq. Bununla da dünya üzrə işsizlik problemi aşkar görünəcək. Araşdırmalara görə, süni intellektin avtomatlaşma həlləri ilə asan əvəz oluna bilən iş yerləri sırasına ən çox biznes sahələrində rutin işləri görən və qərar qəbuletmə ilə əlaqəli olmayan, eyni zamanda yaradıcılıq tələb etməyən işlər olacaq. Bu qeyd olunanlardan başqa digər işlər daha asan, süni intellektlə əvəz oluna bilən işlərdir”, – deyə o qeyd edib.
Mütəxəssis bildirib ki, süni intellektin meydana çıxması ilə yaranacaq yeni iş yerləri ilə bərabər işsizlik yaratması da 10-un 1-ə nisbətidir.
“Yəni bir iş yeri yaranırsa 10 yerdə işsizlik yaradır. Bütün bu araşdırmalar ona görə aparılır ki, gələcəkdə süni intellektin daha geniş vüsət alması ilə əlaqədar olaraq, insanların sosial rifah səviyyəsi və işsizlik idarə olunan və böhran vəziyyətində olmayan bir səviyyədə qala bilsin və dövlətlər öz ölkələrində olan işsizliyi idarə edə bilsinlər”, – deyə o vurğulayıb.
F.Mirəliyev qeyd edib ki, süni intellekt iqtisadiyyata, biznesə çox aktiv şəkildə inteqrasiya olmağa başlayıb və artıq demək olar ki, bütüm iqtisadiyyatlar süni intellektin təsirinə məruz qalacaq:
“Biznesin də əsas məqsədi və marağı mənfəət qazanmaq və xərcləri azaltmaq olduğuna görə, texnologiyalar da süni intellekt nəticəsində avtomatlaşma prosesi baş verməsinə imkan verir və nəticə etibarı ilə işsizlər ordusunun yaranmasına səbəb olacaq. Süni intellektin özü ilə gətirdiyi az sayda iş yerinin olmasına, bu sahədə yüksək kadrlı mütəxəssislərin yetişməsinə, təhsil, kənd təsərrüfatı və digər sahələrdə geniş istifadə olunmasına baxmayaraq, qlobal iqtisadiyyatda 2030-cu ilə qədərki gəlirlər böyük rəqəm kimi görsənsə də işsizlik və yoxsulluğun artması səbəbindən o qədər də nəzərə çarpan olmayaqcaq. Dövlətlər özləri iqtisadiyyatlarını daha da inkişaf etmiş dövlətlərin iqtisadiyyatı modelinə uyğun qurmalı, onun daha yüksək inkişaf mərhələsində olmasınına çalışmalıdırlar ki, sünu intellektlə inteqrasiya zamanı yaşanan problemlər fonunda bu böhrana gedən anı idarə etmək mümkün olsun”.
Mütəxəssis əlavə edib ki, Azərbaycan da dünyanın bir parçası bu proseslərdən kənarda qala bilməyəcək:
“ABŞ və Avropa dövlətləri kimi ölkələrlə müqayisədə ölkəmizdə bu proses ləng gedir. Lakin bizə bunun təsiri olmayacağını deyə bilmərik. Bir çox dövlət qurumları və özəl şirkətlərlər və bizneslər artıq süni intellekt əsaslı həllərə keçib. Texniki dəstək xidətində çat yazışmalarda canlı əməkdaşlar çalışırdı. Artıq bu süni intellekt əsaslı botlar vasitəsilə bu proseslər idarə olunur. Bu inkişaf etdikcə bu proseslər geniş vüsət alacaq. Konkret nümünələr göstərsək, DİM-in süni intellekt əsasında suallara cavab verən bir robot operator üzərində işlədiyi və bunu tətbiq etməyə hazırlaşdığı, test mərhələsində olduğu məsələləri xəbərləri var. O cümlədən, ASAN xidmət bu məsələ ilə bağlı ciddi məşğul olan qurumlardan biridir. 108 çağrı mərkəzində süni intellektlə bağlı həllərin tətbiqinə start verildiyi ilə bağlı məlumatlar var. Burada artıq robot operator ASAN bot yaradılmasından söhbət gedir. Digər bəzi dövlət və özəl qurumlarda da bu proseslərlə bağlı həllər var. Bu proses də süni intellektlə əvəz olunduqda, həmin sahələrə də süni intellekt gəldikdə, rəqabətin yaranmasına, daha yüksək ixtisaslı kadrlara ehtiyac yaranacaq”.
İsmayıl Bakuvi