Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında süni qiymət artımı ilə bağlı çox sərt tapşırıqlar verib.
Ölkə başçısı bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istədiklərinə görə, istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev ölkə başçısığının çıxışına münasibət bildirib.
AzVision.az-a açıqlama verən nazirlik rəsmisi qeyd edib ki, hazırda süni qiymət artıranlara qarşı sərt cəza tədbirləri görülür və bu proses davamlı olacaq.
“Ölkə başçısının tapşırıqlarına uyğun olaraq istehlak bazarına nəzarət daha da gücləndirilib. Süni qiymət artımına və manatın kursunun dəyişməsi ilə bağlı yaranmış vəziyyətdən sui-istifadə edənlərə qarşı ciddi tədbirlər görüləcək. Hazırda bazara nəzarət daha da gücləndirilib”.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə AzVision.az-a açıqlamasında bildirib ki, ölkə başçısının tapşırığının nəticəsini müəyyən vaxt keçdikdən sonra görmək olacaq.
İqtisadçının sözlərinə görə, bazar iqtisadiyyatı olduğundan qiymətlərin dövlət tərəfindən təzminlənməsi mümkün deyil: “30-a yaxın xidmət sahəsi var ki, orada qiymətləri dövlət tənzimləyir. Məsələn, kommunal xidmət, gediş haqqları və s. Sadəcə gözləmək lazımdır ki, hansı işlər görüləcək”-deyə O.Haqverdiyev bildirib.